Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

5 Mart – Bədən Tərbiyəsi və İdman Günüdür

05 mart 2025 | 08:55

Hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Xalqımızın sağlamlığının qorunması və möhkəmlənməsində, gənclərimizin fiziki inkişafında, ölkəmizin idman şərəfinin beynəlxalq aləmdə daha da uca zirvələrə qaldırılmasında bədən tərbiyəsinin əhəmiyyətini və rolunu nəzərə alaraq Prezident cənab İlham Əliyevin 2005-ci il 4 mart tarixli 654 nömrəli Sərəncamına əsasən hər ilin bu günü Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir.

Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. Azərbaycan indi dünyada güclü idman ölkəsi kimi tanınır. İdmançılarımız beynəlxalq arenalarda böyük uğurlar qazanır və ölkəmizin idman şöhrətini yüksəldir.

Ölkəmizdə Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması isə təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşmüş, İdman Fondunu təsis etmiş, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoymuşdur.

1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident cənab İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilmişdir. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. Bu qərarlar müsbət nəticələr verir, Olimpiya Oyunlarında və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır.

İdman sahəsində əsl yüksəliş dövrünü yaşayan Azərbaycanda mükəmməl idman infrastrukturu yaradılmışdır. Bütün bunlar ölkəmizi beynəlxalq nüfuzlu yarışların keçirilməsi üçün əlverişli məkana çevirmişdir. İndi nəinki Bakıda, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman kompleksləri tikilmişdir. Həmin idman mərkəzləri uğurla fəaliyyət göstərir.

İdman yarışlarının təşkilində böyük təcrübəyə malik olan Azərbaycanda hər il beynəlxalq və yerli turnirlər keçirilir. 2024-cü ildə Azərbaycan bir neçə nüfuzlu beynəlxalq yarışların məkanı olmuşdur. İl ərzində Bakı şəhəri çövkən üzrə dünya çempionatına, "TeamGym" üzrə Avropa çempionatına, atıcılıq üzrə Dünya Kubokuna, bədii gimnastika üzrə Avropa Kubokuna, cüdo üzrə "Böyük Dəbilqə" turnirinə, güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə, şahmat üzrə "Baku Open 2024" beynəlxalq festivalına, güləş üzrə U-23 Avropa çempionatına, "Formula-1" Azərbaycan Qran-prisinə və digər yarışlara ev sahibliyi etmişdir.

Təkcə paytaxtda deyil, regionlarda, eləcə də işğaldan azad edilmiş şəhərlərdə də beynəlxalq yarışlar təşkil olunmuşdur. Xankəndi şəhərində Xankəndi-Bakı ultramarafonu, Şuşa şəhərində "Vüqar Həşimov Memorialı-2024" beynəlxalq şahmat turniri, Füzuli və Mingəçevir şəhərlərində Beynəlxalq Avarçəkmə reqatası və digər beynəlxalq yarışlar uğurla təşkil edilmişdir. 2024-cü ilin "İdman paytaxtı" Qubada "Ulduz cup" beynəlxalq futbol turniri, Göygöldə cüdo üzrə kadetlər arasında Avropa Kuboku uğurla keçirilmişdir.

Beynəlxalq yarışlarda qazanılan qələbələr və medallar isə Azərbaycanın idman ölkəsi olduğunu bir daha təsdiqləmişdir. Azərbaycan idmançıları 2024-cü ildə Avropa və dünya çempionatlarında, kubok yarışlarında, digər rəsmi beynəlxalq turnirlərdə ümumilikdə 1718 medal qazanmışlar. Bu, Azərbaycan idmanı tarixində yeni rekord göstəricidir. Qazanılmış medalların 666-sı qızıl, 465-i gümüş, 587-si bürünc medallardır. Olimpiya idman növlərində 827, qeyri-Olimpiya növlərində 854, paralimpiya idman növlərində isə 37 medal əldə edilmişdir.

Fransanın paytaxtında keçirilmiş Paris-2024 Yay Olimpiya Oyunlarında 48 Azərbaycan idmançısı 15 idman növündə 17 proqram üzrə yarışmışdır. Azərbaycan iki qızıl, iki gümüş, üç bürünc medalla 204 ölkə arasında 30-cu olmaqla yeni olimpiya rekordumuza nail olmuşdur. Ölkəmiz Avropa ölkələri arasında 18-ci, müsəlman ölkələri arasında üçüncü yeri tutmuşdur.

