Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Azərbaycan pandemiyaya qarşı səmərəli mübarizə aparan ölkələr sırasındadır

08 iyul 2020 | 16:00

Prezident İlham Əliyev: Koronavirus pandemiyasına qarşı görülmüş tədbirlər bizə vəziyyəti nəzarətdə, itkiləri isə minimum səviyyədə saxlamağa imkan verib.

Məlum olduğu kimi, ölkəmizdə yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısını almaq üçün lazım olan bütün addımlar atılır. Pandemiya ilə mübarizə çərçivəsində görülən işlər Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı əsasında reallaşdırılır. Ölkənin bütün əlaqədar qurumları bəhs olunan sənəddə nəzərdə tutulan tədbirləri operativ şəkildə həyata keçirmək üçün koordinasiyalı şəkildə fəaliyyət göstərirlər. Respublikamızın pandemiya ilə mübarizə büdcəsi kifayət qədər böyükdür. Belə ki, ölkəmizdə müxtəlif istiqamətləri əhatə edən proqramların, dəstək tədbirlərinin reallaşdırılmasına 3 milyard manatdan artıq vəsait ayrılıb. Vurğulamaq yerinə düşər ki, Azərbaycan pandemiyaya qarşı mübarizə çərçivəsində nəzərdə tutulan bütün tədbirləri sırf öz gücünə həyata keçirir və bu zaman heç bir xarici dövlətdən, beynəlxalq təşkilatdan kömək istəmir. Prezident İlham Əliyev üç modul tipli xəstəxananın açılış mərasimindən sonra həkim kollektivi ilə görüşdəki çıxışında Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə əsas yükü öz üzərinə götürdüyünü nəzərə çatdıraraq vurğulayıb: “Hər kəs bilir ki, bu mübarizədə, əlbəttə ki, əsas yük Azərbaycan dövlətinin üzərinə düşür. Azərbaycan dövləti əlindən gələni edir ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək”.
Azərbaycan dövləti pandemiya şəraitində də öz vətəndaşlarının yanında olmaq nümunəsi göstərir.
Biz son 16 ildə Azərbaycan dövlətinin dərinməzmunlu sosial siyasət həyata keçirdiyinin şahidi olmuşuq. Ən çətin anlarda - zəlzələlər, daşqınlar, yanğınlar və bu kimi digər təbii fəalakətlər zamanı ölkə vətəndaşlarının ilk köməyinə çatan, onlara lazımi dəstək verən məhz Azərbaycan dövləti olur.
Dövlətimiz qlobal pandemiya şəraitində də özünün vətəndaşın yanında olmaq ənənəsinə sadiq qalır. Təsadüfi deyildir ki, ölkəmizin pandemiya ilə mübarizə gündəliyində insanların sağlamlığının qorunması və onların sosial müdafiəsinin təmin edilməsi kimi məsələlər əsas prioritetlər kimi müəyyənləşdirilib. “Görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanmışdır və qabaqlayıcı tədbirlər nəticəsində bu gün vəziyyət tam nəzarət altındadır”, - deyə dövlətimizin başçısı bəhs olunan çıxışında bildirib.
Deyilənlərin təsdiqi olaraq qeyd edək ki, respublikamızın 20-dən çox ən yaxşı xəstəxanası COVİD-19-a yoluxan xəstələrin müayinə və müalicəsinə cəlb olunub. Koronavirusa yoluxmuş xəstələrin müalicəsinə cəlb olunan xəstəxanalar sırasında bir qədər bundan əvvəl Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən “Yeni klinika” da var. Eyni zamanda, Azərbaycan Tibb Universitetinin cərrahiyyə və terapevtik klinikaları yeni növ koronavirusa yoluxan xəstələrin ən çox müalicə aldıqları səhiyyə müəssisələrindəndir. Xəstəliyin müalicəsində erkən və düzgün diaqnostika vacib amildir. Qısa müddətdə paytaxt Bakıda və regionlarda 20-dən çox müasir laboratoriya təşkil olunması ölkə üzrə virusa yoluxan xəstələrin operativ şəkildə müəyyənləşdirilməsinə imkan verir. Vurğulamaq yerinə düşər ki, Azərbaycan aparılan test yoxlamalarının əhalinin sayı nisbətinə görə bütün dünyada öncül yerlərdən birini tutur. Respublikamızda pandemiya ilə mübarizə çərçivəsində, həmçinin ciddi karantin tədbirləri görülür. Karantinə alınan vətəndaşlar 4-5 ulduzlu otellərdə, Atletlər Kəndində yerləşdirilirlər və onların bütün xərcləri dövlət hesabına qarşılanır. Azərbaycanda tibbi maska, kombinezon, dezinfeksiya vasitələrinin istehsalına başlanılması da olduqca mühüm əhəmiyyətə malikdir.
Eyni zamanda, pandemiya şəraitində respublikamızda yeni xəstəxanalar inşa olunur. Cari ilin əvvəlindən bəri Prezident İlham Əliyev Qazaxda, Göranboyda, Gəncədə yeni xəstəxanaların istifadəyə verilməsi mərasimlərində şəxsən iştirak edib. Hazırda ölkəmizin müxtəlif bölgələrində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə, hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın tikintisi uğurla davam etdirilir. Qısa müddətdə 5 modul tipli xəstəxananın inşası tamamlanıb. Növbəti belə modul tipli xəstəxana Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Gəncədə istifadəyə verilib. Üç korpusdan ibarət olan, ümumilikdə 100 palata və 200 çarpayılıq bu xəstəxana kompleksi mərkəzləşdirilmiş oksigen generator sistemi, həmçinin xüsusi havalandırma sistemi ilə təchiz olunub. Digər modul tipli xəstəxanaların inşasının da yaxın vaxtlarda tamamlanması nəzərdə tutulub. İyulun 6-da isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər.
