17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür
Hər il iyunun 17-si xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
Həmin gün öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasından alır. İlk səhiyyə və sosial təminat naziri vəzifəsinə ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyli təyin edildi. Onun rəhbərliyi müddətində dövlət hesabına pulsuz xəstəxanalar açıldı, yeni tibb ocaqlarının və laboratoriyaların tikintisinə başlanıldı və yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri görüldü.
Azərbaycanın səhiyyə işçiləri bütün dövrlərdə tibbi xidmətin səviyyəsini yaxşılaşdırmağa səy göstəriblər. Əziz Əliyev, Zərifə Əliyeva, Mirməmməd Cavadzadə, Tamerlan Əliyev, Böyükkişi Ağayev, Adilə Namazova, İbrahim Topçubaşov kimi tanınmış alimlər Azərbaycan tibb elminə əvəzsiz töhfələr veriblər.
Əsrdən artıq müddətdə Azərbaycan səhiyyəsi çox böyük inkişaf yolu keçib. Azərbaycan səhiyyəsinin ötən əsrin 70-ci illərindən sonrakı inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, əksər iri tibb müəssisələri məhz Ümummilli Liderin hakimiyyəti dövrlərində inşa edilib. Yalnız paytaxtda deyil, regionlarda da çoxprofilli xəstəxanalar əhalinin istifadəsinə verilib. Müdrik siyasətçinin ölkəmizə rəhbərlik etdiyi illərdə bir çox mütəxəssislər tibb biliklərinin təkmilləşdirilməsi üçün xaricə göndərilir, öz peşə və bacarıqlarını inkişaf etdirib Vətənə qayıdıblar.
Prezident cənab İlham Əliyevin düşünülmüş siyasəti, gərgin zəhməti sayəsində ölkəmizdə bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də dinamik inkişaf templəri müşahidə edilir. Müasir dövrün tələblərinə uyğun olaraq, milli səhiyyə sistemində mütərəqqi idarəetmə texnologiyalarının tətbiqi, innovativ layihələrin reallaşması, səhiyyənin rəqəmsallaşdırılması, uğurlu menecment sisteminin istifadəsi kimi müxtəlifyönümlü işlər icra olunur. Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər respublikamızda bu sahənin dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Ölkəmizdə 700-dən artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub. Aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır.
Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva da daim əhalinin sağlamlığının qorunmasına qayğı göstərir. Birinci vitse-prezidentin təşəbbüsü ilə səhiyyənin ən çətin problemlərinin həlli üçün icra edilən proqramlar əhalinin, xüsusən də gənc nəslin sağlamlığının qorunmasında mühüm rol oynayır.
Görülən işlərin uğurlu nəticəsidir ki, bu gün sağlamlıq göstəricilərinə görə ölkəmizin beynəlxalq arenada mövqeyi möhkəmlənməkdədir. Səhiyyə sahəsində həyata keçirilən məqsədyönlü islahatlar Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlar tərəfindən müsbət qiymətləndirilib.
Son beş ildə Azərbaycan tibb işçiləri iki sınağdan uğurla çıxıblar. COVID-19 pandemiyası Azərbaycanın səhiyyə sahəsində fövqəladə vəziyyətlərə yüksək hazırlıq səviyyəsini göstərib. Digər imtahan isə işğal olunan ərazilərimizin azad edilməsi üçün Vətən müharibəsində yaralananların həyatı uğrunda savaş olub. Azərbaycanın tibb işçiləri ordusu hər bir yaralının xilası, normal həyata qayıtması uğrunda qüvvələrini səfərbər edərək yüksək əzmkarlıqla şücaət göstəriblər. Əfsuslar olsun ki, həkimlik andına sadiq qalan, hər bir xəstənin, yaralının həyatına öz həyatı kimi münasibət bəsləyən tibb işçilərimiz arasında həm pandemiya dönəmində, həm də Vətən müharibəsində itkilər olub. 44 Günlük Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı olmaqla ümumilikdə 44 tibb işçisi qəhrəmancasına şəhid olub. Onların hər birinin əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır.
Hippokrat andı içən şərəfli peşə sahibləri, fədakar tibb işçiləri ən ağır və çıxılmaz vəziyyətlərdə də ümid işığı yandırmaq, şəfasıza şəfa, çarəsizə çarə vermək üçün hər cür zəhmətə qatlaşırlar. Elə bu nəcib peşələrinə görə tibb işçiləri hər cür hörmət və ehtirama layiqdirlər.
17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə bütün səhiyyə işçilərini təbrik edir, onlara uzun ömür, cansağlığı və işlərində uğurlar arzulayırıq!






