XOCALI SOYQIRIMI AZƏRBAYCAN XALQININ HEÇ VAXT UNUDULMAYACAQ QAN YADDAŞIDIR
“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.
Heydər Əliyev
Ümummilli Lider
Otuz bir il əvvəl – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər. Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırım hadisəsi və beynəlxalq cinayət kimi təsdiq olunmuşdur. Bu soyqırım zamanı Azərbaycan xalqı minlərlə şəhid qurban vermişdir.
Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq, etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Erməni təcavüzkarlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyanı 1988-ci ildən yenidən reallaşdırmaq cəhdləri, Dağlıq Qarabağ ətrafında başlayan qanlı hadisələr kənd və şəhərlərimizin dağılması, on minlərə günahsız insanın ölümü, bir milyondan artıq azərbaycanlının didərgin düşməsi ilə nəticələndi.
Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək istəyirdi, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını bu gün də nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı da bu aqressiv və cinayətkar erməni siyasətinin tərkib hissəsidir.
1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirərkən burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. Bir neçə saat ərzində 613 nəfər soydaşımız, o cümlədən 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmişdir. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüş, onların 150-nin taleyi indi də məlum deyil.
Qanlı Xocalı qırğınını törətməklə Dağlıq Qarabağın hüdudlarından kənara çıxan Ermənistan Azərbaycana qarşı genişmiqyaslı təcavüzə başladı. Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı 20 min vətəndaşımız öldürüldü, 50 min nəfərdən çox adam yaralandı və əlil oldu, ölkəmizin ərazisinin 20 faizi işğal edildi, bir milyondan çox soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin düşdü. Xalqımız misli görünməyən humanitar fəlakətlərlə üz-üzə qaldı.
Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dövlətimiz, eləcə də xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporları tərəfindən dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılır, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almaqdadır.
Xocalı soyqırımına hüquqi-siyasi qiyməti ilk dəfə Ümummilli Lider Heydər Əliyev verib. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. Ümummilli Lider 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi Fərman imzalayıb. Sonrakı dövrdə Milli Məclisin qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunub. Prezident Heydər Əliyev 1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" növbəti Fərman imzalayıb. “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanda deyilir ki, 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan olunması ilə nəticələndi.
Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması hər zaman Prezident cənab İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətləri sırasındadır. Bu dəhşətli soyqırımının dünyada tanıdılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri var. Fondun "Xocalıya ədalət!" kampaniyasının sistemli fəaliyyətinin nəticəsidir ki, dünyanın 17 ölkəsi, ABŞ-ın 24 ştatı və İslam Əməkdaşlıq Təşkilatı Xocalıda ermənilər tərəfindən törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qərar və qətnamələr qəbul ediblər. "Xocalıya ədalət!" kampaniyasının məqsədi beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı haqqında məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır.
Bu gün Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması hər bir azərbaycanlının borcudur. Xocalı faciəsi Azərbaycan xalqının heç vaxt unudulmayacaq və ibrət dərsi götürüləcək qan yaddaşıdır. Xocalı soyqırımının tanınması ilə bağlı əldə olunan təqdirəlayiq nəticələr onu deməyə əsas verir ki, bu faciəni törədənlər gec-tez ədalət mühakiməsi qarşısına çıxacaq, öz dəhşətli cinayətlərinə görə cavab verməli olacaqlar.
Xalqımız hər il olduğu kimi bu il də Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir. Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib.
Artıq üçüncü ildir ki, xalqımız Bakıdakı Xocalı soyqırımı abidəsini alnıaçıq, başıuca ziyarət edir, çünki düşməndən bütün şəhidlərimiz kimi Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. “Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı”, - deyən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin söylədiyi bu fikirlər Vətən savaşında Azərbaycan əsgərinin 30 illik işğala son qoyaraq ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin, o cümlədən də Xocalı soyqırımı qurbanlarının intiqamını aldığını bir daha təsdiq edir.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. Otuz illik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Hazırda Azərbaycanın üçrəngli Dövlət bayrağı işğaldan azad edilən torpaqlarımızda – Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Ağdamda, Laçında, Kəlbəcərdə, Şuşada dalğalanır.
Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq.
Şahin İMANOV
Daşkəsən rayon prokuroru,
ədliyyə müşaviri