19.11.2026-cı il tarixində Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib
Şura iclasında gündəliyə uyğun olaraq iki məsələ – “Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Gurbulaq, Kəmərqaya, Çovdar, Zəylik, Əhmədli və Qaraqullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin fəaliyyəti barədə” və “Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin fəaliyyəti” müzakirə olunub.
Toplantıda Şura üzvləri ilə yanaşı, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin, eləcə də xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Gündəlikdə duran birinci məsələ ilə bağlı məruzə ilə çıxış edən Daşkəsən RİHBA-nın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin ərazi-təşkilat məsələləri sektorunun böyük məsləhətçisi İlkin Teymurlu Gurbulaq, Kəmərqaya, Çovdar, Zəylik, Əhmədli və Qaraqullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin cari dövr ərzində fəaliyyəti barədə məlumat verib. Məruzədə ərazilərdə əhali ilə işin təşkili, vətəndaş müraciətlərinə baxılması, yaşayış məntəqələrində sosial və infrastruktur problemlərinin öyrənilməsi, abadlıq və quruculuq işlərinin vəziyyəti, əhalinin məşğulluğuna dəstək, eləcə də yerli məsələlərin həlli sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr diqqətə çatdırılıb.
Gündəlikdəki ikinci məsələ ilə bağlı Daşkəsən RİHBA-nın Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini – sektor müdiri Aidə Nağıyeva Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin fəaliyyəti barədə məruzə ilə çıxış edib. Məruzədə rayonun aqrar sektorunda mövcud vəziyyət, kənd təsərrüfatının inkişafı, fermer və torpaq mülkiyyətçilərinə göstərilən xidmətlər, dövlət dəstək mexanizmlərindən istifadə, əkin sahələrinin qeydiyyatı, kənd təsərrüfatı istehsalının artırılması, habelə mövcud problemlər və onların aradan qaldırılmasına dair görülən işlər təhlil edilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov müzakirə olunan məsələlərlə bağlı aidiyyəti üzrə tövsiyə və tapşırıqlarını verib. Rayonun kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin fəaliyyətinin daha da təkmilləşdirilməsini, ərazilərdə mövcud problemlərin vaxtında müəyyən edilərək həlli istiqamətində zəruri tədbirlərin görülməsini tapşırıb. Eyni zamanda, aqrar sahədə fəaliyyətin səmərəliliyinin artırılması, fermer və torpaq mülkiyyətçilərinə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, kənd təsərrüfatı istehsalının inkişafı və bu sahədə aidiyyəti qurumlar arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Sonda gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.






