Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

6 dekabr – Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günüdür

06 dekabr 2024 | 09:33

Bu gün Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır. Peşə bayramının hər il 6 dekabr tarixində keçirilməsi 1881-ci il dekabrın 6-da Bakıda "Nobel qardaşları" cəmiyyəti tərəfindən ilk telefon xəttinin çəkilməsi ilə bağlıdır. Rabitə və informasiya texnologiyaları sahəsinin işçiləri üçün böyük önəm kəsb edən bu peşə bayramı Prezident cənab İlham Əliyevin imzaladığı 2 dekbar 2006-cı il tarixli 1804 nömrəli Sərəncama əsasən təsis edilmişdir.

Ölkəmizdə rabitənin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər bu sahəyə xüsusi diqqət və qayğı göstərirdi, rabitə və informasiya-kommunikasiya texnologiyaları kompleksinin müasir tələblər səviyyəsinə çatdırılması üçün genişmiqyaslı islahatlar həyata keçirirdi. Ölkə iqtisadiyyatında ilk xarici investisiyaların məhz telekommunikasiya sahəsinə qoyulması Heydər Əliyevin uğurlu strategiyasının nəticəsi idi.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəqəmsal iqtisadiyyatın qurulmasına yönələn siyasəti Azərbaycanı bu sahədə rolunun genişləndiyi, modern telekommunikasiya infrastrukturunun qurulduğu bir ölkəyə çevirib. Bunun nəticəsidir ki, Azərbaycanda İnformasiya və rabitə sektorunda çalışan işçilərin sayı 32 min nəfəri ötüb.

2013-cü il Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilib.

Azərbaycan Prezidenti İKT sektorunun, elektron hökumət və rəqəmsal iqtisadiyyatın inkişafını ölkəmizdə prioritet sahə elan edib. Azərbaycanda bu sahənin inkişafı ilə bağlı milli strategiyalar, strateji yol xəritələri, dövlət proqramları, qanunvericilik aktları qəbul olunub. Ölkəmizdə vətəndaşlar İKT vasitələri ilə, eləcə də yüksəksürətli internet, kompüter, mobil telefonlar və digər rabitə avadanlıqları ilə təmin edilir.

Son 20 ildə informasiya və rabitə sahəsində 10 dəfədən çox artıma nail olunub, bütün sahələrdə müasir texnologiyaların tətbiqi sürətləndirilib. Əhalinin elektron dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsi istiqamətində əhəmiyyətli işlər görülüb.

Belə ki, 27 iyul 2023-cü ildə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) yeni elektron hökumət “Super Portal”ının konsepsiyasını təqdim edib. Agentlik “e-Gov”, “MyGov” və “rih.gov.az” əsasında yeni, vahid bir elektron hökumət portal - “Super Portal” və mobil versiyası (Rəqəmsal cüzdan) təklif edir.

Ölkəmizdə aparılan islahatlar nəticəsində əhalinin rəqəmsal bacarıqları da artırılıb. Bu istiqamətdə ölkənin bütün regionlarında təlimlər, təqaüd proqramları təşkil edilib.

Həmçinin Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsi üçün elektron hökumət ödəniş sistemi - “E-gov Pay” yaradılıb və istifadəyə verilib.

Artıq 40-dan çox dövlət qurumunun 350-dən artıq xidməti “Elektron hökumət” portalında vətəndaşlara təqdim olunub. Elektron xidmətlərə artan tələbat fonunda e-imzanın istifadəsi təkmilləşdirilərək “elektron imza” tokenləri yaradılıb.

Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirmək və onlayn xidmətlərdən istifadəni təşviq etmək məqsədilə SİMA adı altında bulud əsaslı yeni nəsil rəqəmsal imza istifadəyə verilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin hazırladığı “SİMA İmza” mobil tətbiqinin istifadəçi sayı 500 mini ötüb. Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirən “SİMA İmza” artıq ekosistemdə həm istifadəçilər, həm də xidmət təqdim edənlər üçün yeni qaydalar, yeni tələblər formalaşdırır. Biometrik həllərə, bulud texnologiyasına və süni intellektə əsaslanan, hüquqi olaraq əl imzasına bərabər olan “SİMA İmza” ilə hazırda 30-dək qurum öz xidmətlərini rəqəmsallaşdırıb. SİMA rəqəmsal imza ilə 80-dən çox dövlət elektron portalına giriş təmin edilib. Müxtəlif sahələr üzrə fəaliyyət göstərən 100-dən çox qurumla SİMA yeni nəsil rəqəmsal imzanın inteqrasiyası davam etdirilir.

Həmçinin Mərkəzləşdirilmiş İT resurs funksiyasını yerinə yetirən Regional Data Mərkəzi istifadəyə verilib. “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buluduna Keçid Planı”nın icrası üzrə 100 dövlət qurumu Cənubi Qafqaz regionunda ilk TIER III səviyyəli mövcud Data Mərkəzindən istifadə edir.

Bütün infrastrukturu ilə “elektron hökumət” sistemləri 2018-ci ildən etibarən Data Mərkəzinə köçürülür, dövlət əhəmiyyətli sistemlər kiberməkanda mühafizə olunur və xidmətlər rəqəmsallaşdırılır. 2018-ci ildən etibarən Azərbaycan Respublikası vətəndaşlarına verilməsinə başlanılıb, yeni nəsil şəxsiyyət vəsiqələrində e-ID tətbiq edilib.

