Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYONUNDA XALQIMIZIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİ DƏRİN EHTİRAMLA YAD EDİLDİ

12 dekabr 2016 | 16:00

“Zaman keçdikcə və biz dünyada baş verən siyasi prosesləri dərk etdikcə Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi üçün nə qədər cəsarətli addımlar atdığını, nə qədər ağır zəhmət, məşəqqət, fədakarlıq hesabına müstəqil Azərbaycan dövlətini qurub yaratdığını bir daha özümüz üçün aydınlaşdırmış oluruq.”
Əhəd Abıyev
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı

Ümummilli Lider Heydər Əliyevin vəfatının 13-cü ildönümünə daşkəsənlilər yüksək səviyyədə hazırlıqla gəlmişdilər.  Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin sərəncamına əsasən tədbirlər planı hazırlanmış,  rayonda dekabr ayının 1-dən 10-dək anım günü dahi liderin ruhuna hörmət və ehtiram əlaməti olaraq silsilə tədbirlərlə qeyd olunmuşdur. Tədbirlər planına uyğun olaraq rayonun ümumtəhsil məktəblərində, təhsil, səhiyyə müəssisələrində, idarə və təşkilatlarında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində  anım tədbirləri keçirilmişdir.
Ümumtəhsil məktəblərində inşa yazı, rəsm müsabiqələri, Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş disputlar, kompozisiyalar, dəyirmi masalar, təhsil müəssisələrində kitab sərgiləri, foto stendlər, oxucu konfransları və həyata keçirilən digər anım tədbirləri daşkəsənlilərin Ulu Öndər   Heydər Əliyevə, onun müqəddəs ideyalarına hörmət və ehtiramı olaraq iştirakçıların ürəyindən xəbər vermiş, onları Heydər Əliyev şəxsiyyətinin nümunəsində Vətənə, xalqa, torpağa daha sədaqətli olmağa ruhlandırmışdır.
Qeyd edilən tədbirlərin davamı olaraq dekabr ayının 12-də Daşkəsən Rayon İcra Hakimiyyəti və  YAP Daşkəsən rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon ictimaiyyətinin 2000-dən çox nümayəndəsi Ulu Öndərin rayon mərkəzində ucalan abidəsi önünə hüznlü  musiqi sədaları altında gül-çiçək dəstələri düzmüş, dahi rəhbərə sonsuz hörmət və ehtiramlarını bir daha nümayiş etdirmişlər.
Gülqoyma mərasimindən sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinə baş çəkmiş, burada Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu fotolara baxmışlar.
Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon ictimaiyyətinin bütün təbəqələrindən olan nümayəndələrin iştirakı ilə səmimi bir atmosferdə yığıncaq da keçirilmişdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev yığıncaq iştirakçılarını salamladıqdan sonra ilk öncə Müasir Azərbaycanın memarı, qurucusu, Ulu Öndər  imiz Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmələrini xahiş etmişdir. Film nümayişindən sonra XX əsr Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti olan Ulu Öndər  imiz Heydər Əliyevin həyat və fəaliyyətindən, onun xalqımız və dövlətimiz üçün gördüyü taleyüklü məsələlərdən danışan Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev öz çıxışında qeyd etmişdir ki, on üç il bundan qabaq Vətən öz böyük oğlunu itirmişdir. Ancaq bu on üç ilin hər bir ili Heydər Əliyev siyasətinin təntənəsi ili olmuşdur. Çünki bu on üç ildə Heydər Əliyev siyasəti çox hörmətli möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, Azərbaycan beynəlxalq aləmdə iqtisadi gücü və nüfuzu ilə böyük şöhrət qazanmışdır.
Ötən 13 il müddətində biz Ümummilli Lider Heydər Əliyevin böyüklüyünün bir daha şahidi olduq. Ötən hər gün Ulu Öndər  in nə qədər böyük bir insan, şəxsiyyət, siyasətçi, dövlət xadimi, dahi olduğunu bir daha göstərdi. Zaman keçdikcə və biz dünyada baş verən siyasi prosesləri dərk etdikcə Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi üçün nə qədər cəsarətli addımlar atdığını, nə qədər ağır zəhmət, məşəqqət, fədakarlıq hesabına müstəqil Azərbaycan dövlətini qurub yaratdığını bir daha özümüz üçün aydınlaşdırmış oluruq.
