Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Avqustun 26-sı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür

26 avqust 2026 | 08:55

Əliyeva Mehriban Arif qızı 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.

1981-ci ildə Bakı şəhərindəki 23 nömrəli orta məktəbi qızıl medalla bitirib və N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.

1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

1988–1990-cı illərdə həmin ali məktəbdə göz xəstəlikləri ixtisası üzrə klinik ordinatura keçib, 1990–1995-ci illərdə isə Moskvada akademik Krasnovun rəhbərlik etdiyi Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda çalışıb.

Mehriban Əliyevanın çoxşaxəli ictimai fəaliyyətində Azərbaycan mədəniyyətinin qorunması, milli-mənəvi dəyərlərin yaşadılması və ölkəmizin zəngin mədəni irsinin beynəlxalq miqyasda təbliği xüsusi yer tutur. 1995-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Mədəniyyət Fondu təsis edilib. 1996-cı ildə isə Azərbaycan mədəniyyətinin geniş təbliği məqsədilə Azərbaycan, ingilis və rus dillərində nəşr olunan “Azərbaycan – İrs” jurnalını təsis edib.

Onun UNESCO ilə əməkdaşlığı çərçivəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələrinin beynəlxalq səviyyədə təbliği və qorunmasına dair mühüm təşəbbüslər həyata keçirilib. 2004-cü ildə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülən Mehriban Əliyeva 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri seçilib.

2002-ci ilin oktyabrında Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. Onun rəhbərliyi dövründə ölkəmizdə gimnastikanın inkişafı yeni mərhələyə qədəm qoyub, Azərbaycanda beynəlxalq səviyyəli gimnastika yarışlarının keçirilməsi üçün mühüm işlər görülüb. Sonrakı illərdə Bakı dünya və Avropa miqyaslı mötəbər gimnastika yarışlarının keçirildiyi şəhərlərdən birinə çevrilib.

2004-cü ildən Heydər Əliyev Fonduna rəhbərlik edən Mehriban xanım Əliyevanın fəaliyyəti təhsil, səhiyyə, mədəniyyət, idman, sosial və humanitar sahələri əhatə edən çoxsaylı layihələrlə müşayiət olunur. Fondun həyata keçirdiyi təşəbbüslər milli-mənəvi dəyərlərin qorunmasına, mədəni irsin bərpasına, təhsil və səhiyyə imkanlarının genişləndirilməsinə, uşaqlara və müxtəlif sosial qruplara dəstəyin gücləndirilməsinə töhfələr verir. Fondun fəaliyyəti Azərbaycanın humanitar siyasətinin və xeyriyyəçilik ənənələrinin beynəlxalq miqyasda tanıdılmasına da xidmət edir.

2013-cü ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının yüksək səviyyədə təşkili məqsədilə yaradılmış Təşkilat Komitəsinə Mehriban xanım Əliyeva sədr təyin edilib. 2015-ci ildə keçirilən ilk Avropa Oyunlarının uğurlu təşkilindəki xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 iyun 2015-ci il tarixli sərəncamı ilə “Heydər Əliyev” ordeni ilə təltif olunub.

2005, 2010 və 2015-ci illərdə Milli Məclisin deputatı seçilib.

 2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyəti dövlət idarəçiliyinin müxtəlif sahələrini əhatə edir. O, ölkənin ictimai-siyasi və sosial həyatında fəal iştirak edir, Azərbaycan dövlətinin inkişafına, sosial rifahın yüksəldilməsinə, mədəni irsin qorunmasına və humanitar siyasətin həyata keçirilməsinə yönəlmiş təşəbbüslərin reallaşdırılmasında mühüm rol oynayır.

2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyası Sədrinin Sərəncamı ilə partiya sədrinin birinci müavini təyin edilib.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi layihələr də xüsusi əhəmiyyət daşıyır. İşğaldan azad edilmiş ərazilərimizdə tarixi, dini və mədəni abidələrin bərpası, qorunması və gələcək nəsillərə çatdırılması xalqımızın zəngin irsinə göstərilən yüksək ehtiramın ifadəsi, Böyük Qayıdış strategiyasının tərkib hissələrindən biridir.

Mehriban xanım Əliyevanın Azərbaycan və dünya miqyasında həyata keçirdiyi çoxşaxəli ictimai, humanitar və mədəni fəaliyyətlər yüksək qiymətləndirilib. O, “Heydər Əliyev” ordeni ilə yanaşı, UNESCO-nun Qızıl Motsart medalı, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalı, Pakistanın “Hilal-e-Pakistan” ordeni, Serbiyanın “Sreten” ordeni, Rusiya Pravoslav Kilsəsinin Müqəddəs Mələksima Knyaginya Olqa ordeni və digər nüfuzlu dövlət və beynəlxalq təltiflərə layiq görülüb. Həmçinin “Heydər Əliyev” Mükafatı və Ümumdünya Səhiyyə Təşkilatının İcraiyyə Şurasının mükafatı ilə təltif olunub.

Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktorudur.

Mehriban xanım Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub.  İki qızı, bir oğlu və doqquz nəvəsi var.

Mehriban xanım Əliyevanın fəaliyyətini səciyyələndirən əsas məqamlardan biri dövlətçilik məsuliyyəti ilə humanizm prinsiplərinin vəhdət təşkil etməsidir. Onun təşəbbüsləri və rəhbərliyi ilə həyata keçirilən layihələrdə insan amili, milli dəyərlərə bağlılıq, tarixə və mədəni irsə ehtiram, gələcək nəsillərə sağlam və firavan cəmiyyətin ötürülməsi kimi ali məqsədlər xüsusi yer tutur. Bu fəaliyyət Azərbaycan qadınının dövlət və cəmiyyət həyatında fəal rolunun ən parlaq nümunələrindəndir.

 Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə Daşkəsən rayon ictimaiyyəti adından  səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və ali dövlətçilik fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

Keçidlər