İşğaldan azad edilmiş ərazilərə “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyaları nəzərə alınmaqla əhalinin dayanıqlı məskunlaşması təmin olunur. Bu layihələrin uğurla reallaşdırılması üçün 2021-ci ildə dövlət başçısı “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb və ölkəmizdə həmin texnologiyaların tətbiqi üçün hüquqi zəmin yaradılıb.

19 aprel 2021-ci ildə Azərbaycan Prezidenti “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında” Sərəncam imzalayıb. Burada əsas məqsəd ucqar ərazilərində davamlı inkişafın təmin edilməsidir.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bu gün planlı şəkildə, “yaşıl enerji”, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulur. Dövlət artıq bu istiqamətdə konkret addımlar atır, nəhəng quruculuq və yenidənqurma işləri həyata keçirilir. 27 may 2022-ci ildə Prezident cənab İlham Əliyevin və birinci xanım hörmətli Mehriban Əliyevanın iştirakı ilə Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılışı keçirilib. Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub, “ağıllı kənd” konsepsiyasının hər üç komponenti – ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda, ağıllı təsərrüfat və biznes mühiti yaradılıb.

Ölkə ərazisində fəaliyyət göstərən internet provayderlərinin sayı 150-ni ötüb. Əhalinin 88 faizi internet, eyni zamanda, genişzolaqlı internet istifadəçisidir. Ölkə əhalisinin mobil şəbəkə ilə əhatə faizi 100 faiz, 3G şəbəkəsi üzrə əhatə 99.8 faiz, 4G şəbəkəsi üzrə əhatə 94 faiz təşkil edir.

Hər 100 nəfərə düşən aktiv mobil genişzolaqlı internet abunəçilərinin sayı 80 faizdən çoxdur. Yüksəksürətli internet şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə “Onlayn Azərbaycan” layihəsinə başlanılıb. Artıq ev təsərrüfatlarının 50 faizdən çoxunun yüksəksürətli internet xidmətlərinə çıxışı təmin edilib.

İşğaldan azad olunmuş ərazilərdə mobil infrastruktur, fiber-optik kabel şəbəkəsi, müasir standartlara cavab verən telekommunikasiya qovşaqları yaradılıb, televiziya və radio proqramlarının yerüstü yayımı həyata keçirilir. Bu istiqamətdə işlər davam etdirilir.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərin ümumi və Baş planlarına, eləcə də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində rabitə xidmətlərinin təşkilinə dair Fəaliyyət Proqramı”na uyğun olaraq, ilkin mərhələdə işğaldan azad olunmuş bütün ərazilərə 1000 km magistral fiber-optik kabel və ya onun alternativi olan xətlərin layihələndirilməsi və çəkilməsi hədəflənib.

Startap ekosistemi daha da inkişaf etdirilib, innovativ ideyalara, intellektual sahibkarlıq subyektlərinə və startapçılara dəstək göstərilib.

Azərbaycanın telekommunikasiya peyklərinin orbitə buraxılması, ölkəmizdə kosmik sənayenin formalaşdırılması dövlət başçısının güclü siyasi iradəsindən, uzaqgörənliyindən və yüksək iqtisadi potensialdan xəbər verir. Bununla, ilk növbədə, Azərbaycan özünün telekommunikasiya xidmətlərinə dair ehtiyaclarını ödəyir, informasiya məkanının suverenliyini, təhlükəsizliyini daha etibarlı şəkildə qoruya bilir. Eyni zamanda, süni peyklərin xidmətlərindən istifadə etməklə bir sıra iqtisadi məsələlərin effektli həlli üçün əvəzsiz imkanlar əldə edir.

Cənubi Qafqazda ilk dəfə 2004-cü ildə Bakıda televiziyanın rəqəmsal sınaq yayımına başlanılıb və 2016-cı ildən Azərbaycanda rəqəmsal yayıma keçid edilib. Hazırda ölkədə əhali yaşayan ərazilərin 99,8 faizi sosial rəqəmsal televiziya yayımı ilə əhatə olunur və bu proqramlar paytaxtda SD ilə yanaşı, HD formatında da yayımlanır. 2019-cu ildən paytaxtda rəqəmsal radio yayımına (12 radio proqram) başlanılıb. 2022-ci ildən yerli televiziya proqramlarının peykdən HD formatında yayımı təmin olunur.

26-29 may 2022-ci ildə təxminən 300 min insanın ziyarət etdiyi “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçirilib.

Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti və diqqəti nəticəsində 2013-cü ildə “Azerspace-1”, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peykləri orbitə buraxılıb. Müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və s. kimi sahələrdə geniş şəkildə tətbiq edilən “Azersky” Yerin müşahidə peyki 2014-cü ildə orbitə buraxılıb.

“Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” uğurla icra edilib. Prezident cənab İlham Əliyevin 28 avqust 2023-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası” təsdiq edilib.

Bu gün hər bir rabitəçi ölkəmizdə yüksək texnologiyalar sahəsinin inkişafı üçün çalışır. Ölkə başçısının rəhbərliyi ilə rabitə sahəsi üzrə bu amal uğrunda fəaliyyət göstərən hər kəsə uğurlar arzu edir, rabitə və yüksək texnologiyalar sahəsi işçilərini peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edirik!

Keçidlər