Türkiyənin tanınmış dövlət xadimi Bülənt Ecevit siyasət nəhəngi Heydər Əliyevin yalnız Azərbaycan xalqı qarşısında deyil, bütün türk dünyası qarşısında xidmətlərini qiymətləndirərkən böyük fəxrlə demişdir: “Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir”.
  Ulu Öndər   Heydər Əliyev həm keçmiş sovet, həm də müstəqillik dönəmində Azərbaycanın inkişafı, onun dünya dövlətləri cərgəsində layiqli yerini tutması üçün böyük əmək sərf etmiş, mənsub olduğu xalqın və eyni zamanda özünün adını əbədi olaraq tarixə yazmışdır.
Ulu Öndər  in Azərbaycana rəhbərliyinin 30 ilinin az qala üçdə ikisi sovet dövrünə təsadüf etmişdir. Heydər Əliyev məhz bu illərdə, sovet imperiyasının sərt rejiminə baxmayaraq, Azərbaycanın gələcək müstəqilliyi üçün göstərdiyi misilsiz xidmətləri ilə tarixdə layiqli yerini qazanmışdır.
Bu parlaq şəxsiyyətin həmin illərdəki fəaliyyətini araşdırdıqda Vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, mədəniyyətinə, ədəbiyyatına son dərəcə böyük sevgi və hörmət ilə yanaşdığını görür və heyrətlənməyə bilmirsən. Ulu Öndərin xidmətlərini təhlil etdikdə aydın olur ki, bu dərin zəka sahibi hələ dövlət təhlükəsizlik orqanı kimi çox sərt rejimli bir strukturda çalışanda belə milli mənsubiyyəti ilə fəxr etmiş, qəlbində Azərbaycanın müstəqillik arzularını yaşatmışdır. Bu arzular Ulu Öndərin bütün fəaliyyəti boyu çox aydın şəkildə özünü göstərmişdir.
Heydər Əliyevin dövlətçilik səriştəsi, dərin zəkası, fenomenal yaddaşı, insanları idarə etmək bacarığı həmin vaxt SSRİ-nin tərkibində olan bütün xalqlar tərəfindən yüksək qiymətləndirilmişdir.
Ümummilli Liderimizin keçmiş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitənin Siyasi Bürosunun üzvləri arasında xüsusi yeri hətta adi vətəndaşlar tərəfindən qürurla qeyd edilir, SSRİ-nin gələcək rəhbəri vəzifəsinə namizədlər sırasında birinci Heydər Əliyevin adı çəkilirdi. SSRİ dağıldıqdan sonra xalq arasında belə bir fikir dolaşırdı ki, əgər müəyyən məqamlarda SSRİ-nin hakimiyyət sükanı arxasında dahi Heydər Əliyev kimi güclü xarakterə malik insan olsaydı, bu qədər faciələr baş verməyəcəkdi. Bu, sovet imperiyası süquta uğrayandan sonra bütün postsovet məkanında daha çox səslənən ən populyar fikirlərdən biri idi. Çünki bu şəxsiyyətin nüfuzu, gücü və xalqın ona məhəbbəti hamıya məlum idi. Amma belə olmadı və Sovet İttifaqı dağıldı. Sovet respublikalarından ən çox zərər çəkəni isə məhz Azərbaycan oldu.
Heydər Əliyevin böyük nüfuzu Mərkəzi Komitənin sonuncu Baş Katibi  Mixail Qorbaçova və onun erməni əlaltılarına öz çirkin planlarını həyata keçirməyə mane olurdu. Heydər Əliyev M.Qorbaçovun haqsız təzyiqlərinə baxmayaraq, onun yeritdiyi siyasi xətti, xüsusilə Qafqazda apardığı  siyasəti kəskin şəkildə tənqid edir, yetişməkdə olan Qarabağ problemi haqqında xəbərdarlıq edirdi.
