Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

10 Mart – Milli Teatr Günüdür

10 mart 2025 | 09:52

Bu gün Azərbaycan teatrı yaranmasının 152-ci ildönümünü qeyd edir. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıblar. 

Azərbaycanda teatr sənəti qədim ənənələrə malikdir. Xalq arasında müxtəlif meydan tamaşaları, kukla teatr tamaşaları (“Maral oyunu”, “Kilimarası”), bayram tamaşaları (“Kos-Kosa”), dini səciyyəli tamaşalar (“Şəbih”) və s. geniş yayılıb. Hələ XVII əsrin ikinci yarısında Azərbaycanda olmuş fransız səyyahı Şarden Çuxursəd bəylərbəyisinin İrəvan şəhərindəki iqamətgahında qonaq olarkən burada ona üç hissəli bir tamaşa göstəriblər. Bu tamaşa Şardenə o qədər xoş təsir bağışlayıb ki, onu “Şərqin operası” adlandırıb. 

Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. O, 1883-cü ildə Bakı şəhərində ilk teatr binasını inşa etdirib. Nəticədə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə siması yetişib.

1918-ci ildə Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra bir çox sahələrdə olduğu kimi, teatr sənətimizin inkişafında da mühüm işlər həyata keçirilib. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti pərakəndə fəaliyyət göstərən teatr truppalarını birləşdirərək Dövlət Teatrını yaradıb. 1919-cu il oktyabrın 24-də Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlət və hökumət rəhbərlərinin iştirakı ilə Dövlət Teatrının rəsmi açılışı olub.

Azərbaycanda peşəkar teatr sənətinin inkişafı Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı kimi böyük sənətkarların xalqımızın  tarixi keçmişini, məruz qaldığı sarsıntıları, xeyirlə şərin qarşıdurması ilə bağlı fəlsəfi düşüncələri canlandıran səhnə əsərləri ilə böyük vüsət  alıb.

Sovet hakimiyyəti illərində Azərbaycan teatrı yad ideoloji təsirlərə məruz qalsa da, öz milli varlığını qoruyub saxlaya bilmiş və respublikanın  mədəni həyatında fəal rol oynamışdır. Azərbaycan teatrının coğrafiyası genişlənərək respublikanın demək olar ki, bütün bölgələrini əhatə  etmişdir.

Teatrların repertuarları dünya ədəbiyyatının gözəl nümunələri ilə yanaşı Səməd Vurğun, Süleyman Rüstəm, Sabit Rəhman, Mirzə  İbrahimov, İlyas Əfəndiyev və başqalarının əsərləri ilə daha da zənginləşib. Həmin dövrdə tamaşaçıların sonsuz məhəbbət və rəğbətini  qazanmış Mərziyə Davudova, Rza Təhmasib, İsmayıl Hidayətzadə, Kazım Ziya, Rza Əfqanlı, Mustafa Mərdanov, Fatma Qədri, İsmayıl  Dağıstanlı, Ağadadaş Qurbanov, Adil İsgəndərov, Ələsgər Ələkbərov, Ağasadıq Gəraybəyli, Möhsün Sənani, İsmayıl Osmanlı, Hökümə  Qurbanova, Münəvvər Kələntərli, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Əliağa Ağayev, Əli Zeynalov, Sergey Yakuşef, Rahil Ginzburq,  Mehdi Məmmədəv, Həsənağa Salayev, Şəmsi Bədəlbəyli, Tofiq Kazımov, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Nəsibə Zeynalova və başqa  aktyor və rejissorların adları Azərbaycan teatr sənəti tarixinə həmişəlik həkk olunmuşdur.

Azərbaycanda dram teatrı ilə yanaşı opera və baletin də qədim tarixi kökləri vardır. Muğam sənətimiz uzun inkişaf yolu keçərək xüsusi  ifaçılıq məktəbinə çevrilmiş, muğam əsasında yaradılmış tamaşalar meydana çıxmışdır. Bunların məntiqi nəticəsi olaraq dahi Azərbaycan  bəstəkarı Üzeyir Hacıbəyovun yaratdığı “Leyli və Məcnun” operasının 1908-ci ildə ilk tamaşası ilə Azərbaycanda və bütün müsəlman  Şərqində opera sənətinin təməli qoyuldu. Üzeyir Hacıbəyov ilə birlikdə Azərbaycanda Avropa tipli peşəkar musiqi sənətinin bünövrəsini  qoyan Müslüm Maqomayevin “Şah İsmayıl” operası da muğam operası janrının incilərindən biri kimi Azərbaycan səhnəsində həmişəlik yer  tutmuşdur.

Üzeyir Hacıbəyovun dramaturgiya sahəsindəki fəaliyyəti də milli mədəniyyət tariximizdə mühüm mərhələdir. O, həm bəstəkar, həm  də dramaturq kimi 1909-1913-cü illərdə yaratdığı əsərləri ilə Azərbaycan teatrına musiqili komediya janrını gətirdi. Bu janr sonralar Qara  Qarayev, Rauf Hacıyev, Tofiq Quliyev, Süleyman Ələsgərov və başqa bəstəkarların yaradıcılığında öz inkişafını tapdı. Qara Qarayevin və  Rauf Hacıyevin operettaları bir çox ölkələrdə teatrların repertuarlarına daxil edildi.

