Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

17 dekabr – Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günüdür

17 dekabr 2024 | 10:39

Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Ordusunu və qanunvericilikdə nəzərdə tutulan digər silahlı birləşmələri müasir döyüş texnikası və silah-sursatla təmin etmək məqsədilə 2005-ci il dekabrın 16-da dövlətimizin başçısının müvafiq Sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Dövlətimizin başçısının 2009-cu il 10 noyabr tarixli Sərəncamı ilə hər il dekabrın 17-si ölkəmizdə Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Ümummilli Lider Heydər Əliyev hələ SSRİ dövründə hərbi təyinatlı zavodların Azərbaycanda yaradılmasına xüsusi diqqət və qayğı göstərib. Məhz həmin dövrdə Ulu Öndərin şəxsi təşəbbüsü və səyi nəticəsində Bakıda və digər bölgələrdə çoxlu sayda müdafiə təyinatlı elmi və istehsal müəssisələri yaradılıb.

Son illər Azərbaycanın sürətli tərəqqisi nəticəsində ölkəmizin güclü iqtisadi və hərbi potensialı formalaşıb. Azərbaycanın hərbi qüdrəti durmadan artıb. Respublikamızda müdafiə sənayesi sahəsi də uğurla inkişaf edib. Hazırlanan hərbi təyinatlı məhsulların çeşidi artıb, ordumuzun ən müasir silah növləri ilə təchiz edilməsi üçün zəruri addımlar atılıb.

Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində MSN-də 19 il ərzində mühüm uğurlar əldə olunub, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb. Ölkə rəhbərinin xüsusi tapşırıqlarına əsasən, düzgün aparılmış işlər nəticəsində nazirliyin müəssisələrində istehsal edilmiş ümumi məhsul həcminin çoxunu ixraca yönəltmək mümkün olub. Bunun nəticəsində MSN-in məhsulları dünyanın 30-dan çox ölkəsinə ixrac edilir.

Azərbaycanın müdafiə sənayesi məhsullarının böyük sınağı otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi uğrunda aparılan 44 günlük Vətən müharibəsi idi. Bu haqq savaşında MSN-nin istehsalı olan müasir silah-sursatın, pilotsuz uçuş aparatlarının uğurlu tətbiqi tarixi Qələbənin qazanılmasında əhəmiyyətli rol oynayıb.

Azərbaycan Vətən müharibəsindən qazandığı şanlı Zəfərdən sonra ilk dəfə 2022-ci ildə keçirilən IV ADEX sərgisində daha müasir silahlarını təqdim edib. Sərgidə nazirliyin müəssisələrində istehsal edilən yeddi növ yeni pilotsuz uçuş aparatı nümayiş olunub. Bu pilotsuz uçuş aparatları Vətən müharibəsində özünü yüksək səviyyədə doğruldub. Kamikadze “İti qovan” məşhur pilotsuz uçuş aparatı, eləcə də “Aerostar” və “Orbiter-4” də sərgidə göstərilən məhsullar sırasında olub.

Bütün bunlar Azərbaycanın müdafiə qabiliyyətinin inkişaf etdirmək əzmini nümayiş etdirir. Ali Baş Komandanımızın qeyd etdiyi kimi, qarşıdan gələn dövrdə də müasir silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsalına xüsusi diqqət yetirməklə Azərbaycan Silahlı Qüvvələrini və ölkəmizin müdafiə qabiliyyətini daha da gücləndirəcəyik.

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin işçilərini peşə bayramları günü münasibətilə təbrik edir, onlara şərəfli xidmətlərində uğurlar arzulayırıq.

Keçidlər