Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

23 may – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günüdür

23 may 2026 | 11:46

Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 23 may tarixli Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Prezident cənb İlham Əliyevin 2007-ci il 16 may tarixli Sərəncamı ilə hər il mayın 23-ü ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində, həmçinin Xəzər dənizinin ölkəmizə aid hissəsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması istiqamətində dövlət siyasətini həyata keçirir. İndiki və gələcək nəsillərin sağlamlığının təmin edilməsi, iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə olunması nazirliyin qarşısında duran başlıca məsələlərdir.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülüb. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa olunması və artırılmasına dair milli proqramlar uğurla yerinə yetirilib. Hazırda ətraf mühitin sağlamlaşdırılması və ekoloji tarazlığın qorunması sahəsində ardıcıl quruculuq işləri davam etdirilir. Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin olunması və mühafizəsi, milli parkların və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir.

Xalqımızın Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi ekoloji inkişaf strategiyası bu gün də uğurla davam etdirilir. Ulu Öndər respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, sənaye müəssisələrində müasir və təhlükəsiz texnologiyaların tətbiqinə, şəhər və rayonlarda yaşıllıq sahələrinin genişləndirilməsinə xüsusi diqqət ayırıb. Onun təşəbbüsü ilə həyata keçirilən tədbirlər Azərbaycanda ekoloji düşüncənin formalaşmasına və təbiətə qayğı ənənəsinin güclənməsinə mühüm töhfə verib.

Hazırda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması sahəsində ardıcıl islahatlar həyata keçirilir. Dövlət başçısının imzaladığı fərman və sərəncamlar nəticəsində biomüxtəlifliyin qorunması, meşə təsərrüfatının inkişafı, su ehtiyatlarının davamlı idarə olunması və yaşıllıq sahələrinin artırılması üzrə mühüm nəticələr əldə edilib. Yeni milli parkların yaradılması, xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi və ekoturizmin inkişafı da bu siyasətin əsas tərkib hissələrindəndir.

Ekoloqların peşə bayramı gününün təsis edilməsi, 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan olunması, dövlətimizin başçısı tərəfindən bu sahəyə aid sərəncamların verilməsi, yeni milli parkların yaradılması, ətraf mühitin qorunması, nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, ekoturizmin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər sübut edir ki, ekoloji tarazlığın qorunması dövlətimizin siyasətinin prioritetləri sırasındadır.

2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib, Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub, işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı ekoloji layihələrlə yanaşı, “ağıllı şəhər”, “ağıllı kənd” kimi layihələr həyata keçirilir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin ölkəmizdə keçirilməsi beynəlxalq ictimaiyyətin Prezident cənab İlham Əliyevə və Azərbaycana böyük hörmət və etimadının bariz göstəricisidir.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də, habelə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ekoloji məsələlər xüsusi nəzərə alınıb.

Azərbaycanda intensiv olaraq meşəbərpa tədbirləri aparılır, yeni meşə massivlərinin yaradılması üçün ardıcıl ağacəkmə aksiyaları həyata keçirilir, ağac əkilməsinin, yaşıllıqların genişləndirilməsinin təşviqatı aparılır. Təkcə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində 8 milyondan çox ağac əkilib.

İşğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin bərpası da prioritet istiqamətlərdəndir. Həmin ərazilərdə meşə fondu torpaqlarının ümumi sahəsi 260 min hektar təşkil edib. Təəssüf ki, uzun illər işğal altında qalan bölgələrdə meşələrə ciddi ziyan vurulub, təbii sərvətlər talan edilib, yaşıllıq sahələri məqsədli şəkildə məhv olunub. Aparılan hesablamalara görə, 54 min hektardan çox meşə sahəsi tamamilə sıradan çıxarılıb ki, bu da milyonlarla ağacın məhv edilməsi deməkdir. Hazırda həmin ərazilərdə meşəbərpa proqramları həyata keçirilir, yeni tinglər əkilir və ekosistemin yenidən formalaşdırılması istiqamətində mühüm layihələr icra olunur.

Biomüxtəlifliyin qorunması istiqamətində görülən işlər sırasında yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması, qoruq və yasaqlıqların bərpası, bəzi heyvan növlərinin təbii mühitə qaytarılması və su bioresurslarının artırılması mühüm yer tutur. Hazırda ölkə ərazisində ümumi sahəsi 120,7 min hektar olan 10 dövlət təbiət qoruğu, 421,4 min hektarlıq 10 milli park və 350,8 min hektar ərazini əhatə edən 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Xüsusi mühafizə olunan təbiət əraziləri Azərbaycanın ümumi ərazisinin 10,3 faizini təşkil edir.

Daşkəsən rayonunda da ekoloji tarazlığın qorunması hər zaman diqqət mərkəzində saxlanılır. Zəngin meşə ehtiyatları, dağ landşaftları və təbii su mənbələri ilə seçilən Daşkəsəndə ətraf mühitin qorunması və yaşıllıqların artırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Rayon ərazisində meşə fondunun mühafizəsi, qanunsuz ağackəsmə hallarının qarşısının alınması, bulaq və çayların təmiz saxlanılması, eləcə də yeni ağacəkmə aksiyalarının təşkili istiqamətində mühüm işlər görülür. Daşkəsənin zəngin flora və fauna müxtəlifliyinin qorunması üçün ekoloji nəzarət tədbirləri gücləndirilir, məktəblilər və gənclər arasında təbiətin mühafizəsi ilə bağlı maarifləndirici layihələr həyata keçirilir.

Faktlar və nəzərəçarpan müsbət dinamika onu göstərir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları təbiət keşikçisi kimi öz xidməti vəzifələrini müvəffəqiyyətlə yerinə yetirirlər. Nazirliyin işçilərinin hər ötən gün uğur zəncirinə yeni nailiyyət halqaları əlavə edəcəyinə və qarşıdakı illərdə yaşıl düşüncəmizi daha da yaşıl reallığa çevirəcəyinə əminik.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün əməkdaşlarını peşə bayramı günü münasibətilə səmimi-qəlbdən təbrik edir, onlara ölkəmizin təbii sərvətlərinin qorunması və ekoloji tarazlığın təmin olunması naminə həyata keçirdikləri məsul fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulayırıq.

 

Keçidlər