Əsası Üzeyir Hacıbəyov və Müslüm Maqomayev tərəfindən qoyulmuş muğam opera janrının təşəkkül tapması Cabbar Qaryağdı  məktəbinin davamçıları olan xalq xanəndələrinin opera səhnəsində uğurla çıxış etmələrinə şərait yaratdı. Hüseynağa Hacıbababəyov,  Əlövsət Sadıqov, Həqiqət Rzayeva, Əbülfət Əliyev, Sara Qədimova, Rübabə Muradova, Zeynəb Xanlarova, Arif Babayev və başqaları  muğam operası janrında çıxışları ilə öz yaradıcılıqlarını daha da zənginləşdirdilər.

30-cu illərdə Üzeyir Hacıbəyovun “Koroğlu” və Müslüm Maqomayevin “Nərgiz” operalarının səhnəyə qoyulması Azərbaycan opera  sənətində yeni mərhələnin başlandığını bildirdi. Opera sənətimizin incilərindən sayılan bu əsərlərdə ilk dəfə olaraq klassik opera formasına  riayət olunmuşdur. Bu tipli operaların yaranması Bülbül və Şövkət Məmmədova kimi böyük sənətkarların öz nadir istedadlarını nümayiş  etdirmək imkanlarını artırdı. Azərbaycan vokal məktəbi ənənələrini Avropa opera mədəniyyəti ilə birləşdirən Bülbül yaradıcılığı ölkəmizdə  vokal sənətinin inkişafında və yeni tipli opera solistlərinin yetişməsində mühüm rol oynadı.

1953-cü ildə Fikrət Əmirovun “Sevil” operası Cəfər Cabbarlının eynı adlı əsərinə yeni həyat vərərək xalq ruhuna yaxın gözəl melodiyaları ilə  opera sənətinin inkişafına təkan verdi. Bu əsər Rəşid Behbudov, Firəngiz Əhmədova, Sona Aslanova və başqaları kimi tanınmış  sənətkarlarımızın yaradıcılığına keyfiyyətcə yeni cizgilər əlavə etdi.

Azərbaycan baletinin də zəngin ənənələri vardır. Qobustan qaya təsvirləri, xalq rəqs yaradıcılığının bəzi növləri Azərbaycanda bu janrın  meydana çıxması və inkişafı üçün münasib şərait olduğundan xəbər verirdi. Təməli 1923-cü ildə Azərbaycan opera teatrının nəzdində balet  studiyası kimi qoyulmuş Bakı Xoreoqrafiya Məktəbinin fəaliyyəti Azərbaycanda balet janrının təşəkkül tapması və inkişafı üçün lazımi baza  yaratdı. Məktəbin məzunlarının ilk çıxışları klassik rus və Avropa baletlərinin respublikamızda tamaşaya qoyulması ilə bağlı olurdu. 30-cu  illərin sonlarında Azərbaycanda artıq milli baletin yaradılması üçün möhkəm zəmin var idi.

1940-cı ildə ilk milli Azərbaycan baleti — Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baleti tamaşaya qoyuldu. 1952-ci ildə isə Qara Qarayevin  məşhur “Yeddi gözəl” baletinin səhnəyə qoyulması respublikanın mədəni həyatında əlamətdar hadisəyə çevrildi. Qara Qarayevin bu əsəri,  habelə onun “İldırımlı yollarla” baleti Azərbaycanın teatr sənətinin dünyada şöhrət tapması işinə xidmət etdi. Öz sələflərinin ənənələrini  ləyaqətlə davam etdirən Arif Məlikovun 1961-ci ildə yazdığı “Məhəbbət əfsanəsi” baleti nəinki Azərbaycanın, eləcə də dünyanın bir çox  ölkələrinin opera teatrlarının repertuarında möhkəm yer tutmuşdur. 70-ci illərin ən uğurlu səhnə əsəri isə Fikrət Əmirovun yaratdığı “Min  bir gecə” baleti oldu.

Rusiyada təhsil almış ilk Azərbaycan balerinası Qəmər Almaszadənin həm baletmeystr, həm də pedaqoq kimi Azərbaycan baletinin  formalaşmasında və milli xoreoqrafiya kadrlarının hazırlanmasında böyük əməyi olmuşdur. Klassik xoreoqrafiya ənənələri ilə xalq rəqs  yaradıcılığı xüsusiyyətlərini birləşdirən Azərbaycan balet məktəbi böyük uğurlar qazandı. Leyla Vəkilova, Konstantin Bataşov, Valeri  Pletnyov, Rəfiqə Axundova, Maqsud Məmmədəv, Çimnaz Babayeva, Tamilla Şirəliyeva və başqaları respublikamızda və onun  hüdudlarından kənarda Azərbaycan baletinə şöhrət gətirdilər.

