15 sentyabr – Bilik Günüdür
Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür. Bu əlamətdar gün Prezident cənab İlham Əliyevin 2004-cü il 21avqust tarixli Fərmanına əsasən təsis edilib. Fərmana əsasən, ölkəmizin bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır.
Sentyabrın 15-də ümumi təhsil müəssisələrində ilk dərs "Konstitusiya və Suverenlik İli" mövzusuna həsr olunacaq.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanın təhsil siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının xüsusi diqqət və qayğısı ilə ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha bilikli yetişməsinə hesablanıb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində təhsil müəssisələrinin tikintisi və təmiri davam edir.
Qeyd edək ki, ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb.
Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir. Bu gün Azərbaycanda dövlətin elm və təhsil sahəsində siyasətinin və strategiyasının əsas prinsipləri müəyyən olunmuş şəkildə, eyni zamanda, müasir tələblərə uyğun həyata keçirilir. Təhsilin davamlı və sistemli inkişafının təmini, elmi fəaliyyətin institusional sisteminin və maliyyələşdirilmə mexanizmlərinin dünya standartlarına uyğunlaşdırılması, cəmiyyət həyatının bütün istiqamətlər üzrə inkişafında elmi potensialdan səmərəli istifadənin təmin edilməsi, elmin maddi-texniki bazasının və infrastrukturunun modernləşdirilməsi və s. elm sahəsində dövlət siyasətinin əsas məqsədləridir.
Beləliklə, istər məktəbəqədər, istərsə də ümumi və ali təhsilin inkişafı istiqamətində həyata keçirilən islahatlar sayəsində təlim-tədris şəraiti daha da yaxşılaşdırılır. Bu da öz növbəsində, təhsilin müasir dövrün tələblərinə uyğunlaşdırılmasına zəmin yaradır.
Bilik Günü və yeni dərs ilinin başlaması münasibətilə şagird, tələbə, müəllim və valideynləri təbrik edir, onlara yeni uğurlar arzulayırıq!






