20.10.2026-cı il tarixində Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib
İclasda gündəliyə uyğun olaraq iki məsələ - “Daşkəsən rayonu üzrə gənclər və idman sektorunun gördüyü işlər” və “Daşkəsən rayonunun idarə, müəssisə və təşkilatlarında payız-qış mövsümünə hazırlığın vəziyyəti” müzakirə olunub.
Toplantıda Şura üzvləri ilə yanaşı, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin, eləcə də xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Gündəlikdə duran birinci məsələyə dair məruzə ilə çıxış edən Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Elmar Əliyev rayonda gənclərlə işin təşkili, onların ictimai həyatda fəallığının artırılması, sağlam həyat tərzinin təbliği, idmanın inkişafı və kütləvi idman tədbirlərinin keçirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Gənclərin intellektual və fiziki inkişafının dəstəklənməsi, vətənpərvərlik ruhunda tərbiyəsi, idmanla məşğul olmaları üçün yaradılan imkanların genişləndirilməsi və bu sahədə fəaliyyətin daha da gücləndirilməsi məsələlərini diqqətə çatdırıb.
Gündəlikdəki ikinci məsələ üzrə rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların payız-qış mövsümünə hazırlıq vəziyyəti müzakirə edilib. Daşkəsən RİHBA-nın Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun məsləhətçisi Bəhmən Verdiyevin hazırladığı arayışda qarşıdan gələn soyuq aylarda əhalinin fasiləsiz elektrik enerjisi, təbii qaz, içməli su və digər kommunal xidmətlərlə təmin olunması, təhsil və səhiyyə müəssisələrinin istilik sistemlərinin işlək vəziyyətdə saxlanılması, yolların qardan və buzdan təmizlənməsi, mümkün fövqəladə halların qarşısının alınması üçün zəruri tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov müzakirə olunan məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tövsiyələr verərək, müəyyən edilmiş işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini, qarşıya çıxa biləcək problemlərin operativ aradan qaldırılmasını və fəaliyyət sahələri üzrə müntəzəm nəzarətin təmin edilməsini tapşırıb.
Sonda fikir mübadiləsi aparılıb, qərarlar qəbul edilib.