Azərbaycanda opera və balet sənətinin inkişafında görkəmli Azərbaycan dirijoru və bəstəkarı Niyazinin böyük xidmətləri olmuşdur.  Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafında mühüm rol oynamış Niyazi müxtəlif simfonik əsərlərlə yanaşı “Xosrov və  Şirin” operası və “Çitra” baletinin müəllifı kimi də geniş şöhrət qazanmışdır.

Kino sənətimiz öz tarixini 1898-ci ildən başlasa da, ölkəmizin teatr ənənələri və təcrübəsindən həmişə bəhrələnmişdir. Kino sənətinin uğurları  ilk növbədə Azərbaycanın teatr xadimləri və aktyorlarının adları ilə bağlıdır.

Azərbaycan Teatr sənətinin sürətli inkişafı respublikamızda dünya standartlarına cavab vərən müstəqil sənət ocaqlarının yaranmasına  gətirib çıxardı. Bu gün respublikada Milli Dram Teatrı, Opera və Balet Teatrı ilə yanaşı Musiqili Komediya Teatrı, Rus Dram Teatrı, Gənc  Tamaşaçılar Teatrı, Kukla Teatrı, Marionet Teatrı, Pantomima Teatrı, “Yuğ” Teatrı, Bakı Bələdiyyə Teatrı və başqa teatrlar uğurla  fəaliyyət göstərirlər. İrəvan, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Salyan, Mingəçevir, Qazax, Qax, Qusar, Ağdam, Şuşa, Füzuli  teatrları öz tamaşaları ilə teatrsevərlərin dərin rəğbətini qazanmışlar.

Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb.

Bu inkişaf özünü, ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində və s. göstərir. Şübhəsiz, teatrlarımızın yeni inkişaf yoluna çıxmasında ölkəmizə rəhbərliyinin bütün dövrlərində daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu Öndər hər zaman teatra, yaradıcı insanlara çox böyük diqqət və qayğı ilə yanaşıb.

Bu ənənə bu gün onun siyasi varisi Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezident cənab İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub.

2006-cı ildə qəbul edilən “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edir.

2007-ci ildə Prezident cənab İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd – “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam  imzalayıb.

2009-cu il mayın 18-də isə dövlətimizin başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib. Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət Proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və repertuarın günün tələblərinə uyğun formalaşdırılması məqsədlərinə xidmət göstərib.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Mingəçevir, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Daxili imkanlar hesabına Dövlət Pantomima Teatrının binasının bir hissəsi bərpa edilərək tamaşaçıların ixtiyarına verilib.

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının,  Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının bina problemi köklü şəkildə öz həllini tapıb. Görülmüş işlər nəticəsində Azərbaycan Dövlət Musiqili Teatrının binası dünya standartlarına uyğun təmir edilərək istismara verilib.

Son illərdə onlarla sənət adamı dövlətimizin başçısının sərəncamları ilə yüksək fəxri adlara layiq görülüb. Hər il 100 nəfər istedadlı sənət adamına prezident təqaüdü verilir. Yüzlərlə insanın mənzil və digər problemləri həll olunur. Hər il Azərbaycan sənəti qarşısında fövqəladə böyük xidmətləri olan şəxslər ömürlük təqaüd alanlar siyahısına daxil edilir.

Ötən illər ərzində Azərbaycan teatrları dünyanın bir çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil ediblər. Həmçinin Azərbaycana xarici ölkələrdən teatr kollektivləri qastrol səfərlərinə gəliblər. Eyni zamanda, xarici dövlətlərdən 30 nəfər tanınmış rejissor, baletmeyster, xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün ölkəmizə dəvət olunub.

Bu gün Bakı şəhəri Beynəlxalq Teatr Konfransı, UNİMA-nın iştirakı ilə Beynəlxalq Kukla Teatrları Festivalı, Çexov Festivalı kimi nüfuzlu tədbirlərə ev sahibliyi edir.

Teatr sənətinin inkişafı yalnız dövlət teatrları şəbəkəsi ilə izah olunmur. Bu gün artıq ölkəmizdə özəl sektor və biznes münasibətlərindən faydalanaraq, yeni prodüser mərkəzləri yaranır. Cəmiyyətdə teatra olan marağın artması yeni teatr fəaliyyəti formalarının yaranmasına səbəb olur. Bu həm də teatrla bağlı qəbul olunmuş qanun və digər dövlət sənədlərinin işlək mexanizminə dəlalət edir. Yeni teatr formalarının ən müasir nümunəsi kimi maraqlı layihələrlə çıxış edən “ÜNS” Yaradıcılıq Səhnəsinin fəaliyyətini xüsusi qeyd etmək olar.

Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident cənab İlham Əliyevin 2013-cü il 1 mart tarixli 2755 nömrəli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin  inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb. Həmin tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur.

Azərbaycan teatrının uğurları hələ qarşıdadır. İnanırıq ki, milli teatrıımız qarşıdakı illərdə bir-birindən maraqlı səhnə əsərləri ilə daha böyük uğurlara imza atacaq.

10 Mart – Milli Teatr Günü münasibətilə bütün teatr xadimlərini təbrik edir, onlara yeni-yeni uğurlar, unudulmaz tamaşalar və alqış dolu səhnələr arzulayırıq! 

Keçidlər