Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Azərbaycanı dünyaya daha yaxından tanıdan Qələbə

23 noyabr 2020 | 16:00

Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və ordumuzun rəşadəti sayəsində Vətən savaşı zəfərlə başa çatdı

Dövlətçilik tariximizi şərəfləndirən bayram günləri ilə zəngin olan noyabr ayı indi bizim üçün daha əlamətdardır. Çünki noyabrın 8-də xalqımızın mədəniyyət məbədi, musiqi beşiyi Şuşanı 28 illik işğaldan sonra ordumuz azad etdi. Ardınca isə Ermənistanın kapitulyasiya aktına imza atması ilə Azərbaycan Vətən müharibəsindəki qələbəsini rəsmiləşdirdi.
Ağdamın döyüşsüz azad edilməsi şanlı Qələbəmizin nəticəsidir

Günlərdir ki, Azərbaycan xalqı illərdən bəri dərin intizarla gözlədiyi hadisənin - torpaqlarımızın azad olunmasının sevincini yaşayır. Bu sevinci bizə İlham Əliyevin Ali Baş Komandanı olduğu rəşadətli Azərbaycan Ordusu yaşatdı. 44 günlük Qarabağ savaşında ordumuz sözün bütün mənalarında qəhrəmanlıq, hərbi peşəkarlıq nümayiş etdirdi. Eyni zamanda Prezident İlham Əliyev hərbi əməliyyatların başladığı ilk gündən Azərbaycana qarşı yönələn bütün diplomatik həmlələri yüksək peşəkarlıqla dəf etdi. Ona görə bu Qələbənin müəllifi İlham Əliyev və Azərbaycan Ordusudur.
Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, habelə Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanat işğalçının kapitulyasiyasının hüquqi-rəsmi təsdiqi oldu. Bu bəyanatda nəzərdə tutulan məsələlər Azərbaycanın güc yolu ilə Ermənistanı respublikamızın ərazi bütövlüyü ilə razılaşmaların yerinə yetirilməsinə məcbur etməsidir. Bəyanatın şərtlərinə əsasən noyabr ayının 20-də işğaldan azad olunan Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçib. Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət bayrağı ucaldılıb, Dövlət himni səsləndirilib. Beləliklə, 27 illik işğaldan sonra Ağdam azadlığına, öz sahiblərinə qovuşdu.
Noyabrın 20-də xalqa müraciətində Ağdamın işğaldan azad olunması münasibətilə bütün ağdamlıları ürəkdən təbrik edən, onların artıq məcburi köçkün olmadıqlarını, doğma dədə-baba torpaqlarına qayıdacaqlarını bildirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirdi ki, əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, işğalçı öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı: "Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə - işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi”.

İşğalçı 853 saylı qətnamənin tələblərini yerinə yetirməyə məcbur edildi

Beləliklə, Azərbaycan Ordusu bir güllə belə atmadan, itki vermədən, yalnız Ermənistanı kapitulyasiyaya məcbur etməklə Ağdamı işğaldan azad etdi. Cəbrayıldan, Füzilidən, Zəngilandan, Qubadlıdan, Şuşadan sonra artıq Ağdam da Azərbaycandır. Dekabrın 1-dək isə kapitulyasiya etmiş Ermənistan Kəlbəcər və Laçın rayonlarından məğlub ordusunun qalıqlarını çıxaracaq.
Onu da qeyd edək ki, Ağdamın işğaldan azad olunması BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin tələblərinin yerinə yetirilməsidir. Bu qətnamə BMT Təhlükəsizlik Şurasının Ağdamın işğalından bir neçə gün sonra, 1993-cü il iyulun 29-da keçirilən iclasında qəbul olunmuşdu. Sənəddə bütün hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycanın digər işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsız çıxarılması tələb edilirdi.
Lakin ötən 27 ildə Ermənistan bu qətnamənin tələblərini yerinə yetirməyib. Qətnamənin icrasız qalmasının əsas səbəbi isə ATƏT-in Minsk qrupunun həmsədrlərinin danışıqlar prosesi zamanı işğalçıdan bunu tələb etməmələri olub. Lakin 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan işğalçını BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin tələblərini güc yolu ilə yerinə yetirməyə məcbur etdi. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail oldu. Yaxın günlərdə isə işğalçı qoşunların Kəlbəcərdən çıxarılması ilə BMT-nin 822 saylı qətnaməsinin tələbləri yerinə yetiriləcək.

