Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

“HƏYAT ÜÇÜN DOĞULMUŞUQ, VƏTƏN ÜÇÜN ÖLMƏLİYİK”

16 yanvar 2018 | 16:00

20 Yanvar  faciənin 28-ci ildönümü  ilə bağlı yanvar ayının 16-da Daşkəsən şəhər İ.Nəsimi adına 1 saylı tam orta məktəbdə “Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik” adı altında yığıncaq keçirilib.
Məktəbin şagird və müəllimləri ilə yanaşı, valideynlərin və ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi tədbiri məktəbin direktoru Sevil Ələsgərova açıb. O, çıxışında bildirib ki, keçmiş Sovet İmperiyası ordusunun qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçmiş 20 Yanvar şəhidlərimiz tariximizin qəhrəmanlarıdır. Bu qanlı hadisələrdən on illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, faciəni törədənlərə öz dərin nifrətini bildirir.
S.Ələsgərova qeyd edib ki, 20 Yanvar şəhidlərindən olan Ülvi Bünyadzadə Daşkəsən şəhər İ.Nəsimi adına 1 saylı tam orta məktəbin məzunu olub və elə həmin məqsədlə də hər il 20 Yanvar faciəsinin ildönümü ilə bağlı məktəbdə keçirilən tədbirlər “Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik” adı altında keçirilir. Həyat üçün doğulub Vətən üçün ölmək eşqi Ülvi Bünyadzadənin idealı idi. O öz canını Vətəni uğrunda fəda etməklə əsl vətəndaşlıq nümunəsi göstərmişdir. Bu gün Ülvi Bünyadzadənin adı məktəbimizin hər bir şagird və müəllimi üçün əziz olmaqla bahəm, həm də bizim fəxr və qürur yerimizdir.
Çıxışında şəhidin ömür yolundan geniş söhbət açan S.Ələsgərova deyib:
- Ülvi Bünyadzadə 12-13 yaşlarından sonra, ümumiyyətlə, bütün şagirdlik həyatı boyunca vaxtaşırı olaraq şeirləri, müxtəlif səpgili bədii və publisistik yazıları ilə "Daşkəsən" qəzetində çıxış etmişdir. Eyni zamanda rayonda fəaliyyət göstərən "Qoşqar" ədəbi birliyinin üzvlüyünə qəbul edilmişdir. Orta məktəbdə oxuduğu illərdə Ülvi həm də yeddiillik musiqi təhsili almışdır. O, qarmon, tar, saz, piano, kamança kimi musiqi alətlərində çalmağı bacarırdı. 1986-cı ildə sənədlərini ADU-nun şərqşünaslıq fakültəsinin fars dili şöbəsinə vermiş, imtahanlarını müvəffəqiyyətlə versə də, müsabiqədən keçməmiş, Daşkəsən şəhərinə qayıdaraq rayon təmir-tikinti idarəsində rəngsaz işləmişdir. 1987-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin ingilis dili fakültəsinə daxil olmuşdur. Təhsilə başladığı ilk günlərdən qrup nümayəndəsi seçilmiş, dərs əlaçısı və fəal ictimaiyyətçi kimi tezliklə bütün institutda tanınmışdır. İnstitutun qəzetində yazıları mütəmadi çap olunmuşdur.
O, 1988-ci ilin iyunundan 1989-cu ilin sentyabrına qədər hərbi xidmət keçmişdir. Ülvi əsgəri xidmətini yüksək səviyyədə yerinə yetirdiyinə görə hərbi hissədə Sov.İKP üzvlüyünə qəbul edilmişdir. 1989-cu ilin sentyabr ayında SSRİ Müdafiə Nazirinin həmin dövrdəki qərarına əsasən tələbə olduğu üçün vaxtından 9 ay əvvəl hərbi xidmətdən tərxis olunmuş və APXDİ-nin II kursunda təhsilini davam etdirmək üçün sentyabr ayının əvvəllərində Kanskdan Bakıya qayıdan Ülvi həmin gün mitinqdə iştirak etmiş və uydurma "Dağlıq Qarabağ probleminin" xalqı üçün yaratdığı sıxıntıların, iztirabların, gərginliklərin daha da dərinləşdiyinin şahidi olmuşdur. 10 sentyabr 1989-cu ildə Ana torpağı, doğma xalqı qarşısında övladlıq borcunu şərəflə, ləyaqətlə yerinə yetirəcəyini vicdan borcu bilərək öz müqəddəs "And"ını yazmışdı.
Natiq onu da qeyd edib ki, Sov.İKP-nin bütün sovet xalqlarının həyatında oynadığı mənfi rolu başa düşərək Bakıya qayıtdıqdan sonra Azadlıq meydanında (dekabr) mitinq zamanı "Xalqı bu mübarizədə gedilən yoldakı qələbəyə inandırmaq üçün lazım olsa, bütün cismimizi yandırmağa hazır olmalıyıq" deyərək kommunist biletindən imtina etdiyini bildirmiş, bileti oradaca ovcunun içində nümayişkaranə yandırmışdır. 19 yanvar 1990-cı ildə gecə Bakıya girən Sovet ordusunun yolunu kəsmiş, dinc piketin gülləboran edilməsinə dözməyərək, sinəsini xalqına tuşlanmış gülləyə sipər etmiş və saat 00:20-də həlak olmuşdur. Yanvarın 20-də axşamüstü dostları, tələbə yoldaşları və müəllimləri onun cəsədini Semaşko adına xəstəxanadan tapdılar. Ülvi Bünyadzadə Bakıda Şəhidlər Xiyabanında 40-cı qəbirdə dəfn olunmuşdur.
Çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev faciə zamanı həlak olan şəhidlərimizin əziz ruhuna Allahdan rəhmət diləyərək deyib: “20 Yanvar şəhidlərini xalqımız heç vaxt unutmayacaqdır. Daşkəsən şəhər İ.Nəsimi adına 1 saylı tam orta məktəbdə 1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna hərbi təcavüzü zamanı həlak olmuş şəhidlərimizdən biri Ülvi Yusif oğlu Bünyadzadə təhsil alıb. 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Bu, uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 20 Yanvar günündə xalqının səsinə hər kəsdən əvvəl səs verən Heydər Əliyev oldu. Ümummilli liderimiz 1990-cı il yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən Mixayıl Qorbaçovu kəskin ittiham edərək qoşunların Bakıdan çıxarılmasını tələb etdi. SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda onu və başçısını paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Ulu Öndər Heydər Əliyev bununla, hər şeydən əvvəl Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqeyini nümayiş etdirdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi”.
Tədbirdə digər çıxış edənlər də faciənin tarixi əhəmiyyətindən, ictimai-siyasi mahiyyətindən danışaraq onu xalqımızın müstəqillik uğurunda apardığı mübarizənin təntənəsi kimi səciyyələndiriblər.     
Daha sonra məktəbin şagirdləri şəhidlərə həsr olunmuş şeirlər oxuyub, səhnəciklər göstəriblər.

Elmar VÜQARLI

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Keçidlər