NOVRUZ ŞƏNLİKLƏRİNDƏ YANĞIN TƏHLÜKƏSİZLİYİ QAYDALARINA ƏMƏL EDİLMƏLİDİR!
Yurdumuza bahar gəlir. Xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı ilə bağlı müxtəlif mərasimlər, o cümlədən çərşənbə axşamları təşkil olunan tədbirlər zamanı bir sıra hallarda yanğın təhlükəsizliyi qaydalarının pozulması ağır fəsadlara, bədbəxt nəticələrə səbəb olur. Novruz şənliklərinin ən ülvi duyğularla yaddaşlara həkk olunması və xoş hisslərlə xatırlanması hər birimizin arzusudur.
Lakin ötən illərin statistik məlumatlarının təhlili göstərir ki, bayram şənliklərinin və tədbirlərinin keçirilməsi zamanı insanların adi ehtiyatsızlığı səbəbindən yanğınlar baş vermiş, nəticədə vətəndaşlarımıza maddi və mənəvi ziyan dəymişdir. Bunun üçün isə bir sıra təhlükəsizlik qaydalarına, o cümlədən də yanğın təhlükəsizliyi ilə bağlı tələblərə ciddi əməl olunmalıdır.
- Belə ki, tonqallar ətrafda olan yanar materiallardan, mühəndis-texniki qurğulardan, elektrik və qaz xətlərindən, evlərdən, binalardan, tezalışan maye və materialların saxlandığı yerlərdən kənarda yandırılmalıdır.
- Bayram şənlikləri zamanı tonqallar tam söndürülənədək nəzarətdə saxlanılmalıdır. Çünki zəif bir küləyin əsməsi nəticəsində tam sönməmiş tonqalın közü yanğın üçün mənbə ola bilər.
- Novruz şənliklərində yanar mayelərin hopdurulması ilə hazırlanan məşəlləri azyaşlı uşaqların havaya atması nəticəsində ciddi yanğınlar baş verə bilər. Məşəllər evlərin dam örtüklərində və ya həyətyanı sahələrdə yığılmış yanar materialları, çəpərləri, ot tayalarını alışdıra bilər.
- Yüksəkliklərdə, dağ və dağətəyi yerlərdə, eləcə də digər yaşayış sahələrində avtomobil şinlərinin yandırılması qəti qadağandır. Belə hallarda yanan şinlər diyirlənərək ətrafdakı yaşayış sahələrində yeni yanğın ocaqlarının yaranmasına səbəb ola bilər.
- Tonqalların üzərindən atılarkən yanğından qorunmalıyıq. Bayram tədbirlərində, xüsusən də tonqal ətrafında əylənən azyaşlı uşaqlar mütləq valideynlərin nəzarəti altında olmalıdır.
- Şam yandırılarkən yanar şamı öz ərintisi ilə stol, kibrit qutusu üzərinə və digər yerlərə yapışdırmaq olmaz. Odur ki, yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Təhlükə zamanı 022-215-48-11, 101 və ya 112 nömrələrinə zəng edin!
Daşkəsən rayon Fövqəladə Hallar Komissiyası