16 dekabr – Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günüdür
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 8 dekabr tarixli Sərəncamına əsasən isə hər il dekabrın 16-sı ölkəmizdə Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində əhalinin təbii və texnogen fəlakətlərdən etibarlı mühafizəsinin düzgün və etibarlı təşkili məsələlərini daim diqqət mərkəzində saxlayıb.
Dahi rəhbərin siyasətini uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin FHN-in yaradılması, bir sıra mühüm mühafizə və xilasetmə qurumlarının onun tərkibinə verilməsi, nazirliyin şəxsi heyətinin sosial vəziyyətinin, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamları, tapşırıq və tövsiyələri, eləcə də dövlətimizin başçısının FHN-in fəaliyyəti ilə bağlı bir sıra tədbirlərdə iştirakı bu sahəyə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir.
Fəaliyyət göstərdiyi 19 il ərzində nazirlik baş verə biləcək fövqəladə hadisələrin vaxtında aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan, mümkün terror hadisələrindən qorunması, yanğın və su hövzələrində, sənayedə, dağ-mədən işlərində, tikintidə və digər sahələrdə əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirib.
Nazirliyin bütün qurumlarının texnika parkı dünyada mövcud olan ən müasir müxtəlif təyinatlı maşın və mexanizmlərlə zənginləşdirilib. Nazirliyin informasiya texnologiyaları infrastrukturunun yaradılması və inkişaf etdirilməsi, elektron xidmətlərin təşkili, eləcə də respublika ərazisində baş vermiş təbii-texnogen hadisələrin statistikasının aparılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və “112” qaynar telefon xətti yaradılıb.
FHN əməkdaşlarının peşə hazırlığının artırılması məqsədilə bir sıra ölkələrin müvafiq ali təhsil ocaqları ilə bağlanan müqavilələr əsasında Nazirliyin işçiləri həmin təhsil müəssisələrində biliklərə yiyələnirlər. Bununla yanaşı, Azərbaycan Prezidentinin imzaladığı müvafiq Sərəncamla 2008-ci ildə Fövqəladə Hallar Nazirliyinin zəruri maddi-texniki baza ilə təmin edilmiş Akademiyası yaradılıb, həmçinin xarici ölkələrin müvafiq dövlət qurumları və nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələr inkişaf etdirilib.
Nazirliyin əməkdaşları yola salınan illərdə dəfələrlə çətin sınaqla üz-üzə qalıb və hər dəfə də öz peşəkarlıqlarını və cəsarətlərini ortaya qoyublar. FHN-in təşkilatçılığı və ev sahibliyi ilə ötən illər ərzində bir sıra regional və beynəlxalq əhəmiyyətli tədbirlər keçirilib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü humanist siyasətə uyğun olaraq, FHN müxtəlif ölkələrdə baş vermiş fəlakətlərin nəticələrinin aradan qaldırılması, xilasetmə və humanitar yardımların çatdırılması əməliyyatlarını uğurla yerinə yetirib.
İkinci Qarabağ müharibəsi dövründə FHN-in strukturları Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək şanlı Zəfərin qazanılmasına töhfələrini veriblər. Nazirliyin qüvvələri düşmən tərəfindən ağır artilleriya qurğularından və raketlərdən atəşə məruz qalan yaşayış məntəqələrinin yanğından mühafizəsində və xilasetmə işlərində fədakarlıq nümayiş etdiriblər.
Qeyd edək ki, FHN-in qüvvə və vasitələri ilk günlərdən işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işlərinə fəal şəkildə cəlb edilib. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin istehkam qrupları 2021-ci ilin yanvarından Ağdam və Füzulidə minatəmizləmə əməliyyatları aparır. Minaaxtarma işlərinin keyfiyyətinin yüksəldilməsi və sürətləndirilməsi məqsədilə dislokasiya məntəqəsi Bərdədə olmaqla Xüsusi Riskli Xilasetmə Xidmətinin ən müasir texnika və avadanlıqlarla komplektləşdirilən “N” saylı hərbi hissəsi yaradılıb. Bundan başqa, Nazirlik tərəfindən alınan “GCS - 200” markalı kənardan idarəedilən, müasir minatəmizləyən robotlar işğaldan azad olunmuş rayonlarda minalarla çirklənmiş ərazilərin təmizlənməsi işlərində istifadə olunur.
FHN-nin qüvvələri respublika ərazisində baş verən fəlakət hallarının aradan qaldırılmasında, yanğınların söndürülməsində, subasmaya məruz qalan ərazilərdə, sürüşmə zonalarında yaranan təhlükələrin aradan qaldırılmasında, zərərçəkən əhaliyə ilkin tibbi xidmətin göstərilməsində, xilasetmə əməliyyatlarında peşəkarlıq nümunəsi göstərirlər.
Beləliklə, Nazirliyin əməkdaşlarının fədakarlıq və peşəkarlıq örnəkləri qurumun şəxsi heyətinin ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələri daha yüksək keyfiyyətlə, operativ və sədaqətlə icra etməyə hər an hazır olduğunu göstərir.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərini peşə bayramları günü münasibətilə ürəkdən təbrik edir, onlara fədakar, məsuliyyətli və şərəfli işlərində uğurlar arzulayırıq!