Aşağı Daşkəsən kəndində əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə yeni bulaq kompleksi istifadəyə verilib
İyulun 23-də Daşkəsən rayonunun Aşağı Daşkəsən kəndində sakinlərin içməli su təminatının yaxşılaşdırılması məqsədilə inşa edilmiş 15 kubmetrlik su çəni və bir ədəd bulaq kompleksinin açılış mərasimi olub. Tədbir Daşkəsən Rayon İcra Hakimiyyətinin və "Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə baş tutub.
Mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Namiq Süleymanov, "Regional Su Meliorasiya Xidməti" PHŞ-nin İdarə Heyəti sədrinin müşaviri Ramin Sadiqov, aidiyyəti qurumlar, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, istifadəyə verilən yeni obyektlər Aşağı Daşkəsən kənd sakinlərinin keyfiyyətli və fasiləsiz içməli su ilə təminatına əlavə töhfə verəcək.
Sakinlər müraciətləri əsasında layihənin reallaşdırılmasına görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə edərək deyiblər ki, uzun illər onları narahat edən içməli su problemi artıq öz həllini tapır. Kənd sakinləri yeni yaradılmış su infrastrukturunun onların gündəlik həyatını əhəmiyyətli dərəcədə asanlaşdıracağını vurğulayıblar.
Tədbirin sonunda istifadəyə verilən su çəni və bulaq kompleksinə baxış keçirilib.






