22 iyul – Milli Mətbuat Günüdür
Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür. Milli Mətbuat Günü ölkəmizdə jurnalistikanın inkişafı və söz azadlığının təntənəsi baxımından xüsusi əhəmiyyət daşıyır.
1875-ci il 22 iyul tarixində Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr olunan "Əkinçi" qəzeti ilə Azərbaycan milli mətbuatının əsası qoyulmuşdur. 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olmuşdur. Əsasən maarifçilik missiyasını üzərinə götürən “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşmışdır. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq etmişlər. Lakin “Əkinçi”nin ömrü uzun sürməmişdir. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlamış və sonda qəzetin nəşrini dayandırmışdır.
"Əkinçi"dən sonra onun ənənələrini davam etdirən çoxsaylı nəşrlər dövrün vətənpərvər ziyalılarını, maarifçilərini eyni məslək ətrafında birləşdirərək, milli oyanış prosesinin aparıcı vasitələrindən biri kimi ümummilli məqsədlərin gerçəkləşməsinə xidmət göstərmişdir.
Keçən yüzilliyin sonlarında xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin və digər demokratik dəyərlərin bərqərar olması üçün etibarlı zəmin yaratdı. Heydər Əliyev medianın inkişafını prioritet vəzifələrdən biri hesab etmiş, onun fəaliyyətini tənzimləyən qanunvericilik bazasının formalaşdırılması, inkişafını əngəlləyən süni maneələrin aradan qaldırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul etmiş, dövlət-media münasibətlərində mütərəqqi ənənələrin əsasını qoymuşdur.
Ötən dövr ərzində müstəqil siyasi kursun Prezident cənab İlham Əliyev tərəfindən qətiyyətlə və ardıcıl həyata keçirilməsi nəticəsində ölkəmizin dinamik inkişafı təmin edilmiş, qarşıda duran strateji vəzifələr uğurla gerçəkləşdirilmişdir. İstər Ulu Öndər Heydər Əliyevin, istərsə də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə mətbuatın inkişafı ilə bağlı olduqca gərəkli tədbirlər həyata keçirilmişdir. 1998-ci ildə senzuranın tamamilə ləğvi, söz və məlumat azadlığının təmin olunması bu sahədə atılmış mühüm addımlardan biridir. Mətbuat Fondu, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycanın Əməkdar jurnalisti fəxri adının təsis edilməsi, jurnalistlər üçün 2 yaşayış binasının tikilib istifadəyə verilməsi, Azərbaycanın Mətbuat Şurasının yaradılması və s. Azərbaycanda mətbuatın inkişafının dövlət siyasətinin tərkib hissəsi olduğunu göstərir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan mətbuatına ehtiramını belə ifadə etmişdir: “ Əllbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz fəaliyyət göstərməlidir. Insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük.Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm“.
Prezident cənab İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında“ Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradılmışdır. Bu Agentlik ölkəmizdə medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin dəstəklənməsi ilə bağlı müxtəlif tədbirlər reallaşdırır.
Azərbaycan Vətən müharibəsində şanlı Zəfər qazanaraq və unikal antiterror əməliyyatı ilə hərb tarixinə yeni səhifə yazaraq, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoymuş, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərmiş, milli ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratmışdır.
Vətən müharibəsində qələbəmizdən az sonra başlanan islahatlar, o cümlədən "Media haqqında" Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləmişdir. Vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq hüququnun verilməsi və digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığını təmin etmişdir.
Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır. Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Eyni zamanda media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır.
Azərbaycan milli mətbuatı 150 illik şanlı inkişaf yolu keçərək bu gün cəmiyyətin güclü tribunasına çevrilmişdir. Bu inkişafın önəmli mərhələlərindən biri Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə 2025-ci ildə milli mətbuatın yubileyinin dövlət səviyyəsində qeyd olunmasıdır. Bununla əlaqədar “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı da təsis edilmişdir.
İndi jurnalistika təkcə informasiya yaymaqla kifayətlənmir. O həm də araşdırır, maarifləndirir, ictimai fikri yönəldir və dövlət-vətəndaş münasibətlərində vasitəçilik edir. Peşəkar və obyektiv media cəmiyyətin inkişafı və demokratiyanın möhkəmlənməsi üçün mühüm amildir.
22 iyul – Milli Mətbuat Günü yalnız bir tarixi xatırlatma deyil. Bu gün jurnalistikanın keçdiyi yolu qiymətləndirmək, söz azadlığını qorumaq və jurnalistlərin əməyini dəyərləndirmək üçün fürsətdir. Həmçinin bu gün gənc jurnalistlər üçün bir ruhlandırma mənbəyi, peşəkar medianın önəmini vurğulamaq üçün bir çağırışdır.
Müstəqil Azərbaycanın Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri və mətbuat-informasiya sistemində çalışan işçiləri ürəkdən təbrik edir, işlərinizdə yeni uğurlar arzulayırıq!






