Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsənin bütün ümumtəhsil məktəblərində “Bilik günü” yüksək səviyyədə qeyd edildi

15 sentyabr 2017 | 16:00

Daşkəsən rayonunda 15 sentyabr yeni dərs ilinin başlanması – “Bilik günü” münasibəti ilə rayon ərazisində yerləşən 42 ümumtəhsil məktəbində tədbirlər keçirildi. Həmin tədbirlərdə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, rayonun Təhsil Şöbəsinin işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri valideynlərlə birgə yaxından iştirak etdilər.

Tədbirlərdə çıxış edənlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə təhsilinin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir hissəsi hesab etdiyini bildirdilər.  Həmin siyasətin bu gün möhtərəm Prezident çox hörmətli cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun yaradıcılıqla davam etdirildiyi xüsusi qeyd olundu. Bildirildi ki, təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının davamlı olaraq artırılması, onların iş şəraitinin yaxşılaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları, habelə respublikanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurla icrası və Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın "Yeniləşən Azərbaycana yeni məktəb Proqramı" və digər bu kimi tədbirlər dövlətimizin təhsil sahəsinə göstərdiyini diqqətin bariz nümunəsidir. Ölkəmizin hər bir yerində, o cümlədən Daşkəsən rayonunda da müasir standartlara cavab verən yeni ümumtəhsil məktəblərinin tikilməsi, onların əsaslı təmir edilməsi ilk növbədə gənc nəslin savadlı və sağlam cəmiyyətdə yetişməsinə xidmət göstərir.
***
Yeni dərs ilinin ilk günü Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı tam orta  məktəbdə də təntənəli şəkildə qeyd olundu. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev də iştirak edirdi.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev tədbirin açılışında Ulu Öndər Heydər Əliyevin “Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli  vətəndaşlar hazırlamaqdır“,  “Müəllim adı şərəfli və müqəddəs addır”  tarixi kəlamları ilə çıxışına başlayaraq dedi: 
- Sizi Daşkəsən rayon ictimaiyyəti adından, eləcə də öz adımdan salamlayır, 15 sentyabr – Bilik günü münasibətilə Sizləri təbrik edir, hər birinizə möhkəm cansağlığı və çox hörmətli möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə  Onun diqqət və qayğısı əsasında inkişaf edən müstəqil Azərbaycanımıza sülh, sabitlik və yeni-yeni uğurlar, qələbələr  arzulayıram. 
Bildiyimiz kimi Azərbaycan təhsilinin bugünkü yüksək səviyyəli inkişafı ötən əsrin 70-ci illərindən ümummilli lider Heydər Əliyev tərəfindən uğurla aparılan uzaqgörən və məqsədyönlü siyasətinin nəticəsidir.  O vaxtdan başlayan qlobal miqyaslı təhsil quruculuğu sonrakı inkişaf üçün güclü təməl olub. Ulu Öndər müəllimlərə hər zaman sonsuz hörmətlə yanaşıb. Azərbaycanda ali təhsil də Heydər Əliyevin rəhbərliyi dövründə inkişafa qədəm qoyub. Məktəb tikintisi, xaricdə təhsil, peşə təhsilinə diqqət, şagirdlərə dərsliklərin pulsuz verilməsi yenidən reallaşıb, büdcədən təhsilə ayrılan vəsait ildən-ilə çoxalıb. Hər il ən yüksək bal toplayan gənclərə xüsusi Prezident təqaüdü, istedadlı gənclərə fəxri təqaüdlərin verilməsi də təhsilə qayğıdır. Həmin siyasət bu gün möhtərəm Prezident çox hörmətli cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun yaradıcılıqla davam etdirilir.
Rayonumuzda da təhsilin inkişafına göstərilən böyük diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əlyevaya bütün daşkəsənlilər adıdan bir daha öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Ölkə Başçısının təhsilə olan qayğısı respublikanın hər yerində olduğu kimi, Daşkəsən rayonunda da uğurla həyata keçirilir. Təkcə son illərdə Quşçu, Mollahəsənli, Muşavaq, Bayan, Əmirvar-Əhmədli kəndlərində və Daşkəsən qəsəbəsində müasir tələblərə tam cavab verən ümumtəhsil məktəblərinin tikilib istifadəyə verilməsi, bir çox təhsil müəssisələrinin əsaslı və cari təmir edilməsi buna əyani sübutdur.
