Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Daşkəsən rayonunda 5 rayonun sakinlərini fərdi qaydada qəbul edib.

29 avqust 2016 | 16:00

Bu gün, avqustun 29-da  Daşkəsən şəhərində  Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov  Daşkəsən, Samux, Göygöl, Kəlbəcər rayonlarının və Gəncə şəhərinin sakinləri ilə görüşüb.
Hər bir vətəndaş fərdi qaydada qəbul edilib. Onların müraciətlərində əksini tapan məsələlər (əmək hüquqlarının müdafiəsi, məşğulluğun təminatına və bərpa müalicəsinə köməklik göstərilməsi, əmək pensiyası hüququnun müəyyən olunması, imtiyazlı şəxslərin dövlət hesabına mənzillə təminatı və s.) nazirliyin struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb. Ayrı-ayrı vətəndaşlara hüquqi izahatlar verilib.
S.Müslümov imtiyazlı şəxslərin mənzillə təmin olunmaq barədə müraciətlərini cavablandırarkən vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkənin bütün bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni mənzillər inşa olunaraq istifadəyə verilir: “Bu bölgədə də həmin insanların mənzillə təminatı işləri uğurla davam etdirilir, ötən il Gəncə şəhərində və Göygöl rayonunda daha 7 mənzil, bu ilin iyul ayında Samux rayonunda 4 fərdi yaşayış evi bu təbəqələrdən olanlara təqdim edilib. Daşkəsən rayonunda tikintisi yekunlaşmaqda olan 3 fərdi yaşayış evi də yaxın vaxtlarda istifadəyə veriləcək. Həmin şəhər və rayonlarda ilin sonunadək daha 6 evin inşasına da başlanacaq”.
Bir sıra məsələlər yerindəcə həll olunub. Ayrı-ayrı vətəndaşlar nazirlik tərəfindən bərpa müalicəsinə cəlb edilmələri, reabilitasiya vasitələri ilə təmin olunmaları üçün qeydiyyata alınıblar. Eləcə də münasib işlə təmin edilmək üçün müraciət edən şəxslərə vakant iş yerləri təklif edilib və öz seçimləri əsasında vakant iş yerlərinə göndərişlər verilib. S.Müslümov əmək resurslarının məşğulluğunun təmin edilməsi üçün aktiv məşğulluq tədbirlərinin gücləndirildiyini vurğulayıb: “Bu tədbirlər Daşkəsən, Samux, Göygöl, Kəlbəcər rayonlarının və Gəncə şəhərinin əhalisini də əhatə edir. Cari ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq orqanlarının xətti ilə həmin rayonlar üzrə ümumilikdə 2896 nəfər işsiz və işaxtaran vətəndaşın məşğulluğu təmin edilib, 65 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. Yaxın vaxtlarda nazirliyin Gəncə şəhərində Regional Peşə Tədrisi Mərkəzi istifadəyə veriləcək. Həmin mərkəz Gəncədə və ətraf rayonlarda rəqabət qabiliyyətli işçi qüvvəsinin hazırlanmasında, işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxış imkanlarının genişlənməsində mühüm rol oynayacaq”.
S.Müslümov yaxın vaxtlarda praktik icrasına başlanacaq özünüməşğulluq proqramına da toxunub: “Bu bölgədə də elə aztəminatlı ailələr var ki, əmək potensialları onların şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirmələrinə və gəlirlərini artıraraq yoxsulluq vəziyyətindən çıxmalarına imkan verir. Bunun üçün biz həmin ailələri qeyd olunan proqrama cəlb edərək, onlara bütün lazımi maddi və institisional dəstəyi verəcəyik”.
Qəbulda iştirak edən vətəndaşlar ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, sosial cəhətdən həssas qruplara diqqət və qayğının artırılması, habelə bölgədə sosial məsələlərin həlli, yeni iş yerlərinin açılması yönündə görülən işlərə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
Vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətləri aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Keçidlər