Heydər Əliyev siyasi hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra hadisələr sürətlə cərəyan etməyə başladı. Minlərlə azərbaycanlı əzəli torpaqlarından, yurd-yuvalarından qovuldu.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunları Bakını işğal edib yüzlərlə insanı gülləboran etdi.
Bu ağır faciənin acısına dözməyən Heydər Əliyev heç bir təzyiq, təqib və təhdidə məhəl qoymadan, Moskvanın mərkəzində hiddət və qəzəbini bütün dünyaya bəyan etdi.
Haqqın və ədalətin bərpası üçün isə tarixə elə də böyük vaxt lazım gəlmədi. Azərbaycan xalqı öz sevimli oğlunu, böyük dahi və parlaq şəxsiyyət Heydər Əliyevi ölkəni idarə etməyə çağırdı. Bu təkidli çağırışın arxasında sonsuz xalq etimadı, millətin məhəbbəti və sarsılmaz  inamı dayanırdı.
Ulu Öndərin qayıdışı yenicə müstəqillik qazanmış Azərbaycanın az qala siyasi xəritədən silinmək ərəfəsində olduğu bir dövrə təsadüf etdi. Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərinin böyük bir hissəsini işğal etmiş, iqtisadiyyat iflasa uğramış, silahlı qruplaşmalar arasındakı çəkişmələr vətəndaş müharibəsi həddinə çatmışdı. Xalqın son ümid yeri Heydər Əliyev idi.
Dünyanın siyasi axarını, nəhəng dövlətlərin maraqlarının kəsişən nöqtələrini çox gözəl bilən Heydər Əliyev dərin zəkası, siyasi uzaqgörənliyi və polad məntiqi ilə hər şeyi yerinə qoya bildi. Təcrübəli dövlət xadiminin böyük səyləri nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, ermənilər tərəfindən torpaqların işğalının qarşısı alındı, atəşkəs əldə edildi, Azərbaycanın yaxın gələcəkdə dünya siyasətində geosiyasi mövqeyini müəyyən edəcək siyasi-iqtisadi konsepsiya işlənib hazırlandı. Heydər Əliyev müstəqil Azərbaycanı siyasi fırtınaların cəngindən alıb, onun strateji mövqelərini bərpa etdi. Ona sabit ölkə imici qazandırdı.
Bütün bunlarla yanaşı, Heydər Əliyev çox böyük məharətlə ölkəmizin neft strategiyasını işləyib hazırladı. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bunun çox böyük iqtisadi dəyəri ilə yanaşı, siyasi əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan dünya iqtisadi siyasətinin maraq mərkəzinə çevrildi. Heydər Əliyevin qətiyyətinin təntənəsi olan “Əsrin müqaviləsi” müstəqil ölkəmizi dünyanın qüdrətli dövlətlərinin mühüm iqtisadi tərəfdaşına çevirdi.

Ulu Öndərin neft strategiyasının yeni bir mərhələsi Bakı-Tbilisi-Ceyhan  neft kəməri layihəsi oldu. Bəzi dövlətlərin qısqanclıqla yanaşdıqları və hətta reallaşacağına şübhə etdikləri Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi 2006-cı ildə işə salınanda BP şirkətinin prezidenti Con Braun onun əhəmiyyətindən danışaraq deyirdi: “Bakı-Tbilisi-Ceyhan neft borusunun fəaliyyətə başlaması dünyanın enerji xəritəsini dəyişdi”. Amma dünyanın enerji xəritəsini dəyişən Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi yox, onun yaradıcısı Azərbaycanın dahi oğlu Heydər Əliyev oldu.
Ümummilli Lider müstəqil Azərbaycan iqtisadiyyatının təkcə neft sənayesi üzərində qurulmasının da gələcəkdə arzu olunan nəticələr verməyəcəyini bilirdi. Məhz ona görə də neft gəlirləri hesabına iqtisadiyyatın digər sahələrini inkişaf etdirməyin, infrastruktur layihələrinin reallaşdırılmasına çalışmağın vacib olduğunu qeyd edir və buna səy göstərirdi.