Rayonumuzda təhsilin inkişafı, son illərdə tədrisin maddi-texniki bazasının möhkəmləndirilməsi, şagirdlərin normal təhsil almaları üçün lazımi şəraitin yaradılması istiqamətində görülən işlərin səviyyəsi ötən illərə nisbətən daha geniş miqyas almışdır. Daşkəsən rayonunda təhsilin inkişafı üçün atılan addımlara görə Təhsil naziri hörmətli Mikayıl Cabbarova daşkəsənlilər adından təşəkkürümüzü bildiririk.
Bu gün – 15 sentyabr Daşkəsən rayonunun bütün şagirdləri, həmçinin onların valideynləri üçün əlamətdar bayram günüdür. Rayonumuzun sayılıb-seçilən ümumtəhsil məktəblərindən biri olan şəhid Anar Mürsəlov adına 2 saylı tam orta məktəbdə də Bilik günü yüksək səviyyədə keçir. Ötən tədris ilində məktəbin şagirdləri keçirilmiş rayon və respublika səviyyəli tədbirlərdə bir-birinin ardınca parlaq qələbələr qazanmışlar. Ən əsası isə, məktəbin məzunları builki qəbul imtahanlarında yüksək göstəriciləri ilə bizləri bir daha da sevindirmişlər. Belə ki, ali məktəblərə qəbul olunmaq üçün sənədlərini təqdim etmiş 20 nəfər məzunun 18-i tələbə adını qazanıb. Onlardan 1 nəfəri 633 bal, 3 nəfəri isə 500-dən çox bal toplayıb. 9 illik təhsil bazasndan isə 12 nəfər məzunun 8-i  respublikanın müxtəlif orta ixtisas məktəblərinə qəbul olunub. Bu, həqiqətən də, ürəkaçan nailiyyətdir. Mən bu yüksək göstərici münasibəti ilə sizləri, məktəbin bütün müəllim kollektivini təbrik edirəm.  
Bu gün burada Sizinlə “Bilik günü” bayramında  iştirak etmək, Sizin sevincinizə şərik olmaq mənim üçün şərəflidir, qürurvericidir. Əlvan geyimli bir-birindən gözəl şagirdlərimiz görürəm. Əminəm ki, yay tətilindən qayıdan şagirdlərimiz yeni biliklər əldə etməyə tələsirlər.
Ölkəmizin gələcəyi olan əziz şagirdlərimiz bu tədris ilində də müəllimlərin təlim-tərbiyəsi altında ötən illərdə  öyrəndikləri  bilik  və   bacarıqların üzərinə yenilərini əlavə edəcəklər. Bunun üçün, əlbəttə, səylə oxumaq, müəllimlərin dediklərinə əməl etmək, tapşırıqları müstəqil yerinə yetirmək lazımdır. Ümumiyyətlə, hər bir şagird düşünməlidir ki, onun vəzifəsi yaxşı oxumaq, ölkəmizin gələcəyi üçün bilikli, bacarıqlı, ağıllı və məsuliyyətli böyüməkdir.
Mən çıxışımın sonunda bu gün ilk dəfə olaraq məktəbə gələn birinciləri, artıq neçə illərini məktəbdə keçirən şagirdləri, bu il məktəbdə son illəri olan 11-ciləri,  müəllimləri, müəllim olaraq ilk dəfə fəaliyyətə başlayan gəncləri, bir sözlə rayonumuzun təhsil sahəsində çalışan hər bir kəsi  "Bilik günü" münasibətilə Daşkəsən rayon ictimaiyyəti adından, eləcə də öz adımdan bir daha da təbrik edir, Sizə yeni-yeni uğurlar arzulayıram.
Bilik gününüz bir daha mübarək olsun!
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev birinci sinfə gələn şagirdlərlə, valideynlərlə musiqi sədaları altında rəqs elədi və xatirə şəkli çəkdirdilər.
Daha sonra çıxış edən Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı tam orta məktəbin  direktoru Aybəniz xanım Vəliyeva yeni dərs ilinin başlaması münasibətilə tədbir iştirakçılarını səmimi qəlbdən təbrik edərək Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarova və Şəmkir Regional Təhsil İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirdi!
Bilik günü məktəb şagirdlərinin hazırladığı bədii kompozisiyalar ilə davam etdi.
Müəllimlər və valideynlər rayonumuzda təhsilə göstərdiyi ali diqqət və qayğıya görə ölkə Başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.
"İlk zəng"in səslənməsi ilə siniflərə şagirdlər girərək yeni dərs ilinə başlanıldı.

Elmar VÜQARLI

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Keçidlər