1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günüdür
İqtisadiyyatımızın inkişafında kənd təsərrüfatının əhəmiyyətini nəzərə alan və kənd təsərrüfatı işçilərinin əməyini yüksək qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2008-ci il 9 oktyabr tarixli Sərəncamı ilə hər il noyabrın 1-i ölkəmizdə Kənd təsərrüfatı işçiləri günü kimi qeyd olunur.
Ölkə başçısı cənab İlham Əliyev tərəfindən kənd təsərrüfatının inkişafının prioritet elan edilməsi, çoxşaxəli dövlət dəstəyi sisteminin yaradılması və ardıcıl olaraq genişləndirilməsi, islahatların dərinləşdirilməsi aqrar sahənin uzunmüddətli dinamik inkişafını təmin edir. Bütün bunların nəticəsində son illərdə kənd təsərrüfatı məhsullarının əsas növlərinin istehsalı çoxalıb, ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi xeyli yüksəlib.
Son 20 ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi real ifadədə 2 dəfədən çox artıb, qeyri-neft-qaz sektorunda yaradılmış əlavə dəyərin orta hesabla 10 faizi aqrar sahənin payına düşür.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun işğal altında olan torpaqlarımızı azad etməsi, Qarabağın və Şərqi Zəngəzurun ölkənin kənd təsərrüfatına reinteqrasiyası aqrar sahənin inkişafında da mühüm rol oynayacaqdır. Qısa müddət ərzində bu regionlar üzrə əkin dövriyyəsinə cəlb edilməsi proqnozlaşdırılan sahələrin az qala yarısında indi təsərrüfat işləri aparılır və bu işlərin görülməsi üçün tələb olunan texnika və digər istehsal vasitələri ilə təminat yüksək səviyyədə həyata keçirilir. Eyni zamanda, ölkədə kənd yerlərində infrastrukturun müasir çağırışlara uyğun inkişafı tədbirləri çərçivəsində “ağıllı kənd” layihələrinin icrasına başlanılmışdır.
Daşkəsən rayonu son illərdə kənd təsərrüfatı sahəsində də mühüm uğurlar əldə etmişdir. Rayonun zəhmətkeş fermerləri, təsərrüfat sahibləri və kənd təsərrüfatı işçiləri daim böyük əzmlə çalışaraq istehsalın həcmini artırmış, məhsuldarlığı yüksəltmiş və müasir texnologiyaların tətbiqinə öncüllük etmişlər. Onların əməyinin nəticəsində Daşkəsənin kənd təsərrüfatı məhsulları həm keyfiyyət, həm də rəqabət qabiliyyəti baxımından daha yüksək səviyyəyə çatmışdır. Rayon ərazisində tərəvəzçilik, meyvəçilik, heyvandarlıq və digər aqrar sahələr davamlı inkişaf edir. Daşkəsənli fermerlər və kənd təsərrüfatı mütəxəssisləri innovativ metodlardan istifadə edərək məhsul çeşidlərini artırır, torpaqdan səmərəli istifadə edir və yerli istehsalın rəqabət qabiliyyətini gücləndirirlər.
İqtisadiyyatımızın və kənd təsərrüfatımızın inkişafına mühüm töhfələr verən zəhmətkeş kənd təsərrüfatı işçilərini peşə bayramları günü münasibətilə ürəkdən təbrik edir, onlara yeni-yeni uğurlar və bol məhsuldarlıq arzulayırıq!






