06.03.2025-ci il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib
Şura iclasında “Daşkəsən rayonunun 2024-cü ildə sosial-iqtisadi inkişafının yekunları və 2025-ci ildə qarşıda duran vəzifələr” müzakirə olunub. İclasda Şura üzvləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, o cümlədən aidiyyəti şəxslər iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov giriş nitqində rayonun davamlı inkişafı üçün strateji istiqamətlərin dəqiq müəyyən edilməsinin vacibliyini vurğulayaraq, bundan sonra da sosial-iqtisadi layihələrin və tədbirlərin səmərəli icrası məqsədilə bütün maraqlı tərəfləri özündə birləşdirən sıx əməkdaşlıq mühitinin yaradılmasının əhəmiyyətini qeyd edib.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüqar Məmmədov məruzəsində 2024-cü ildə rayonun sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında baş verən yeniliklər, inkişaf dinamikası, iqtisadi göstəricilər, sosial infrastrukturun yaxşılaşdırılması, əhalinin rifah halının yüksəldilməsi ilə bağlı görülmüş işlər və icrası nəzərdə tutulan məsələlər barədə ətraflı məlumat verib.
İclasda iştirak edən Şura üzvləri və mütəxəssislər təqdim edilən rayonun ən son statistik məlumatlarını müzakirə edərək, iqtisadi artımın təmin edilməsi üçün atılmalı olan addımlar haqqında fikirlərini bölüşüblər. Eyni zamanda, yeni iş yerlərinin yaradılması, kiçik və orta biznesin inkişafı, kənd təsərrüfatında innovasiyaların tətbiqi, sosial layihələrin dəstəklənməsi məqsədilə yeni strategiyaların hazırlanmasının zəruriliyini diqqətə çatdırıblar. Gələcəkdə qarşıda duran vəzifələr arasında infrastruktur layihələrinin sürətləndirilməsi, təhsilin və səhiyyənin keyfiyyətinin artırılması, ekologiyanın mühafizəsi və yerli icmaların aktivləşdirilməsi kimi prioritet sahələr müəyyən edilib. İclasda həmçinin rayonun resurslarından səmərəli istifadə olunması, investisiyaların cəlb edilməsi ilə bağlı konkret təkliflər irəl sürülüb.
İcra başçısı Orxan Abbasov müzakirələr zamanı qaldırılan məsələlərin həlli və irəli sürülən təkliflərin həyata keçirilməsi üçün tapşırıq və tövsiyyələrini verib.
İclasın sonunda müzakirə olunan məsələlərə dair Şuranın qərarı qəbul edilib.