9 İyul – Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür
Bu gün Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasından 107 il ötür. Müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq 2007-ci il avqustun 24-də Prezident cənab İlham Əliyev hər il iyulun 9-nun Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Diplomatiya gününün müəyyən olunması ilə bağlı bir neçə təklif nəzərdən keçirilib. Lakin nəticədə qərara alınıb ki, arxivlərdən Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinə aid tapılmış ilk rəsmi sənəd 1919-cu il 9 iyul tarixli Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat olduğundan məhz bu tarix Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi müəyyən edilsin.
Azərbaycan diplomatiyası ilk addımlarını atdığı dövrdə – 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərib.
1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi de-fakto tanınandan sonra Azərbaycan hökuməti tərəfindən Qərbi Avropa və Amerikada ölkənin diplomatik nümayəndəliklərinin təsis edilməsinə dair qanun layihəsi hazırlanıb.
1922-ci il dekabrın 30-da Moskvada Birinci Ümumittifaq Sovetlər qurultayında SSRİ-nin yaradılması haqqında müqavilə imzalandı. Bununla da Azərbaycanın müstəqil xarici siyasət fəaliyyəti tamamilə dayandırıldı. 1923-cü il oktyabrın 8-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin 529 saylı əmrinin birinci paraqrafı ilə Türkiyə və İran istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklər ləğv edildi.
Yalnız İkinci Dünya müharibəsinin sonlarına yaxın – 1944-cü ildə sovet hakimiyyəti özünün geniş strateji maraqlarını əsas götürərək digər respublikalarla yanaşı, Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığını da yaratdı. Lakin bu orqan uzun illər boyu yalnız formal mövcud oldu.
1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan bir-birinin ardınca dünya dövlətləri və BMT tərəfindən tanındı.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra milli dövlətçiliyin qurulması prosesi Xarici İşlər Nazirliyi sistemini də əhatə etmişdir. Ulu Öndər Azərbaycanın xarici siyasətinin strateji ana xəttinin konturlarını müəyyənləşdirmişdir.
Azərbaycanın müstəqilliyinin qorunmasının mühüm əhəmiyyət kəsb etdiyi bir dövrdə Ulu Öndər Heydər Əliyev ölkəmizin tarixi təcrübəsini və geosiyasi reallıqlarını nəzərə alaraq milli maraqlara əsaslanan xarici siyasət strategiyasını formalaşdırdı. Bu strategiyanın əsas istiqamətləri Azərbaycanın milli maraqlarının təmin edilməsi, qonşu dövlətlər və beynəlxalq birliklə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması, Ermənistanın Azərbaycana qarşı təcavüzünün beynəlxalq müstəviyə çıxarılması, işğala son qoyulması üçün beynəlxalq siyasi dəstəyin gücləndirilməsi, eləcə də ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının təmin olunmasından ibarət idi.
Ulu Öndərin xarici siyasət xətti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmiz Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara və mövqelərimizin dünya səviyyəsində müdafiə edilməsinə əsaslanan müstəqil, çoxşaxəli, balanslı və fəal xarici siyasət yürüdür. Azərbaycan böyük layihələrin təşəbbüskarı və iştirakçısı qismində regional əməkdaşlığı inkişaf etdirən və beynəlxalq nüfuza malik olan bir dövlətdir. Hazırda etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanın xarici siyasət uğurları qonşu ölkələrlə və dünyanın digər dövlətləri ilə balanslaşdırılmış münasibətlərin qurulması, qarşılıqlı maraqlardan irəli gələn bərabər dialoq və əməkdaşlığın həyata keçirilməsinə əsaslanır.
Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlar 2020-ci ildə Vətən müharibəsi zamanı özünü parlaqlığı ilə göstərdi. Belə ki, məhz yürüdülən uğurlu və məqsədyönlü xarici siyasətin nəticəsi idi ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın haqlı mübarizəsi bütün dünyada dəstəkləndi.
Ölkəmizin beynəlxalq və regional miqyasda rolu və nüfuzu durmadan artır. 2012–2013-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünün ardınca 2017–2019-cu illər üçün 176 ölkənin dəstəyi ilə BMT-nin İqtisadi və Sosial Şurasına üzv olması xarici siyasət sahəsində mühüm nailiyyətlərdir. Eyni zamanda, 2019-2023-cü illərdə Azərbaycanın dünyanın 120-dən artıq ölkəsini birləşdirən Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin qlobal diplomatik platformalarda nüfuzunu daha da artırıb. Bu uğurların davamı olaraq, 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq etimad qazandığının və nüfuzunun bariz nümunəsidir. Regionun lider dövləti kimi tanınan Azərbaycan bu gün qlobal miqyasda da fəal və prinsipial mövqe sərgiləyən ölkələrdən biridir.
Bundan əlavə, Azərbaycan Türk Dövlətləri Təşkilatı, MDB, Avropa İttifaqı, NATO, Şanxay Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası, Afrika İttifaqı və digər beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir və bu təşkilatların işində mühüm rol oynayır.
Əldə edilən uğurlar qarşıya yeni vəzifələr qoyur. Bu da öz növbəsində, Azərbaycanın uzunmüddətli milli maraqlarının təmin olunması baxımından geniş imkanlar yaradır. Xarici siyasətimizin əsas prioritetləri sırasına ölkəmizin suverenliyinin və müstəqilliyinin daha da möhkəmləndirilməsi, bütün beynəlxalq aktorlarla qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, regional və qlobal təhlükəsizliyin təmin olunmasına töhfə verilməsi kimi məsələlər daxildir.
Son illərdə regionda baş verən hadisələr bir daha göstərir ki, güclü və özünəinamlı Azərbaycan qarşıya qoyduğu məqsədlərə ardıcıl şəkildə nail olur və bu tendensiya gələcəkdə də uğurla davam etdiriləcək.
9 İyul – Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə diplomatik xidmət orqanlarının əməkdaşlarını ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə səadəti və Vətənimizin milli maraqlarının müdafiəsi naminə fəaliyyətlərində davamlı nailiyyətlər arzulayırıq!






