Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Terror Ermənistanda dövlət səviyyəsində dəstəklənir

29 iyun 2020 | 16:00

Terrora dövlət səviyyəsində dəstək verən Paşinyan yenə də sərsəm ritorikaları və diplomatiya tarixinə ləkə gətirən qeyri-ciddi çıxışı ilə diqqəti cəlb etdi. Ancaq İlham Əliyev digər beynəlxalq toplantılarda olduğu kimi, növbəti dəfə də Paşinyanın yalan üzərində qurulmuş çıxışını dəqiq faktlara və arqumentə əsaslanan məntiqli fikirləri ilə alt-üst etdi. Azərbaycan Prezidenti bir daha işğalçı rejimin rəhbərini rəzil gününə saldı.
Burada bir məqamı qeyd edək ki, Paşinyan Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarını tamamilə saxtalaşdırılmış formada təqdim edərək bu qərarda guya Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirdiyinin əks olunduğunu iddia etdi. Halbuki Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Paşinyanın iddia etdiyi xüsusda Azərbaycana qarşı hər hansı bir ittiham irəli sürülməyib. Bu məhkəmənin qərarında irqçilik ittihamı əsasında Azərbaycanın hər hansı bir dövlət məsuliyyətinin də olduğu qeyd edilməyib.
Beləliklə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında Azərbaycanı irqçilikdə ittiham edən Paşinyan növbəti dəfə özünü yalanla və saxtakarlıqda ifşa etdi. Digər tərəfdən Paşinyan aldığı cavabla erməni terrorunu bir daha gündəmə gətirdi. Belə ki, qeyd olunduğu kimi, Prezident İlham Əliyev çıxışında erməni terrorçusu Karapetyanla bağlı məsələyə toxundu. Dövlət başçısının haqqında danışdığı hadisə 1983-cü il iyulun 15-də Parisin Orli hava limanında baş verib. ASALA terror təşkilatının üzvü Varujan Karapetyanın başçılığı altında həyata keçirilən, Türk Hava Yollarının kassası qarşısında törədilən qanlı terror aktında həlak olan 8 nəfərdən 2-si Türkiyə, 4-ü Fransa, 1-i ABŞ, 1-i isə İsveç vətəndaşı idi. Terror zamanı 55 nəfər də yaralanmışdı. Karapetyan istintaqa ifadəsində hadisəni törətdiyini boynuna alaraq, əslində, əsas məqsədinin bombanı təyyarənin içində partlatmaq olduğunu etiraf etmişdi. Törətdiyi cinayətə görə Fransa məhkəməsi onu ömürlük həbs etsə də, 2001-ci ildə Karapetyan Ermənistana ekstradisiya olunmuşdu. Burada qəhrəman kimi qarşılanan terrorçu Ermənistanın ovaxtkı baş naziri Andranik Marqaryan tərəfindən qəbul edilmiş, mənzil və işlə təmin olunmuşdur.
Bu, bir daha onu göstərir ki, qanlı terror törədən insanın Ermənistanda qəhrəmanlaşdırılması adi haldır. Bu, Ermənistanda terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini göstərən çoxsaylı faktlardan biridir. Bu məqamın beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidenti tərəfindən yenidən gündəmə gətirilməsi Ermənistanı növbəti dəfə mat vəziyyətinə saldı.
Beləliklə, Paşinyanın videokonfransda həm Azərbaycan Prezidenti, həm də bütün iştirakçılar qarşısında aciz və gülməli duruma düşməsi bir daha onun küçə adamı olaraq qaldığını nümayiş etdirdi. Eyni zamanda yardım dilənən Ermənistanla qlobal səviyyədə humanitar missiya yerinə yetirən Azərbaycanın fərqi aydın göründü.

Keçidlər