Azərbaycan Milli Paralimpiya komandası Fransanın Paris şəhərində keçirilmiş XVII Yay Paralimpiya Oyunlarında 18 idmançı ilə təmsil olunmuşdur. Ölkəmiz bu Paralimpiya Oyunlarında 11 medal (dörd qızıl, iki gümüş və beş bürünc) qazanmışdır.

Ölkəmiz Tatarıstanın paytaxtı Kazan şəhərində "BRICS Sports Games" beynəlxalq multi-idman oyunları, Saxa Respublikasının Yakutsk şəhərində "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunları, Bəhreyndə Beynəlxalq Gimnaziada İdman Oyunları, Moskvada I Dünya Korporativ Oyunları, Qazaxıstanda V Dünya Köçəri Oyunları, Macarıstanda Tələbələrin Avropa Universitet Oyunları və digər multi-idman yarışlarında uğurla təmsil olunmuşdur.

Xüsusilə vurğulanmalıdır ki, daim Azərbaycan bayrağını qürurla dalğalandırmaq üçün bütün yarışlarda yüksək əzmkarlıqla mübarizə aparan idmançılarımız Vətən müharibəsində də eyni amalla - üçrəngli bayrağımızın əzəli torpaqlarımızda ucaldılması üçün cəbhəyə yollanmışlar. 44 günlük Vətən müharibəsində 988 nəfər idmançı döyüşlərdə iştirak etmişdir. Onlardan 320 nəfər şəhidlik zirvəsinə ucalmışdır. 2020-ci ildə pandemiya səbəbindən beynəlxalq yarışlarda iştirak edə bilməyən Azərbaycan idmançıları Zəfər salnaməsini bu dəfə öz canları və qanları ilə Vətən müharibəsinin döyüş meydanlarında yazmışlar. Beynəlxalq arenalarda yüksək qələbələr qazanaraq, Azərbaycanın bayrağını ucaldan, dövlət himnimizin səsləndirilməsinə nail olan atletlərimiz bu əbədi Zəfər yolunun layiqli davamçıları olduqlarını sübut etmişlər.

Azərbaycan 2023-cü il sentyabr ayının 19-da günorta saatlarında Qarabağda öz ərazisində suverenliyi təmin etmək üçün lokal xarakterli antiterror əməliyyatına başlamışdır. Bir gündən də az müddət ərzində həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində qanunsuz erməni silahlı birləşmələri darmadağın edilərək, Azərbaycan öz suverenliyini bərpa etmişdir. Bununla da Azərbaycan, dövlət olaraq öz gücünün möhtəşəmliyini həm hərbi, həm də siyasi arenada göstərmişdir. Hərbi addımlarını siyasi gedişlərlə tamamlayan Azərbaycan dövləti öz qələbəsində kimsənin şübhəsinə yer buraxmamışdır.

Bu gün sevindirici məqamlardan biri də azad olunmuş torpaqlarda mötəbər idman tədbirlərinin təşkil olunmasıdır. 2022-ci il martın 20-də Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsində ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışı olmuşdur. Prezident cənab İlham Əliyev və birinci xanım hörmətli Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər. Prezident cənab İlham Əliyevin və birinci xanım hörmətli Mehriban Əliyevanın Suqovuşan qəsəbəsinə bu səfəri işğaldan azad olunan ərazilərdə ilk idman tədbirinin təşkili ilə də yadda qalmışdır. Həmin il mayın 6-da Suqovuşan qəsəbəsində avarçəkmə, kayak və kanoe üzrə "Prezident kuboku-2022" reqatası start götürmüşdür. İşğaldan azad olunmuş ərazilərdə ilk beynəlxalq idman yarışı olan bu turnir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmişdir. Həmin ilin oktyabr ayının 21-də Suqovuşanda Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planında yer alan “Mingəçevir Reqatası-2022” beynəlxalq turnirinin açılış mərasimi və ilk yarış günü təşkil edilmişdir. Bundan başqa, 2022-ci ilin oktyabr ayının 22-də Zəngilan rayonunun Ağalı kəndində "Zəfər yürüşü" adlı triatlon turniri keçirilmişdir.

2023-cü il mayın 4-də Suqovuşan su anbarında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatasının açılış mərasimi keçirilmişdir.

