Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Su ehtiyatlarından səmərəli istifadə edilməli, itkiyə yol verilməməlidir.

25 iyul 2020 | 16:00

Dövlət başçısı bunu qarşıya vacib məsələ kimi qoymuşdur

Yayın bu qızmar çağında Azərbaycan kəndlisi iş başında - tarlasında, bağında-bostanındadır. Koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, kəndli və fermerlər karantin rejiminin şərtlərinə əməl etməklə bir gün belə, işdən-gücdən ayrılmırlar. Azərbaycan kəndlisi üçün daha bir çətinliyi isə təbiət, iqlim yaradıb. Bu, quraqlıqdır.
Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyildiyi kimi, 6 ayda aqrar sahədə 2,2 faiz artım əldə edilib. Quraqlıq olmasaydı, daha yüksək göstəricilər qazanmaq mümkün idi. Məsələn, havaların əlverişsiz keçməsi, yəni yağıntıların az olması bir sıra Aran rayonlarında taxıl becərilməsində müəyyən çətinliklər yaratdı.
Sözügedən iclasda dövlət başçısı bir daha diqqəti su ehtiyatlarının yaradılması və ondan düzgün, səmərəli şəkildə istifadə edilməsi məsələsinə yönəltmişdir. Son illər ölkədə su ehtiyatlarının yaradılması üçün çoxsaylı tədbirlər həyata keçirilib. Ümumi su tutumu 456 milyon kubmetr olan 4 su anbarı - Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə su anbarları tikilib, bundan əlavə bir neçə su anbarı təmir edilib. Naxçıvanda Heydər Əliyev (Vayxır) su anbarı istifadəyə verilib. Oğuz-Qəbələ-Bakı su kəməri çəkilib və s. Bununla belə, suya ehtiyac hələ də çoxdur.
Azərbaycanda su qıtlığı yaranmasının bir sıra səbəbləri var. Dünyada baş verən iqlim dəyişmələri və orta temperaturun yüksəlməsi, qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, eləcə də çaylarda sululuğun və yağıntıların azalması bu səbəblər sırasındadır. Digər tərəfdən, ölkədə kənd təsərrüfatı ildən-ilə inkişaf edir, əkin sahələri genişləndirilir. Beləliklə, suvarma suyuna tələbat artır. Eyni zamanda yeni içməli su təchizatı şəbəkələri yaradılır.
Suyun az olması istənilən qədər torpaqlardan istifadə etməyə imkan vermir. Odur ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə komissiya yaradılmışdır. Komissiyaya su təsərrüfatı üzrə idarəetmədə sahələrarası koordinasiyanın zəif, sudan istifadədə isə itkilərin yüksək olması kimi problemlərin həlli istiqamətində tədbirlərin görülməsi tapşırılmışdır. Belə ki, sudan qənaətlə istifadə edilməməsi, suvarmada suya qənaət edən müasir texnologiyaların tətbiqinin lazımi səviyyədə olmaması bir çox çətinliklər yaradır.
Komissiya artıq intensiv fəaliyyətə başlayıb. Bütün aidiyyəti qurumların koordinasiyası yaradılıb. Su ehtiyatları barədə operativ məlumat sistemi qurulub, alınan məlumatların gündəlik təhlili və bu işə nəzarət təmin olunub.
Nazirlər Kabinetinin sözügedən iclasında bildirilmişdir ki, vəziyyətin ciddiliyi nəzərə alınaraq, xüsusi əhəmiyyətə malik Mingəçevir və Ceyranbatan su anbarları üzrə suvarma, içməli su təchizatı və energetika məqsədləri üçün sudan istifadə rejimi təsdiq olunub və komissiyada vəziyyətə mütəmadi baxılır. Mövcud su ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü prinsipi əsasında 570 mindən artıq əkin sahəsi üzrə suvarma qrafikləri tərtib olunub. Yaradılmış proqram təminatı sayəsində qrafiklər "Elektron kənd təsərrüfatı” informasiya sisteminə inteqrasiya edilir. Suvarmaya aid problemlərin operativ qaydada həlli məqsədilə Kənd Təsərrüfatı Nazirliyi ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin fəaliyyəti əlaqələndirilib.
