26 Fevral – Xocalı soyqırımı günüdür
Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Bundan əvvəl, Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib. Yalnız bunu qeyd etmək kifayətdir ki, Xocalı soyqırımından bir neçə gün əvvəl – 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qalıb.
Xankəndidən 10 kilometr cənub-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında strateji məntəqədə yerləşən, Dağlıq Qarabağın yeganə hava limanının yerləşdiyi Xocalı fevralın ikinci yarısından başlayaraq, Ermənistan hərbi birləşmələri tərəfindən tam mühasirəyə götürülüb. Dinc sakinlərin dəstə halında və ya təklikdə mühasirədən çıxmaq üçün göstərdiyi bütün cəhdlərin qarşısı alınıb.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər barbarcasına yerlə-yeksan edilib. Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur.
Ümummilli Lider Heydər Əliyev Xocalının o dövrdəki ölkə rəhbərliyi tərəfindən tamamilə müdafiəsiz buraxılmasına kəskin etiraz edərək deyib: “Ozamankı iqtidarın Azərbaycanın milli müstəqilliyinə və xalqımıza qarşı xəyanətkar mövqeyi, öz konstitusion vəzifə borcuna cinayətkar laqeydliyi, ardı-arası kəsilməyən siyasi hakimiyyət oyunları, respublikada baş alıb gedən anarxiya və başıpozuqluq, ayrı-ayrı siyasətbazların məkrli şəxsi ambisiyaları bu tarixi faciənin törədilməsinə birbaşa şərait yaratmışdır. Uzun müddət dörd tərəfdən düşmən əhatəsində taleyin ümidinə buraxılmış vətəndaşlarımızın imdad dolu harayı qulaqardına vurulmuş, Xocalının xilas olunması üçün real imkanların mövcudluğuna baxmayaraq, günahsız əhali məqsədyönlü şəkildə bu milli qırğına sürüklənmişdir. Xocalı soyqırımı erməni faşizminin iç üzünü bir daha açıb göstərməklə, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir və beynəlxalq hüquqa uyğun olaraq sivilizasiyalı dünya tərəfindən məhkum olunmalıdır”.
Xocalı şəhərində törədilmiş cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş definisiyaya tam uyğun gəldiyini sübut edir. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babiy Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır.
Bəşəri cinayət olan Xocalı soyqırımının təşkilatçıları Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyi, birbaşa icraçıları isə Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətidir.
Xocalı soyqırımı Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, Dağlıq Qarabağın azərbaycanlı əhalisinin bir hissəsini məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir. Bunu Xocalı faciəsindən təqribən ay yarım sonra – aprelin 8-də Kəlbəcər rayonunun Ağdaban kəndinin işğalı zamanı qabaqcadan hazırlanmış plan əsasında həyata keçirilmiş kütləvi qırğın aktında xüsusi amansızlıqla, içərisində uşaqlar, qadınlar və qocalar olmaqla, 67 nəfər dinc sakinin qətlə yetirilməsi, onlarla şəxsin girov götürülməsi, itkin düşməsi, kəndin tamamilə yandırılması da sübut edir. Bu tədbirlərin davamı kimi 1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya kəndində daha bir amansız cinayət – Ballıqaya qətliamı törədilib. Nəticədə 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib, onların arasında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə də olub, 3 azyaşlı uşaq isə hər iki valideynini itirib. Öldürülmüş dinc insanların bəzilərinin meyidləri yandırılıb. Ballıqayada 93 yaşında qoca qadına da aman verilməyib, ümumilikdə öldürülənlərin əksəriyyəti uşaqlar, qadınlar və qocalar olub.
Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarına əsasən 26 fevral Xocalı Soyqırımı Günü elan edilib. Azərbaycan parlamenti 2017-ci il fevralın 24-də 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni silahlı dəstələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınının Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 24 fevral, 1995-ci il 24 fevral, 2007-ci il 27 fevral və 2012-ci il 24 fevral tarixli qərarları ilə soyqırımı (genosid) cinayəti kimi qiymətləndirilməsini bir daha təsdiq edib.
Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları Xocalı şəhərində soyqırımı aktının törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb olunması üçün tədbirləri davam etdirir. XX əsr dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bünövrəsini Ümummilli Lider Heydər Əliyevin qoyduğu siyasi kurs bu gün Prezident cənab İlham Əliyev tərərfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yaddaşlardan silinməyən tarixi sözləri “...Xocalı faciəsi təsadüfi hadisə deyildi. Bu, iki yüz ildən artıq müddətdə davakar erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi idi”.
Hər il bu faciənin ildönümü respublikamızda və dünyanın müxtəlif ölkələrində ürəkağrısı ilə qeyd olunur. Heydər Əliyev Fondu tərəfindən görülən işlər ildən-ilə daha da genişlənir. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyeva böyük xidmətlər göstərib. Fondun vitse-prezidenti hörmətli Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. Həyata keçirilən ardıcıl və kompleks tədbirlərin məntiqi nəticəsi olaraq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur. Xocalı soyqırımının dünya miqyasında tanıdılması sahəsində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının icra və qanunvericilik orqanı Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə 44 günlük Vətən müharibəsində misilsiz igidlik, şucaət və rəşadət göstərən qəhrəman Ordumuz Xocalı faciəsi qurbanlarının da qisasını döyüş meydanlarında aldı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.
2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan tamamilə təmizləndi, işğal sona çatdı, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini tam bərpa etdi. Eyni zamanda regionada təhlükəsizlik və ədalətin təminatı istiqamətində mühüm addımlar atıldı. 2023-cü il oktyabrın 15-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Xocalıda Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması tarixi ədalətin təntəsəni oldu.
Bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun düşmən üzərində qazandığı tarixi Zəfərin sevincini və qürurunu yaşayır. Artıq Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramına uyğun olaraq sürətlə bərpa-quruculuq işləri icra edilir. Bu mənada 2023-cü ilin 20 sentyabrından sonra ilk növbədə, Xocalıda xocalılıların evləri bərpa edilməyə başlayıb. Qısa zamanda həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində respublikamızın müxtəlif şəhər və rayonlarında müvvəqəti məskunlaşan Xocalıdan olan keçmiş məcburi köçkünlərin də öz tarixi ata-baba yurdlarına qayıdaraq, burada əbədi xoşbəxt və təhlükəsiz şəraitdə yaşayışı təmin olunur.