Azərbaycan, həmçinin pandemiya şəraitində öz gücünə arxalanaraq genişmiqyaslı sosial tədbirlər həyata keçirir. Prezident İlham Əliyev iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışından sonra bir qrup tibb işçisi ilə görüşdəki çıxışında ölkəmizdə bütün sosial proqramların davam etdiriləcəyinə diqqət çəkərək vurğulayıb: “Mən demişəm ki, sosial sahədə heç bir ixtisar olmayacaq. Hesab edirəm ki, koronavirus pandemiyasının miqyasından asılı olmayaraq, ilin sonuna qədər insanların yaşayış səviyyəsi dəyişməz olaraq qalmalıdır”.
Pandemiya şəraitində respublikamızda həyata keçirilən sosial tədbirlərin miqyası kifayət qədər genişdir. Artıq dövlət sektorunda fəaliyyət göstərən 900 min insanın əməkhaqqı tam ödənilib. Eyni zamanda, özəl sektorda çalışan təxminən 700 min insanın əməkhaqqının əhəmiyyətli hissəsinin ödənilməsi dövlət tərəfindən həyata keçirilib. Pandemiya şəraitində işləməyən, işini itirən, o cümlədən qeyri-formal əmək fəaiyyəti göstərən insanların sosial təminatı təşkil edilərək onların hər birinə 190 manat vəsait ayrılıb. Paralel şəkildə ünvanlı sosial yardım alanların əhatə dairəsi genişləndirilib. Hazırda 80 min ailə bu proqramla əhatə olunur və orta hesabla hər bir ailəyə ayda 220 manatdan çox vəsait ödənilir. Eyni zamanda, yenə də dövlət başçısının təşəbbüsü ilə ödənişli ictimai iş yerlərinə cəlb olunan vətəndaşların sayı artırılır. Sadalanan səhiyyə və sosial müdafiə tədbirləri bir daha təsdiqləyir ki, Azərbaycan dövləti pandemiya ilə mübarizədə üzərinə düşən hər şeyi edir. Yeri gəlmişkən, respublikamızın pandemiya ilə mübarizədə gördüyü tədbirlər beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Prezident İlham Əliyev Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitindəki çıxışında bu amilə xüsusi diqqət çəkərək “Koronavirus pandemiyasına qarşı görülmüş tədbirlər bizə vəziyyəti nəzarətdə, itkiləri isə minimum səviyyədə saxlamağa imkan verib. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb”, - deyə bildirib.
Azərbaycanın pandemiya şəraitində qlobal həmrəyliyə fəal dəstək və mühüm töhfə verməsi təqdirəlayiq haldır.
Azərbaycan dövləti ardıcıl xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığa böyük əhəmiyyət verir. Bu prinsip pandemiya şəraitində də xarici ölkələrlə əlaqələrdə özünü aydın şəkildə göstərir. Respublikamızın pandemiya ilə mübarizə gündəliyi yalnız milli səviyyədə görülən tədbirlərlə məhdudlaşmır. Ölkəmiz həmçinin pandemiya şəraitində qlobal həmrəyliyə yüksək dəstək nümayiş etdirir ki, bu da təqdirəlayiq haldır. İndiyədək Azərbaycanın təşəbbüsü ilə qlobal pandemiya ilə mübarizə mövzusunda Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans formatında Zirvə görüşləri keçirilib. Prezident İlham Əliyev Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitindəki çıxışında ölkəmizin pandemiya şəraitində beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini bildirərək deyib: “Azərbaycan pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırmışdır. Eyni zamanda, ölkəmiz bu günə qədər 29 dövlətə humanitar yardım göstərib və bu işi davam etdirməyi planlaşdırır”.
Vurğulamaq yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyev yeni növ koronavirus pandemiyasına qarşı mübarizənin səmərəliliyini artırmaq üçün qlobal həmrəyliyin gücləndirilməsinə hesablanan daha bir təşəbbüslə çıxış edib. Söhbət Dünyada Birləşmiş Millətlər Təşkilatından sonra ən böyük təsisat olan Qoşulmama Hərəkatının Sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması barədə təşəbbüsündən gedir. Bu, çox mühüm məsələdir və Azərbaycan Prezidentinin qlobal çağırışlara çox çevik reaksiya verməsinin göstəricisidir. Artıq 130 ölkə təşəbbüsə dəstək verdiyi barədə BMT Baş katibinin ofisini məlumatlandırıb. Şübhəsiz ki, BMT-nin 130 üzv dövlətinin Qoşulmama Hərəkatının Sədri statusunda Azərbaycan Prezidenti İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünü dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə və onun Liderinə olan böyük etimadın növbəti göstəricisidir. Vaksin tapılmayana qədər bütün dünya COVİD-19-la mübarizədə həmrəylik nümayiş etdirməli, birlikdə həll yolları tapmalıdır. Tarixə nəzər yetirsək, görərik ki, BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilib. Bu mənada, Azərbaycan həm də bəşəriyyətin xilasına çalışan dövlət kimi tarixə düşüb.

Keçidlər