Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Prezident cənab Ilham Əliyev - Ermənistan özünü dünyadan təcrid etdi

07 iyul 2020 | 16:00

Hesab edirəm ki, bunun əsas səbəbi Ermənistanda hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır, Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təzahürüdür. Ancaq Ermənistan özü-özünü çox pis vəziyyətə qoydu.
Bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bildirib.
"Ermənistan özünü dünyadan təcrid etdi. Çünki bu təşəbbüsün əleyhinə çıxmaq ağılsızlıqdır və qeyri-rasional düşüncənin məhsuludur. Çünki biz bu təşəbbüsü irəli sürəndə bir məqsədi güdürdük ki, artıq dünya miqyasında səylərimizi birləşdirək. Bu təşəbbüslə əlaqədar bizim konkret təkliflərimiz də olacaqdır.
Çünki türk dünyasında biz bunu keçirdik, 120 ölkəni əhatə edən Qoşulmama Hərəkatı çərçivəsində keçirdik. İndi biz dünya miqyasında bunu keçirmək istəyirik ki, burada vahid bir yanaşma tətbiq olunsun, ölkələr özlərinə qapanmasın, inkişaf etmiş ölkələr ağır vəziyyətdə olan ölkələrə kömək göstərsinlər. Biz bunu görmürük. İndi biz görürük kim kimə kömək göstərir. Peyvənd icad olunandan sonra bu peyvəndi pulla ala bilməyən ölkələrə bu, pulsuz verilsin. Burada donor təşkilatlar, iri biznes qurumları öz sözünü desin. Yəni, biz bu təklifləri buna görə, həm də həmrəyliyi nümayiş etdirmək üçün veririk.
Hələ bilinmir ki, peyvənd icad olunandan sonra nələr baş verəcək? İndi dərmanlar, cihazlar uğrunda mübarizə gedir. Biz özümüz bu vəziyyətlə üzləşmişdik. Biz sifariş edilmiş və pulla alınmış bəzi cihazları ölkəmizə gətirə bilməmişik. Çünki imkan vermədilər. Ona görə peyvənd icad ediləndən sonra hansı vəziyyət olacaq? Bunu heç kim bilmir. Birincisi, bu peyvənd nə dərəcədə səmərəli olacaq? İndi testdən keçir.
Sonra kasıb ölkələrin ona əli çatacaq, yoxsa yox? O, pullamı satılacaq, yaxud da ki, Ümumdünya Səhiyyə Təşkilatı onu paylayacaq? Yoxsa ki, zəngin ölkələr bundan istifadə edib öz əhalisinin canını qurtaracaq, amma kasıb ölkələrdəki insanlar öləcək? Bu, dözülməzdir. Bütün bu məsələlər vahid bir yanaşma tələb edir. Hətta ölkələr BMT Baş Assambleyasında vahid bir fikrə gəlməsələr belə, biz bu məsələni qaldırmalıyıq. Biz dünya birliyinin məsuliyyətli ölkəsi kimi bu məsələni qaldırırıq. Ona görə Ermənistanın bu addımı qətiyyən başadüşülən deyil", - Prezident vurğulayıb

Keçidlər