Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

10 Aprel – İnşaatçılar Günüdür

10 aprel 2026 | 09:53

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli Sərəncamı hər il aprelin 10-u “İnşaatçılar Günü” peşə bayramı kimi qeyd olunur. Hər il aprelin 10-nun ölkəmizdə İnşaatçılar Günü kimi bayram edilməsi dövlətimizin başçısı cənab İlham Əliyevin bu sektorun inkişafına, bu sahədə çalışan insanların çətin və şərəfli əməyinin layiqincə qiymətləndirilməsinə diqqət və qayğısının bariz nümunəsidir.

Azərbaycan memarlığı zəngin tarixi və mədəni irsə malikdir. Bu memarlıq min illər boyunca ölkəmizin strateji mövqeyi, təbii resursları və mədəni müxtəlifliyi ilə formalaşmışdır. Azərbaycan memarlığı ənənəvi və müasir elementləri özündə birləşdirərək unikallıq yaradır.

Memarlığımızın qədim nümunələrinə Qobustan qayaüstü rəsmləri, Atəşgah məbədi, Qız Qalası, Şirvanşahlar Sarayı, Mömünə xatun türbəsi, Şəki xan sarayı və s. kimi abidələr daxildir. Bu tikililər yalnız estetik gözəllikləri ilə seçilmir, dövrün texnologiyasını və sosial həyatını nümayiş etdirir. Xüsusilə orta əsr məscidlər, karvansaraylar və qala divarları Azərbaycanın memarlıq ənənələrinin zənginliyini göstərir.

Azərbaycanda tikinti işlərinin geniş vüsət alması isə XIX əsrin sonlarına - XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdən indiyədək qorunub saxlanılan yaşayış və ictimai binalar Şərq və Qərb memarlığının sintezi olmaqla nadir sənət nümunələridir.

Xüsusilə qeyd edilməlidir ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə respublikamızda tikinti sektoru sürətlə inkişaf etmiş, sənayenin bütün sahələrində böyük inkişafa nail olunmuşdur. Bu illərdə tikinti, maşınqayırma, kənd təsərrüfatı, kimya, elektrotexnika, yüngül sənaye və digər sahələrdə onlarla nəhəng istehsalat obyektləri, yüzlərlə yaşayış binası, səhiyyə, mədəniyyət, təhsil obyektləri fəaliyyətə başlamışdır. Quruculuq prosesinə Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərliyi dövründə daha güclü təkan verilmişdir.

Müstəqil Azərbaycanın müasir memarlığının inkişafında Prezident cənab İlham Əliyevin rolu əvəzsizdir. Dövlət başçısının təşəbbüsləri sayəsində ölkəmizdə şəhərsalma siyasəti modernləşdirilmiş, estetik və funksional memarlıq nümunələri ortaya çıxmışdır. Prezident cənab İlham Əliyev memarlığın yalnız binaların tikintisi deyil, eyni zamanda mədəniyyətin, innovasiyanın və şəhərsalmanın inkişafı üçün əsas amil olduğunu dəfərlərlə vurğulamışdır.

Prezident cənab İlham Əliyevin dəstəyi ilə inşa olunan bir sıra nəhəng layihələr Azərbaycanın memarlıq simasını beynəlxalq səviyyədə tanıtmışdır. Belə ki, Heydər Əliyev Mərkəzi – dünya memarlıq mükafatları qazanan ikonik tikilidir. Alov Qüllələri – Bakı şəhərinin müasir simvoluna çevrilmişdir. Bakı Ağ Şəhər və digər yeni yaşayış kompleksləri – müasir şəhərsalma standartlarına uyğun möhtəşəm layihələrdir. Bu siyahını sonsuzadək uzatmaq olar. Çünki Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə ölkə ərazisində memarlıq və infrastruktur layihələri davamlı olaraq həyata keçirilir, yeni-yeni binalar, saraylar, komplekslər və tikililər xalqımızın istifadəsinə verilir.

Prezident cənab İlham Əliyev həmçinin tarixi-memarlıq abidələrinin bərpası və qorunmasına da xüsusi diqqət və qayğı göstərir.  

2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi isə Prezident cənab İlham Əliyevin bu sahəyə verdiyi önəmin bir daha göstəricisidir. Bu qərar ölkəmizdə şəhərsalma siyasətinin modernləşdirilməsini, tarixi və mədəni irsin qorunmasını, həmçinin yeni yaşayış və ictimai məkanların yaradılmasını stimullaşdırır.

Bu gün inşaatçılarımız peşə bayramlarını azad, tam suveren və bütöv Azərbaycanın hər guşəsində fəxrlə qeyd edirlər. Azərbaycanın şanlı Ordusunun düşmənlə mübarizədə qazandığı Zəfərdən sonra Prezident cənab İlham Əliyevin göstərişi ilə Qarabağ və Şərqi Zəngəzur hazırda başdan-başa nəhəng tikinti-abadlıq və quruculuq meydanına çevrilmişdir. Bu ərazilərdə müasir şəhərsalma layihələri aparılır, tarixi və mədəni abidələr qorunur, həmçinin yeni, funksional və estetik memarlıq nümunələri yaradılır.

Beləliklə, Azərbaycan inşaatçıları və memarları dövlətimizin qayğısı və dəstəyi ilə ölkəmizin hər guşəsində müasir memarlıq və şəhərsalma layihələrini uğurla həyata keçirir, tarixi irsimizi qoruyur və yeni əsr memarlığının əsasını qoyurlar. 

10 Aprel – İnşaatçılar Günü münasibətilə bütün inşaatçıları səmimi-qəlbdən təbrik edir, ölkəmizdə tikinti və quruculuq sahəsinin inkişafı üçün yaradıcı fəaliyyətinizdə yeni-yeni nailiyyətlər, möhkəm cansağlığı və ailə xoşbəxtliyi arzulayırıq.

 

 

Keçidlər