Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

20 iyun – Qaz Təsərrüfatı İşçilərinin Peşə Bayramı Günüdür

20 iyun 2025 | 10:50

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 12 iyun tarixli Sərəncamına əsasən hər il iyunun 20-si “Qaz təsərrüfatı işçilərinin peşə bayramı günü” kimi qeyd olunur. Bu əlamətdar gün ölkəmizin enerji təhlükəsizliyində, sənaye və məişət sahələrinin fasiləsiz qaz təchizatında mühüm rol oynayan qaz təsərrüfatı işçilərinin əməyinə verilən yüksək qiymətin göstəricisidir.

Məlumdur ki, qaz təsərrüfatı – istər qazın hasilatı və nəqli, istərsə də onun paylanması və istehlakçılara çatdırılması prosesləri olduqca məsuliyyətli və təhlükəli bir sahədir. Bu sahədə çalışan mütəxəssislərin peşəkarlığı, təcrübəsi və fədakarlığı nəticəsində milyonlarla insanın evinə istilik və rahatlıq daxil olur. Onların fəaliyyəti təkcə texniki bilik və bacarıq deyil, həm də yüksək mənəvi məsuliyyət tələb edir.

Azərbaycan qaz sənayesi böyük inkişaf yolu keçmişdir. Ulu Öndər Heydər Əliyevin neft-qaz strategiyası bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Azərbaycan son onilliklərdə neftlə yanaşı, təbii qaz ehtiyatlarının kəşfi və hasilatı sahəsində də mühüm uğurlar əldə edilmişdir. Ölkəmizdə qazlaşdırma işləri geniş vüsət almış, regionların qazla təminatı demək olar ki, həyata keçirilmişdir. Enerji sahəsində yürüdülən məqsədyönlü siyasət, xüsusilə də qaz infrastrukturu və beynəlxalq əməkdaşlıq sahəsində atılan addımlar ölkəmizi regionun əsas enerji ixracatçılarından birinə çevirmişdir. Azərbaycanın qaz hasilatı əsasən Xəzər dənizinin şelfində yerləşən "Şahdəniz", "Abşeron", "Ümid", "Babək", "Azəri-Çıraq-Günəşli" (ACG) və digər perspektivli yataqlardan həyata keçirilir. Ən iri qaz yatağı olan "Şahdəniz" Azərbaycanın qaz ixracında aparıcı rol oynayır. "Şahdəniz-2" mərhələsinin işə düşməsi ilə hasilat və ixrac həcmləri əhəmiyyətli dərəcədə artmışdır.

Azərbaycanın qaz ixracında strateji əhəmiyyət kəsb edən layihələrdən biri Cənub Qaz Dəhlizidir. Bu dəhliz üç əsas hissədən ibarətdir: Cənubi Qafqaz Boru Kəməri (Bakı–Tbilisi–Ərzurum), Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP),  Trans-Adriatik Boru Kəməri (TAP). Bu nəhəng enerji layihəsi vasitəsilə Azərbaycan qazı Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliya bazarlarına ixrac olunur. Hazırda Azərbaycan Avropanın qaz təchizatında alternativ mənbə kimi mühüm rol oynayır.

2023 və 2024-cü illərdə Azərbaycanın Avropaya qaz ixracında əhəmiyyətli artım müşahidə olunub. Avropa Komissiyası ilə imzalanmış memorandum çərçivəsində Azərbaycanın Avropaya illik qaz ixracını 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırması planlaşdırılır.

Azərbaycan qaz ixracının coğrafiyasını genişləndirməkdə davam edir. Hazırda Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiya kimi yeni bazarlara qaz nəqli imkanları müzakirə olunur. Bundan əlavə, “Yaşıl enerji” konsepsiyası çərçivəsində təmiz texnologiyalarla hasil olunan qazın (məsələn, mavi hidrogen) gələcəkdə ixrac imkanları da araşdırılır.

Azərbaycanın qaz ixracatı təkcə iqtisadi gəlir mənbəyi deyil, həm də ölkənin beynəlxalq nüfuzunun artmasına, enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi tanınmasına və regional əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Bu strategiya həm dövlətin uzunmüddətli maraqlarına cavab verir, həm də dünya enerji bazarlarında Azərbaycanın mövqeyini möhkəmləndirir.

Bütün bu nailiyyətlərin arxasında gecə-gündüz çalışan ölkəmizin qaz təsərrüfatı işçilərinin zəhməti, yorulmaz fəaliyyəti dayanır.

20 iyun – Qaz Təsərrüfatı İşçilərinin Peşə Bayramı Günü münasibətilə qaz təsərrüfatı sahəsində çalışan bütün əməkdaşları ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, təhlükəsiz və uğurlu iş günləri, ailə səadəti və peşəkar fəaliyyətlərində daha böyük nailiyyətlər arzu edirik!

 

Keçidlər