2023-cü ildə Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped turniri də həmin ilin ən əlamətdar idman hadisələrindən biri olmuşdur. Bu yarış işğaldan azad olunmuş ərazilərin qısa zaman kəsiyində əlverişli hala salındığını göstərməklə yanaşı, Qarabağda idmanın inkişafına diqqətin ayrıldığının bariz nümunəsinə çevrilmişdir.

2023-cü ilin dekabr ayının 21-də xalqımız daha bir tarixi hadisəyə şahidlik etmişdir. 30 illik fasilədən sonra Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşmışdır. Azərbaycan xalqı Prezident cənab İlham Əliyevin və birinci xanım hörmətli Mehriban Əliyevanın iştirakı ilə yenidənqurma işlərinin başa çatdığı Xankəndi şəhər stadionundakı qarşılaşmanı ilk dəfə canlı izləmək şansı əldə etmişdir. Bu möhtəşəm hadisə təkcə ilin yox, Azərbaycan idman tarixinin ən önəmli hadisələrindən biri kimi yaddaşlara həkk olunmuşdur. Xankəndi stadionunda keçirilmiş oyun həm də dünya ictimaiyyətinə bir daha nümayiş etdirmişdir ki, Qarabağ Azərbaycandır! Bu möcüzəni, bu reallığı Azərbaycan xalqına Prezident cənab İlham Əliyev bəxş etmişdir.

2025-ci il Azərbaycan üçün zəngin idman təqvimi vəd edir. Bu il III MDB Oyunları kimi böyük tədbirlərin keçirilməsi ilə tarixə düşəcək. Yarışlar oktyabr ayında Azərbaycanın 14 şəhərində baş tutacaq, əsas ev sahibliyini isə Gəncə edəcək. Hazırda Gəncədə müasir idman infrastrukturu yenilənir, o cümlədən yeni futbol stadionu inşa edilir. MDB Oyunları üçün təxminən 7000 idmançının iştirak edəcəyi gözlənilir. Bu, Azərbaycanın ev sahibliyi etdiyi əvvəlki beynəlxalq tədbirlərdən daha çox iştirakçının cəlb olunacağı deməkdir. MDB Oyunları Avropa Oyunları (2015), İslam Həmrəyliyi Oyunları (2017) və 2019-cu ildə keçirilən Avropa Gənclər Olimpiya Festivalından sonra ölkəmizin ev sahibliyi edəcəyi dördüncü böyük beynəlxalq tədbir olacaq. Sentyabr ayında 9-cu dəfə Bakı Formula 1 Qran-prisinə ev sahibliyi edəcək.

2025-ci ildə ölkədə yeni idman növlərinə də diqqət ayrılacaq. İlk dəfə olaraq Bakıda armrestlinq üzrə dünya çempionatı keçiriləcək. Bundan başqa, sentyabrda fiqurlu konkisürmə üzrə gənclər Qran-prisi təşkil olunacaq. Fevral ayında isə qarışıq cütlüklər arasında Avropa badminton çempionatı və Cüdo üzrə "Böyük Dəbilqə" turniri və Batut gimnastikası üzrə Dünya Kuboku artıq uğurla baş tutmuşdur.

Azərbaycan futbol millisi 2026-cı il Dünya Çempionatı seçmə mərhələsinə hazırlaşır. Komanda sentyabr ayında başlayacaq oyunlar üçün əvvəlcə dostluq matçları keçirəcək.

Bütün bu uğurlar Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunmuşdur. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, öləmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır. Bununla da “Sağlam bədəndə sağlam ruh olar” prinsipinə söykənərək demək olar ki, Azərbaycan – sağlam gəncliyi və sağlam gələcəyi olan bir dövlətdir.

İdman yalnız fiziki güc deyil. İdman sağlamlığın, iradənin, əzmkarlığın və qələbəyə inamın rəmzidir. Bu sahəyə töhfə verən hər kəs – peşəkar və həvəskar idmançılar, məşqçilər, hakimlər və idman təşkilatçıları – cəmiyyətimiz üçün dəyərli insanlardır.

5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə idmançıları, məşqçiləri, idmansevərləri və sağlam həyat tərzini dəstəkləyən hər kəsi səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı və yeni qələbələr arzulayırıq!

Keçidlər