Şəhid Abbasov Tacəddin Vüqar oğlunun anım günü qeyd olunub.
26 oktyabr 2023-cü il tarixdə Daşkəsən şəhər Şəhidlər Xiyabanında şəhid Abbasov Tacəddin Vüqar oğlunun anım günü qeyd olunub.
Anım günü mərasimində Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər və məsul şəxsləri, ictimaiyyət nümayəndələri, şəhid valideynləri, qazilər və şəhidin ailə üzvləri iştirak etmişlər.
Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, əziz ruhuna dualar oxunub.
Sonra Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov anım mərasimi iştirakçıları qarşısında çıxış edərək qeyd etmişdir ki, müstəqil dövlətimizi tarixinin ən qüdrətli mərhələsinə yetirmiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizə rəhbərliyi dövründə daim ordu quruculuğu siyasətini uğurla davam etdirmişdir. Azərbaycanın sosial-iqtisadi nailiyyətləri bu istiqamətdə işlərin geniş miqyasda aparılmasına imkan verdi. Dövlətimiz uğurlu, gələcək hədəflərə istiqamətlənərək, mövcud imkanlardan istifadə edib özünün müdafiə sənayesini formalaşdırdı.
Möhtərəm Prezident cənab İlham Əliyev Azərbaycanda ölkəmizin dövlətçilik dəyərlərinə canı, qanı ilə bağlı vətənpərvər nəsil yetişdirdi. Öz qətiyyəti, Vətən sevgisi, prinsipiallığı ilə onlara örnək oldu. Məhz bu nəslin təmsilçiləri 44 günlük Vətən müharibəsində böyük bir tarix yazdılar. Uzun illər ərzində torpaqlarımızda güclü istehkamlar qurmuş, müdafiə xətləri yaratmış düşməni cəmi 44 gün içində darmadağın edərək torpaqlarımızdan qovdular. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz son 30 ilə yaxın işğal altında olan tarixi torpaqlarımızı geri almağa müvəffəq oldu.
Bu qələbə ilə cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu, Ata vəsiyyətini yerinə yetirdi. Vətən müharibəsindəki Zəfər ölkə rəhbərinin müdrik siyasətinin, güclü siyasi iradəsinin, qətiyyətinin təcəssümü oldu. Bu qələbə hər bir azərbaycanlının bu gün və gələcəkdə qürur duyacağı ən böyük hadisə kimi tariximizə həkk olunub.
V.Məmmədov daha sonra vurğulamışdır ki, bu ilin sentyabr ayında Qarabağdakı erməni separatçılarının cəmi 23 saat davam edən antiterror tədbirləri ilə darmadağın və tərk-silah edilməsi göstərdi ki, Azərbaycan Prezidenti dövlətimizi, xalqımızı yalnız qələbədən-qələbəyə aparır.
Bu tarixi hərbi-siyasi hadisə ilə Prezident cənab İlham Əliyev 2 əsr əvvələ gedib çıxan saxta erməni iddialarının üstündən birdəfəlik xətt çəkdi, "miatsum" ideologiyasını iflasa uğratdı.
Sonra şəhid Tacəddin Abbasovun keçdiyi döyüş yolundan danışan Vüqar Məmmədov onun qısa, lakin mənalı ömür yolunun gənclərə vətənpərvərlik hisslərinin aşılmasında mühüm rol oynadığını bildirib. Qanları ilə tarix yazan Tacəddin kimi Vətən oğullarının heç zaman unudulmayacağını bildirib.
Şəhid Abbasov Tacəddin Vüqar oğlunun ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonra ehsan süfrəsi açılıb.
Abbasov Tacəddin Vüqar oğlu 2001-ci il dekabrın 10-da Daşkəsən şəhərində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə oktyabrın 24-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. 26.10.2020-ci il tarixdə Daşkəsən Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni və “Cəsur döyüşçü”, “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və ilə təltif edilib.