9 May – Faşizm üzərində Qələbə Günüdür
Alman faşizmi üzərində qələbədən 80 il ötür. Faşizm üzərində qələbə 20 milyon insanın qanı bahasına qazanılmışdır. İkinci Dünya müharibəsində əldə edilmiş qələbədə Azərbaycan xalqının və Bakı neftçilərinin çox böyük tarixi rolu olmuşdur.
Bekə ki, Böyük Vətən müharibəsi illərində (1941–1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Dünya hərb tarixinə ən dağıdıcı və dəhşətli müharibə kimi daxil olan 1941-1945-ci illər müharibəsinin başlandığı ilk gündən on minlərlə azərbaycanlı könüllü olaraq savaşa atılmışdır. Azərbaycan xalqı cəbhəyə ümumilikdə 640 mindən çox oğul və qızını yola salmışdır. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmamışdır.
Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmişdir. Azərbaycandan olan döyüşçülər bir sıra Avropa ölkələrinin azad olunmasında yaxından iştirak etmişdir. 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif edilmişdir. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni qəhərəmanlıq səhifələri yazmışlar. Partizan hərəkatında iştirak edən soydaşlarımızın qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsillər üçün hər zaman əsl vətənpərvərlik nümunəsidir.
Böyük Qələbəyə xüsusən Bakı neftinin töhfəsi əvəzsizdir. Müharibənin ilk günündən Azərbaycan neftçiləri gecə-gündüz çalışaraq, cəbhənin və iqtisadiyyatın bütün sahələrini yanacaqla təmin etmişlər. Sovet İttifaqı marşalı Georgi Jukov: “Bakı neftçiləri Vətənimizin müdafiəsinə, onun düşmən üzərində qələbəsinə nə qədər lazımdırsa, o qədər də yanacaq verirdi”, – sözləri ilə Azərbaycan neftçilərinin əməyinə yüksək qiymət verilmişdir.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1995-ci ildə Qələbənin 50 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə demişdir: “Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi..."
Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzininin və yüksək keyfiyyətli sürtkü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilmiş, 1941-ci ildə 23,5 milyon ton "qara qızıl" çıxarılmışdı. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları vermişdilər. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyirdi. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında yüksək oktanlı aviasiya benzinin alınmasının yeni texnologiyası ixtira olunduqdan sonra sovet aviasiyası cəbhədə düşmənə ağır zərbələr endirməyə nail olmuşdur.
Müharibə illərində həmçinin Azərbaycandan cəbhəyə yeddi tondan çox donor qanı göndərilmiş, azərbaycanlılar döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəallığı ilə seçilmişdir.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərmişdir. Ulu Öndərin 1993-cü ildə respublikamıza rəhbərliyə qayıdışı ərəfəsində az qala unudulmaqda olan 9 May – Faşizm üzərində Qələbə Gününün yenidən dövlət bayramları sırasına daxil edilməsi, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlərin görülməsi, o cümlədən onlara dövlət hesabına mənzil və xüsusi nəqliyyat vasitəsinin verilməsi təmin edilmişdir. Müdrik dövlət xadimi Heydər Əliyevin 1994-cü il iyunun 28-də imzaladığı “Veteranlar haqqında” Qanunda bu qayğı öz hüquqi əsasını tapmışdır. Vətən yolunda xidməti olan insanlardan heç vaxt qayğısını əsirgəməyən Ümummilli Lider Heydər Əliyev demişdir: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur”.
Ulu Öndərimizin bu siyasəti Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilir. Prezident cənab İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həllini daim diqqət mərkəzində saxlayır. 9 May – Faşizm üzərində Qələbə Günü ərəfəsində Prezident cənab İlham Əliyevin müharibə veteranlarının sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması ənənə halı almışdır. Azərbaycan Prezidentinin 2025-ci il 21 aprel tarixli Sərəncamı ilə 1941–1945-ci illər müharibəsində iştirak etmiş şəxslərə 2500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1250 manat məbləğində birdəfəlik maddi yardım verilmişdir.
Zaman keçir, illər ötdükcə bu qələbənin mahiyyəti və tarixi əhəmiyyəti bütün dünya üçün böyük məna kəsb edir. Azərbaycanda elə ailə, elə ev tapmaq olmaz ki, İkinci Dünya müharibəsinin itki, ağrı və məhrumiyyətləri ondan yan keçmiş olsun. Ona görə də, alman faşizminin qarşısını almaq üçün həyatlarını qurban vermiş Azərbaycan vətəndaşları bu gün də böyük minnətdarlıq hissi ilə yad edilir.
Azərbaycan xalqı artıq beşinci ildir ki, 1941-1945-ci illər müharibəsində faşizm üzərində Qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş böyük Zəfərin doğurduğu sevinc hissi ilə birgə ikiqat qürurla qeyd edir. Xalqımızın 30 il uğrunda mübarizə apardığı ədalət, nəhayət Zəfər çaldı, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdi.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə və 1941-1945-ci illər müharibəsində canlarından keçmiş bütün oğul və qızlarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.