Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEV MÜASİR MÜSTƏQİL AZƏRBAYCAN PROKURORLUĞUNUN BANİSİDİR

09 may 2023 | 09:54

Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz beş illik bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. Bu nəhəng işlər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülüb, iqtisadi, sosial və mədəni potensialı formalaşıb.

1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, 1993-cü ilin ortalarına qədər formal xarakter daşımışdır. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi başlanmışdır. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır. Qısa müddətdə özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, liberallığı özündə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail olmuşdur.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Demokratik tələblərə tamamilə cavab verən bu ali sənəd müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixilik qazanmışdır.

Habelə 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır. Bununla da Azərbaycanın dünya dövlətləri sırasında layiqli yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində ardıcıl fəaliyyətin əsası qoyulmuşdur. Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur.

Azərbaycan Prokurorluğunun da xalqımızın və müstəqil dövlətçiliyimizin maraqlarına  xidmət edən qurum kimi formalaşması yalnız Heydər Əliyevin dövlətçilik siyasəti nəticəsində mümkün olmuşdur. Məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları gedişində görülən tədbirlər sayəsində Azərbaycan Prokurorluğunun fəaliyyətində əsaslı dönüş yaradılmış, prokurorluğa qarşı tələbkarlığın artırılması, onun kadr korpusunun sağlamlaşdırılması və əməkdaşların məsuliyyət hissinin artırılması təmin edilmiş, prokurorluğun maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində görülən işlər müsbət bəhrəsini vermişdir.

Milli prokurorluq orqanlarının tarixinin 1918-ci ildən başlanmasına baxmayaraq, idarəetmənin digər sahələrində mövcud olsa da, prokurorluq işçilərinin peşə bayramı uzun illər ərzində qeyd edilməmişdir. Belə bir təşəbbüs məhz Heydər Əliyev tərəfindən göstərilmiş, Ulu Öndərin 17 iyul 1998-ci il tarixli Sərəncamına əsasən hər il oktyabrın 1-i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir.

Demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında” və digər qanunvericilik aktlarının qəbul edilməsi, normativ sənədlərin Ulu Öndərimiz tərəfindən təsdiq edilməsi ilə prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənməsi prosesi dövrün tələblərinə cavab verən səviyyəyə yüksəlmişdir.  Azərbaycan Respublikasının Konstitusiyasına 2002-ci ilin avqust ayının 24-də keçirilmiş referendumla edilmiş dəyişikliklərlə prokurorluğa qanunvericilik təşəbbüsü hüququnun verilməsinin ölkəmizin hüquq sisteminin təkmilləşdirilməsində və inkişafında mühüm əhəmiyyəti olmuşdur.

Ulu Öndərin: “Azərbaycan Prokurorluğunun inkişaf etməsində dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi, mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram,” – sözləri prokurorluq işçilərində böyük ruh yüksəkliyi yaratmışdır. Bu sözlər milli prokurorluğumuzun tarixinə qızıl hərflərlə yazılmışdır. 

Ulu Öndərimiz Heydər Əliyev siyasi kursunu və strateji inkişaf konsepsiyasını uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bu gün prokurorluğun fəaliyyətinin ən yüksək beynəlxalq tələblərə uyğun formalaşdırılması prosesi həyata keçirilir, ümumiyyətlə prokurorluq orqanlarına hərtərəfli  diqqət və qayğı göstərilir.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2023-cü ili Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamı mühüm siyasi qərar olmaqla ölkəmizin hər yerində və onun hüdudlarından kənarda bütün dünya azərbaycanlıları tərəfindən yüksək dəyərləndirilir, dərin ehtiramla və minnətdarlıqla geniş qeyd olunur.

Ulu Öndərin azərbaycançılıq və dövlətçilik ideyalarına sadiq olan prokurorluq işçiləri bundan sonra da öz fəaliyyətlərini Prezident cənab İlham Əliyevin qarşıya qoyduğu müasir tələblər səviyyəsində quraraq bütün səylərini dövlət müstəqilliyimizin əbədiləşdirilməsinə, ictimai-siyasi sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə, xalqımı­zın və dövlətimizin cinayətkar qəsdlərdən qorunmasına, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə yönəldəcəkdir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın xilaskarı, Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları və siyasi kursu bundan sonra da milli dövlətçiliyimizin inkişafına və daha da möhkəmləndirilməsinə xidmət edəcəkdir.

 

Şahin İMANOV

Daşkəsən rayon prokuroru,

ədliyyə müşaviri

Keçidlər