Şəhid Zeynalov Arzu Rövşən oğlunun və Ələsgərov Pərviz Lətif oğlunun ailələri ziyarət edilib
27 sentyabr “Anım Günü” ilə əlaqədar 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış daşkəsənli şəhidlərin ailələrinin ziyarəti davam edir. Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov “Azəriqaz” İstehsalat Birliyinin Şəmkir Regional Qaz İstismar İdarəsinin rəisi Taleh Şamradovla birlikdə şəhid Zeynalov Arzu Rövşən oğlunun və Ələsgərov Pərviz Lətif oğlunun ailələrini ziyarət ediblər, onların qayğıları və problemləri ilə maraqlanıblar.
V.Məmmədov 30 ildən sonra Müzəffər Ali Baş Komandan, qalib sərkərdə cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı qələbənin tarixi əhəmiyyətindən, bu günlərdə Azərbaycan ordusunu erməni təxribatçılarının məskunlaşdığı ərazidə apardığı uğurlu anti terror əməliyyatlarından, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizdən, sağlamlıqlarını itirən qazilərimizdən danışıb, onların qisasının alındığını bildirib, Arzu və Pərviz kimi oğulların qəhrəmanlığının unudulmayacağını, onların daim qəlblərdə yaşayacağını deyib.
Qeyd edək ki, N saylı hərbi hissənin müddətdən artıq xidmət keçən hərbi qulluqçusu Zeynalov Arzu Rövşən oğlu 06.03.1999-cu ildə anadan olub. 2020-ci il oktyabrın 2-də Kəlbəcər rayonu istiqamətində şərti adı “Ağdağ” döyüş mövqeyi istiqamətində aparılan hərbi əməliyyatlar zamanı qəhrəmancasına şəhid olub. Arzu Zeynalov 24 noyabrın 2020-ci il tarixdə böyük izdihamla Daşkəsən Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra ”İgidliyə görə”, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şəhid Ələsgərov Pərviz Lətif oğlu 1984-cü il sentyabrın 27-də Daşkəsən şəhərində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Pərviz Ələsgərov 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə vuruşub. Pərviz Ələsgərov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. 24 noyabr 2020-ci il tarixdə böyük izdihamla Daşkəsən Şəhidlər Xiyabanında dəfn olunub. Özündən sonra iki övladı yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra “İgidliyə görə”, “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Görüşdə şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.