Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsənli məktəblilər “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasına qoşulublar

23 mart 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyalara start verilib.
“Ölkəmizi tanıyaq” maarifləndirici tur layihəsi çərçivəsində növbəti ekskursiya 23 mart 2017-ci ildə Daşkəsən  rayonunda gerçəkləşdirildi.
Daşkəsən Rayon İcra Hakimiyyətinin, təhsil şöbəsi işçilərinin və valideynlərin iştirakı ilə rayonun Heydər Əliyev meydanından yolasalma mərasimi keçirilib.
Tədbirdə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini–Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Cavanşir Qocayev bildirib ki, bu aksiyalar gənclərimizə respublikamızın tarixini dərindən öyrənməklə yanaşı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradır.
Çıxış edən valideynlər də məktəblilərə uğurlar arzulayaraq, ölkəmizi daha yaxından tanımaq üçün onların övladlarına yaradılan şəraitə və şagirdlərin dünya görüşünün yüksəlməsində, onların azərbaycançılıq ruhunda böyüməsi üçün mühüm əhəmiyyət kəsb edən tur-aksiyaların təşkilinə görə Azərbaycan Respublikasının Prezidentinə öz dərin minnətdarlıqlarını bildiriblər.
Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı orta məktəbin 10-cu sinif şagirdi  Nağıyeva Gülnarə  bildirib ki, səfərimizin maraqlı və faydalı olacağına inanıram. Tur-aksiya bizə Vətənimizi daha yaxından tanımaq, bildiklərimizi praktik cəhətdən zənginləşdirmək imkanı yaradacaq. Eyni zamanda, bu səfərdə yeni dostlar qazanacağıq. Bir sözlə, geriyə maraqlı və xoş təəssüratlarla dönəcəyimə əminəm.
Daşkəsən məktəbliləri “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində 23-26 mart 2017-ci il tarixlərdə Qəbələ-Şəki-Zaqatala marşrutunun iştirakçıları olacaqlar. Qrupa daxil olan şagirdlərə 4 gün ərzində gedəcəkləri rayonlardakı tarixi yerlər, Heydər Əliyev mərkəzləri və tarix-diyarşünaslıq muzeyləri barədə hərtərəfli bilgilər veriləcək. Bu da şagirdlərə Vətənimizin dilbər guşələri haqqında daha geniş məlumatlar əldə etməyə imkan verəcəkdir.
  Sonda Ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış  abidə kompleksi qarşısına tər gül-çiçək dəstələri düzən  40 məktəblidən ibarət qrup Qəbələ rayonuna  yola düşdü.

Keçidlər