İlham Əliyev diplomatiya cəbhəsinin və informasiya müharibəsinin də qalibidir

Hər bir rayonumuzun, şəhər və kəndlərimizin azad olunması, İranla dövlət sərhədinə nəzarətin tam təmin edilməsi Azərbaycan Ordusunun möhtəşəm zəfərləri kimi tarixə düşdü. Ermənistanın bir neçə mərhələli müdafiə mövqelərinin yarılması, Şuşanın azad edilməsi dünya hərb elminin öyrənmək üçün müraciət edəcəyi hərbi əməliyyatlar olacaq. Ümumiyyətlə isə, Azərbaycanın ikinci Qarabağ savaşında tətbiq etdiyi döyüş nümunələri müasir hərbi əməliyyatların aparılması baxımından bir çox dövlətlərin marağına səbəb olub. İlham Əliyevin həyata keçirdiyi ordu quruculuğunun nəticəsində Azərbaycan Ordusu Qarabağ müharibəsində bütün dünyanı heyrətləndirdi. Birbaşa döyüş meydanında sübut olundu ki, Azərbaycan hərbi qüdrətinə görə aparıcı dövlətlər sırasındadır.
Eyni zamanda Azərbaycan diplomatiya və informasiya cəbhələrindən də qalib çıxdı. Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən ölkəmizə qarşı diplomatik həmlələrin də qarşısını aldı. Dünya erməniliyi hərbi əməliyyatların başladığı ilk gündən Azərbaycana qarşı rıçaqlarını işə salmışdı. Erməni lobbisi, müxtəlif siyasi mərkəzlər hərbi əməliyyatların dayandırılması, status-kvonun bərpa edilməsi üçün əllərindən gələni edirdilər. Azərbaycana qarşı Avropa KİV-ində feyk informasiyalar dövriyyəyə buraxılmışdı. Hətta Prezident İlham Əliyevdən müsahibə alan bəzi KİV öz təxribatçı sualları ilə erməni lobbisinin sifarişlərini yerinə yetirirdilər.
Lakin İlham Əliyev diplomatiya və informasiya cəbhələrində ölkəmizə yönələn bütün hücumların qarşısını qətiyyətlə alaraq dəf etdi. Hətta oktyabır ayında BMT-də xüsusən Fransanın təşəbbüsləri ilə Ermənistanın maraqlarına cavab verən qətnamənin qəbuluna cəhd göstərildi. Lakin beynəlxalq hüquq son nöqtəsinə qədər Azərbaycanın tərəfində olduğundan, əsasən də Prezident İlham Əliyevin Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirdiyi uğurlu diplomatik fəaliyyətin nəticəsində bu riyakar cəhd baş tutmadı. Noyabrın 10-da Ermənistanın kapitulyasiya bəyanatı imzalamağa məcbur edilməsi həm də Prezident İlham Əliyevin bütün beynəlxalq təzyiqlərə qalib gəlməsinin təsdiqi oldu. Noyabrın 20-də xalqa müraciətində Prezident
İlham Əliyev bu barədə deyib: "Heç kim bizim qabağımızda dura bilməz, bizə şərt qoya bilməz. Bizə müharibənin ilk günlərində şərt qoymaq istəyən, hədələmək istəyən, şərləmək istəyən ölkələrin, bəzi Qərb ölkələrinin nümayəndələri sərt cavabımızı aldılar. Gördülər, biz o ölkələrdən deyilik ki, kiminsə qabağında baş əyək və mən də o liderlərdən deyiləm ki, kimdənsə nə isə qəbul edim, hansısa sözü. Artıqlaması ilə cavab vermişəm və verəcəyəm lazım gəldikdə”.
Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində Vətən savaşı qələbə ilə başa çatdı. İşğalçı Ermənistan təslim olmağa məcbur edildi, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Torpaqlarımızın işğaldan azad edilməsi dövlətimizi və xalqımızı həm də Cənubi Qafqazın qalibinə çevirdi. Eyni zamanda döyüş meydanında qazanılan qələbə Azərbaycanın gücünü və xalqımızın nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan”

Keçidlər