19 mart – Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günüdür
Prezident cənab İlham Əliyevin 2007-ci il 17 mart tarixli Sərəncamı ilə hər il martın 19-u Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Azərbaycanda sürətli sosial-iqtisadi inkişafın təmin edilməsi, enerji-nəqliyyat sahələrində beynəlxalq kommunikasiyaların genişlənməsi ölkəmizin geosiyasi mövqeyi qloballaşma kontekstində miqrasiya proseslərinin daha da intensivləşməsinə gətirib çıxarmışdır. Eyni zamanda, ölkəmizin bir sıra dövlətlərlə vizasız gediş-gəliş rejiminin mövcud olması nəticəsində respublikamızın ərazisindən tranzit qaydada keçən və ya qısa müddətə gələn, üçüncü dövlətlərə getmək istəyən, yaxud qanuni əsaslar olmadan ölkə ərazisində yaşamaq istəyən əcnəbilərin sayının artmasına səbəb olmuşdur. Bütün bunlar ölkənin inkişafı və təhlükəsizliyinin təmini baxımından milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsini, miqrasiya proseslərinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsini, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini, habelə bu sahədə beynəlxalq əməkdaşlıq obyektiv zərurətə çevrilmişdir. Bütün bu reallıqları nəzərə alan Prezident cənab İlham Əliyev son illərdə miqrasiya proseslərinin vahid dövlət siyasəti ilə tənzimlənməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsini təmin etmişdir.
Miqrasiya proseslərinin idarəolunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi sahəsində bir sıra ciddi addımlar atılmış, əsaslı tədbirlər həyata keçirilmişdir. Belə ki, 2004-cü ildə hökumət qurumları qarşısında əsas məqsədləri müəyyən edən "Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası" qəbul edilmişdir. Bu Konsepsiyanın gerçəkləşdirilməsi və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün 2006-cı ilin 25 iyul tarixində “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının təsdiq edilməsı haqqında (2006-2008-ci illər)” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanmışdır.
Dövlət Proqramı əsasında miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanının yaradılması da obyektiv zərurət kimi meydana çıxmışdır. Bu zərurəti nəzərə alan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 19 mart 2007-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında 560 saylı Fərman imzalamışdır. Miqrasiya sahəsində dövlət siyasətini, habelə miqrasiya proseslərinin idarə edilməsində və tənzimlənməsində qanunvericiliklə müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən Dövlət Miqrasiya Xidmətinə hüquq-mühafizə orqanı statusu verilmişdir.
Azərbaycan Respublikasına gələn əcnəbilərin cəmiyyətə inteqrasiyasının sürətləndirilməsi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması qaydalarını sadələşdirmək, bu sahədə şəffaflığı təmin etmək və miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 4 mart 2009-cu ildə “Miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Fərman imzalamışdır. “Bir pəncərə” prinsipinin işə düşməsi ilə respublikada miqrasiya idarəetmə mexanizmi təkmilləşdirilmişdir.
2008-ci il dekabrın 1-dən Dövlət Miqrasiya Xidmətinin 3 dildə - Azərbaycan, ingilis, rus dillərində fəaliyyət göstərən 919 - Çağrı Mərkəzi yaradılmışdır. Mərkəzin fəaliyyəti tamamilə yenidən qurulmuş, texniki imkanları genişləndirilməklə xidmətin keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılmışdır.
Bundan başqa, 2018-ci ildə istifadəyə verilən MİGAZ mobil tətbiqi əcnəbi vətəndaşların olduğu yer üzrə qeydiyyatı, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, məhdudiyyətin və müraciət statusunun yoxlanması, son qeydiyyat tarixinin öyrənilməsi üçün kalkulyator, onlayn ödəmə və növbə, “ASAN Viza” və xidmətin digər istiqamətləri üzrə servis xidmətlərinə çıxış əldə etmək imkanı yaradır. Dövlət Miqrasiya Xidməti tərəfindən bütün “ASAN xidmət” mərkəzlərində də müvafiq xidmətlər göstərilir.
Dövlət Miqrasiya Xidməti öz fəaliyyətində daim dövlətimizin başçısının fərman və sərəncamlarını, tapşırıqlarını, tövsiyələrini rəhbər tutur, göstərilən yüksək diqqət və qayğının müqabilində işini ən müasir tələblər səviyyəsində qurmağa çalışır.
Son dövrdə Azərbaycanın miqrasiya sahəsində beynəlxalq əməkdaşlığının genişləndirilməsində önəmli hadisələrdən biri də 2021-ci ildə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin təsis edilməsi haqqında müqavilənin imzalanması olmuşdur.
Miqrasiya qanunvericiliyi ilə bağlı Dövlət Miqrasiya Xidmətinin regional miqrasiya idarələrinin əhatə etdiyi rayon və şəhərlərdə maarifləndirmə-məlumatlandırma tədbirləri, səyyar xidmətlər təşkil edilir.
Dövlət Miqrasiya Xidməti innovativ yeniliklərin tətbiqi, elektron xidmətlərin sayının və keyfiyyətinin artırılması, habelə onlardan istifadənin daha da sadələşdirilməsini daim diqqətdə saxlayır. Ötən dövrdə Dövlət Miqrasiya Xidməti tərəfindən e-xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi məqsədilə bütün elektron xidmətlər üzrə yenilənmə işləri aparılmışdır. Bundan başqa, iki yeni - “Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi” və “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” elektron xidmətləri yaradılmışdır. Eləcə də Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) ilə əməkdaşlıq şəraitində “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE 2)“ layihəsinin icrasına başlanılmışdır.
Dövlət Miqrasiya Xidməti sosial layihələrin reallaşdırılmasını da diqqət mərkəzində saxlayır. Şəhid və qazi ailələri ilə bağlı tədbirlər, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Miqrasiya Məktəbi-5” layihəsi, əcnəbi və qaçqın statusu əsasında yaşayan aztəminatlı ailələrə istiqamətlənən fəaliyyət və digər sosial layihələr, təlimlər həyata keçirilir.
Bu gün Dövlət Miqrasiya Xidmətinin əsas məqsədi, mərkəzi icra hakimiyyəti orqanı olaraq tam gücü ilə fəaliyyət göstərməsidir ki, bunun da öhdəsindən layiqincə gəlinir. Əminliklə qeyd etmək olar ki, yaranmasından qısa müddət keçməsinə baxmayaraq, Xidmət qarşıya qoyulan tapşırıqları qanunvericilik çərçivəsində vaxtında və düzgün yerinə yetirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsən xüsusi diqqət və qayğısı sayəsində fəaliyyəti tam formalaşdırılan Xidmət artıq ölkə ərazisində miqrasiya proseslərinin tənzimlənməsi, nəzarətin gücləndirilməsi istiqamətində qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlir.
Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinə peşə bayramları günü münasibətilə təbriklərimizi çatdırır, işlərində uğurlar və yeni nailiyyətlər arzulayırıq!