11.02.2026-cı il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib
Şura iclasında gündəliyə uyğun olaraq “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin 2025-ci ildə həqiqi hərbi xidmətə çağırışla bağlı gördüyü işlər” mövzusu müzakirə olunub.
İclasda Şura üzvləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və aidiyyəti şəxslər iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov giriş nitqində gündəlikdə duran məsələnin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, gənclərin həqiqi hərbi xidmətə çağırışının yüksək səviyyədə təşkili dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Çağırış prosesinin şəffaf, qanunauyğun və operativ şəkildə həyata keçirilməsi, vətəndaşların maarifləndirilməsi, eləcə də tibbi müayinələrin vaxtında və obyektiv aparılması əsas vəzifələrdəndir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin 2025-ci ildə həqiqi hərbi xidmətə çağırışla bağlı gördüyü işlər haqqında RİHBA-nın Hüquq və kadr məsələləri sektorunun müdiri Ruslan Məmmədəliyevin hazırladığı arayış dinlənilib.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi, polkovnik-leytenant Ramil Qarayev çıxış edərək bölmə tərəfindən 2025-ci il ərzində görülmüş işlər barədə ətraflı məlumat verib. Bildirib ki, hesabat dövri ərzində də çağırışçıların tibbi müayinələrinin və hərbi xidmətə yola salınmasının təşkili, sənədləşmə işlərinin düzgün aparılması, qanunvericiliyin tələblərinin izah olunması və vətəndaş müraciətlərinə operativ baxılması daim diqqət mərkəzində saxlanılmışdır.
Məruzə ətrafında çıxış və müzakirələrdən sonra Şura iclasının qərarı qəbul edilib.
Sonda icra başçısı Orxan Abbasov nəzərdə tutulan fəaliyyətlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsinə dair aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.