Ulu Öndərin təşəbbüskarlığı, qətiyyətli və prinsipial qərarları Azərbaycan iqtisadiyyatını tədricən dirçəltdi, ona yeni nəfəs verdi. Qısa müddətdə bazar iqtisadiyyatına keçidin qanunvericilik bazası formalaşmağa, iqtisadi həyatımızda sahibkarlıq fəaliyyəti yaranmağa başladı.
Böyük dövlət xadimi Heydər Əliyev yüksək diplomatik səviyyə nümayiş etdirərək, öz şəxsi nüfuzu sayəsində Azərbaycanı beynəlxalq siyasətin diqqət mərkəzinə çəkir, tanıdır və başqalarını ona inanmağa, hörmət etməyə, sözünü eşitməyə məcbur edirdi.
1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan bu ali sənəd Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin olunmasında yeni mərhələ açdı. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv olundu.
Heydər Əliyev üçün müstəqil Azərbaycan fəlsəfəsinin təməlində azadlıq, demokratiya, iqtisadi tərəqqi, sosial ədalət və rifah dururdu. Bu fəlsəfə onun memarı olduğu müstəqil Azərbaycanda öz real əksini tapdı.
Ulu Öndər   özünün başladığı nəhəng işlərin uğurlu icrasının davamını kimin təmin edə biləcəyini də müəyyənləşdirdi. Fiziki imkanlarının tükəndiyi bir vaxtda həmişə inandığı və etibar etdiyi xalqına müraciət ünvanladı. Ulu Öndərin müraciətində deyilirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Tarix dahi şəxsiyyətin uzaqgörənliyini yenə təsdiqlədi. Bunun üçün elə də böyük vaxt lazım olmadı. Əməli fəaliyyəti, xalqına və Vətəninə məhəbbəti ilə ümumxalq sevgisi qazanan möhtərəm Prezident cənab  İlham Əliyev artıq üçüncü dövr üçün dövlətimizin başçısı seçilmişdir və Ulu Öndər   tərəfindən qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlir.
Ulu Öndər   Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibi olması dünya miqyasında artıq tam qəbul edilən reallıqdır. Məhz bu uğurlar cənab Prezident İlham Əliyevə xalqın sonsuz rəğbət və hörmətini qazandırmışdır. 
Qəti əminliklə deyə bilərik ki, dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının üzvü olan Azərbaycanda əldə edilən bu uğurlar dövlətimizin apardığı düzgün siyasət və xalqımızın zəhməti, əzmi, iradəsi hesabına qazanılmışdır. Əldə edilən nailiyyətlərin və inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil dövlətdir. Ölkəmizdə gerçəkləşdirilən siyasət daim xalqın maraqlarına xidmət göstərir və Azərbaycan bu illərdə qazandığı uğur və nəticələrə dayanaraq XXI əsrin daha möhtəşəm tarixini yazmağı, irimiqyaslı və nəhəng vəzifələrin həllini hədəf götürür. Həmin inkişafın başlıca yekunlarından biri də dövlət başçısı cənab İlham Əliyevin bu sözlərində bariz ifadəsini tapmışdır: “Azərbaycan bu illər ərzində həm öz vətəndaşlarına, həm də dünyaya sübut etdi ki, biz müstəqil ölkə, azad xalq kimi yaşayırıq və yaşaya bilərik!”
Daşkəsənlilər yaxşı bilirlər ki, Ulu Öndər həmişə xalqına, Vətəninə bağlı olmuş, öz cəsarəti, müdrikliyi, vətənpərvərliyi ilə xalqımızın keşiyində durmuş, ən çətin anlarda həyatını xalqımızın milli amallarına qurban verməyə hazır olduğunu dəfələrlə sübut etmişdir. Bugünkü müstəqil, demokratik Azərbaycan dövləti Ulu Öndər   Heydər Əliyevin yaratdığı şah əsərdir. Bu gün bura toplaşmağımız da ömrünü xalqının xoşbəxtliyinə həsr etmiş böyük, dahi Ulu Öndərin əziz xatirəsinə göstərilən dərin məhəbbət və ehtiramın bir ifadəsidir. 
  Ümummilli Liderimiz Heydər Əliyevin adı qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
Allah Ulu Öndər Heydər Əliyevə rəhmət eləsin!
      Əziz Ruhu şad olsun!

Keçidlər