Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

27 mart – Azərbaycan Respublikasında Elm Günüdür 

27 mart 2025 | 11:00

Martın 27-si Azərbaycanda Elm Günüdür. Bu əlamətdar gün bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramı kimi qeyd edilir. Prezident cənab İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Gününün təsis edilməsi müvafiq sahəyə dövlət səviyyəsində qayğı göstərilməsinin bariz nümunələrindən biridir.

Ölkəmizdə Elm Günü Azərbaycan Milli Elmlər Akademiyasının yaradıldığı günə təsadüf edir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqdan sonra respublikada elmin mükəmməl təşkilati strukturu formalaşmış, elmi araşdırmaların həyata keçirilməsi sistemli xarakter almışdır.

Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə elmin inkişafına böyük diqqət və qayğı göstərmişdir. Akademiyanın sürətli inkişaf mərhələsi Ulu Öndərin adı ilə bağlıdır. Onun diqqət və qayğısı sayəsində Elmlər Akademiyası xalqın intellektual potensialının səmərəli təşkilində, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında müstəsna rol oynamışdır. Akademiyanın keçdiyi çətin və şərəfli yol elmimizin inkişafının böyük bir tarixi mərhələsi olmaqla yanaşı, ölkəmizin tərəqqisində elmin, alim sözünün, ziyalı mövqeyinin geniş imkanlara malik olduğunu nümayiş etdirən elmi-ictimai hərəkatın, mədəni-texniki proseslərin də mühüm bir göstəricisidir.

Azərbaycanda elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu sahədə islahatların aparılması, mövcud problemlərin aradan qaldırılması və elmin qarşısında duran strateji vəzifələrin icrası, həmçinin ölkədə elmin davamlı inkişafının təmin edilməsi məqsədilə Prezident cənab İlham Əliyev tərəfindən müvafiq fərman və sərəncamlar imzalanmışdır. “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın icrası ilə bağlı görülən işlər bütövlükdə elmimizin inkişafına böyük təkan vermişdir.

Dövlətimizin başçısının 2016-cı il 9 avqust tarixli Fərmanına əsasən, ilk dəfə olaraq “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir. Bu Qanun respublikada elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir.

Prezident cənab İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılmışdır. Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə edilmişdir. Nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılmışdır. AMEA ilə Elm və Təhsil Nazirliyi ölkəmizdə elm siyasətinin həyata keçirilməsində birgə fəaliyyət göstərməyə başlamışdır. AMEA-nın elmi müəssisə və qurumlarının bir qismi Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Prezident cənab İlham Əliyevin 2023-cü il 3 noyabr tarixli Fərmanı ilə AMEA-nın yeni Nizamnaməsi təsdiq edilmişdir.

Xatırladaq ki, 2024-cü ildə təhsil tariximizə daha bir parlaq səhifə yazılmışdır. Ermənistanın işğalından azad olunmuş Xankəndi şəhərində Qarabağ Universiteti fəaliyyətə başlamışdır. 

“2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, təhsil sahəsində islahatların aparılması əsas hədəflərdən biri kimi müəyyən edilmişdir. Ümumi təhsildə islahatların davam etdirilməsi, peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, ali təhsilin əlçatanlığının və əhatəliliyinin artırılması və bir çox digər istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində həm dövlətimiz, həm də respublikanın müxtəlif elmi-tədqiqat və ali təhsil müəssisələrində çalışan elm adamları tərəfindən ardıcıl işlər görülür. Alimlərə, xüsusən gənclərə dünyanın aparıcı ölkələrin elmi müəssisələrində ixtisasartırma kursları keçmək və araşdırma aparmaq üçün imkanlar yaradılır, onların beynəlxalq elmi layihələrdə iştirakı təmin edilir. Habelə doktorantura, dissertantura və magistratura yolu ilə elmi kadr hazırlığı keyfiyyətcə yeni səviyyəyə qaldırılır.

Respublikamızda elmin davamlı və sistemli inkişafının təmini, elmi fəaliyyətin institusional sisteminin və maliyyələşdirilmə mexanizmlərinin dünya standartlarına uyğunlaşdırılması, cəmiyyət həyatının bütün istiqamətlər üzrə inkişafında elmi potensialdan səmərəli istifadənin təmin edilməsi, elmin maddi-texniki bazasının və infrastrukturunun modernləşdirilməsi hazırda elm sahəsində dövlət siyasətinin əsas məqsədləridir.

Azərbaycanın elmi potensialı bir tərəfdən dövlətin elmə diqqət və qayğısı, digər tərəfdən də özünün daxili intellektual səfərbərliyi sayəsində yeni dövrün tələbləri baxımından daha mütəşəkkil konsolidasiya olunacaq, respublikanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafında bundan sonra da yaxından iştirak edəcək, həm də dünya elminə öz layiqli töhfələrini verəcəkdir.

27 mart – Elm Günü münasibətilə ölkəmizin elm adamlarını səmimi-qəlbdən təbrik edir, Azərbaycanda elmin inkişafı sahəsindəki elmi, elmi-pedaqoji, elmi-təşkilati və innovativ fəaliyyətlərində yeni-yeni uğurlar və nailiyyətlər arzulayırıq!

Keçidlər