“44 gün - Tarixi zəfər” adlı ensiklopedik toplunun II, III və IV cildlərinin təqdimat mərasimi keçirilib
Vətən müharibəsində və antiterror əməliyyatlarında həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası tərəfindən hazırlanan “44 gün - Tarixi zəfər” adlı ensiklopedik toplunun II, III və IV cildlərinin təqdimat mərasimi Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində baş tutub. Tədbirdə Daşkəsən rayonu üzrə 19 şəhidin 23 ailə üzvü də iştirak edib.
Təqdimatda çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin gələcək nəsillərə çatdırılmasında bu nəşrlərin mühüm rol oynadığını, eyni zamanda şəhid ailələrinə göstərilən ehtiram və mənəvi dəstəyin ifadəsi olduğunu vurğulayıblar.
Şəhid doğmaları çıxışlarında onlara göstərilən dövlət qayğısına görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda şəhid ailə üzvlərinə “44 gün-Tarixi zəfər” ensiklopediyasının yeni cildləri təqdim olunub, xatirə fotosu çəkdirilib.






