Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNLİ ŞƏHİD ELNUR MƏMMƏDOVUN DOĞUM GÜNÜ QEYD OLUNMUŞDUR

17 sentyabr 2021 | 16:00

 

Sentyabrın 16-da Daşkəsənli şəhid kəşfiyyatçı əsgər Məmmədov Elnur İsrafil oğlunun 32-ci doğum günündə Daşkəsən rayon İcra hakimiyyətinin əməkdaşları şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri ilə birlikdə onun Gəncə şəhər Şəhidlər xiyabanında yerləşən məzarını ziyarət etmiş, xatirəsini anmışlar.
Daşkəsən rayon İcra hakimiyyətinin məsul işçisi Elmar Əliyev şəhidin ailə üzvlərinə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin və bütün Daşkəsən ictimaiyyətinin baş sağlığını çatdırdıqdan sonra Elnur Məmmədovun həyatından və keçdiyi şərəfli döyüş yolundan söhbət açmışdır. O demişdir:
- Elnur Məmmədov 16 sentyabr 1989-cu ildə Daşkəsən rayonunda anadan olmuşdur. Uşaqlıqdan Vətənə, torpağa, elə-obaya güclü bağlılıq hissi böyüdüyündə onu hərbçi etdi.
2020-ci il 27 sentyabr səhər saatlarında Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, bir mənalı olaraq, İkinci Qarabağ müharibəsi başladı. Vətəninin bu dar günlərində ürəyi dözməyən, 2 əkiz qız atası olan Elnur sevdikləri ilə vidalaşdı, çünki Vətənin onun kimi mərd oğullara ehtiyacı olduğunu bilirdi. Uşaqları Sevgi və Sevincin gözlərindən öpüb, anası Maisə xanımdan və atası İsrafil kişidən halallıq alan Elnur Vətənin keşiyinə yollandı. Bu şanlı qələbədə onun da payı olmalı idi və oldu da. 2 oktyabr 2020-ci ildə Daşkəsən-Kəlbəcər sərhədində qəhrəmanlıq göstərərək şəhadətə qovuşdu.
Kəşfiyyatçı  Elnur Məmmədov İkinci Qarabağ müharibəsində yüksək qəhrəmanlıq nümunəsi göstərərək iştirak etmişdir. Müxtəlif mövqelərdə döyüşən Elnur oktyabrın 1-i Daşkəsən rayon sərhədindən Kəlbəcər rayonuna keçmişdir. Komandiri və döyüş yoldaşları ilə birlikdə düşmənin iki postunu dağıtmışdır. Döyüş gedən zamanı içərisində erməni zabitləri olan UAZ markalı maşınının yaxınlaşdığını görən komandiri, Elnura başını qaldırmamasını demiş, lakin Elnur sinəsini düşmənə sipər edərək UAZ maşınını partlatmış, özü isə düşmənin snayper gülləsinə tuş gəlib qarın nahiyəsindən yaralanmışdır. Qısa müddət yerdə qaldıqdan sonra özünü toparlamış və döyüş yoldaşlarına "siz geri çəkilin, mən gedərəm" deyərək düşmənə hücum etmiş, ancaq çox təəssüf ki, snayperlə baş nahiyəsindən vurularaq şəhidlik mərtəbəsinə ucalmışdır.
Komandiri onun nəşini çıxara bilmədi üçün düşmənin əlinə keçməsin deyə, iki qayanın arasında gizlətmişdir. Elnurun nəşi 49 gün neytralda qalmışdır. 50-ci günə keçən gecə komandiri və döyüş yoldaşları onun nəşini gizlətdikləri yerdən götürərək ailəsinə təhvil vermişlər. Elnur Məmmədov böyük izdihamla Gəncə şəhər Şəhidlər xiyabanında dəfn edilmişdir.
Şəhidimiz Elnur Məmmədov göstərdiyi igidliyə, fədakarlığa və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə  Prezident cənab İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Çıxışlarda şəhidin 31 illik qısa, şərəfli həyat yolundan bəhs olunmuş, xatirələr dilə gətirilmiş, ötən il sentyabrın 27-dən başlanan və Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə başa çatan Qələbənin tarixi əhəmiyyətindən danışılmışdır.
Şəhidin atası İsrafil Məmmədov və anası Maisə Pirverdiyeva ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq bildirmişlər.
Elnur Məmmədovun əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.

 

Keçidlər