Dövlət başçısı demişdir: "Vahid idarəetmə mexanizminin yaradılması ilk məsələ idi. Çünki bu günə qədər bu yox idi. Bizdə, əgər belə demək mümkündürsə, su məsələləri ilə məşğul olan bir neçə dövlət qurumu var və onların arasında koordinasiya lazımi səviyyədə deyil. Buna görə bəzi təsərrüfat obyektləri, infrastruktur obyektləri nəzarətsiz qalıb... Bəzi su anbarlarından çıxan boru xətlərində, yaxud da su anbarlarına digər su anbarlarından daxil olan boru xətləri boyunca qanunsuz qoşmalar var. Yəni bu indi aşkar olunubdur. Çünki heç kimin vecinə deyildi, heç kimin məsuliyyətinə aid deyildi. Ona görə bu qanunsuz qoşmalar, əlbəttə, suyun ədalətli bölgüsünə də ziyan vurur. Aydın məsələdir ki, təsərrüfat sahibləri bu sudan istifadə edirlər. Amma o birilərinə çatmır, bir də ki, israfçılığa yol verilir. Bəzi əkin sahələrində o qədər su verilir ki, buna ehtiyac yoxdur. Ona görə burada vahid idarəetmə mexanizmi işlənməlidir”.
Prezident indiyə qədər Azərbaycanda heç vaxt su balansı tutulmamasını dözülməz hal adlandırmışdır. Odur ki, indi operativ tədbirlərlə yanaşı, ölkə üzrə ilk dəfə su təsərrüfatı balansı tərtib edilib. Su ehtiyatlarının formalaşması və istifadəsi üzrə ümumi dəyərləndirmələrin aparılmasına imkan verən su təsərrüfatı balansı əvvəlki üç ilin faktiki, cari ilin gözlənilən və növbəti ilin proqnoz göstəricilərini əks etdirir.
Su təsərrüfatı balansının formalaşması üçün su təsərrüfatı subyektlərinin məlumatlarının elektronlaşdırılması və hesabatın alınması ilə bağlı "Elektron su təsərrüfatı” informasiya sistemi yaradılıb. Hazırda su təsərrüfatı balansı sistemə ayrıca modul şəklində daxil edilib.
Ölkədə su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çaylarının sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan sututarlar üzrə prioritet layihələrə, habelə içməli su təchizatı üçün yeni mənbələrin müəyyən edilməsinə dair təkliflər hazırlanır.
Bununla yanaşı, itkilərin azaldılması həlli vacib istiqamətlərdəndir. Suvarma sahəsində itkilərin əsas səbəblərindən biri suvarma kanallarının əksəriyyətinin torpaq məcralardan olmasıdır. İtkilərin azaldılması və su ehtiyatlarının səmərəli istifadəsi məqsədilə də prioritet layihələrlə bağlı təkliflər hazırlanır.
Bu proqramın üç hissəyə bölünməsi nəzərdə tutulur. Buraya operativ həlli mümkün olan, ortamüddətli və strateji uzunmüddətli məsələlər daxildir. Ciddi dönüş yaradacaq başlanmış işlərin ilkin təzahürləri görünməkdədir.
Su ehtiyatlarının böyük hissəsi sərhədlərimizin kənarında formalaşır. Ona görə qonşu ölkələrlə də yeni əməkdaşlıq formatının yaradılması, qurumların birgə işləməsinin təşkil edilməsi nəzərdə tutulur.
İstisna edilmir ki, gələcək illərdə də indikinə bənzər iqlim mənzərəsi, yəni quraqlıq olsun. Ümumiyyətlə, iqlim dəyişikliyi dünyada ciddi problemdir. Bəzi ekspertlərin rəyinə görə, əgər indi Azərbaycanda lazımi addımlar atılmasa, 2030-cu ilə qədər bəzi ərazilərdə səhralaşma prosesi gedə bilər. Dövlət başçısı bildirib ki, buna qətiyyən yol vermək olmaz: "Eyni zamanda koordinasiya məsələləri, itkilərin azaldılması, sudan səmərəli şəkildə istifadə edilməsi - əgər biz buna nail olarıqsa, hətta mövcud su ehtiyatlarımızla məsələni həll edə bilərik”.

Keçidlər