İCRA BAŞÇISI ƏHƏD ABIYEV DAŞKƏSƏNİN TƏZƏKƏNDİNDƏ VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULUNU KEÇİRİB
Martın 29-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Ermənistanla yaxın həmsərhəd olan Təzəkənd kəndində keçirilən səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən icra başçısı Əhəd Abıyev bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən yerlərdə mütəmadi olaraq keçirilən səyyar qəbulların məqsədi sakinlərin problemlərini öyrənmək, onları operativ həll etməkdir.
Əhəd Abıyev çıxışında deyib: “Prezidentimiz cənab İlham Əliyevin qarşısına qoyduğu hər bir çətin, möhtəşəm vəzifə dövlətimizin inkişafına, xalqımızın əmin-amanlığına və həyat səviyyəsinin yüksəlməsinə xidmət göstərir. Dövlət rəhbərimizin müdrik siyasi iradəsi, sarsılmaz qətiyyəti, əzmi sayəsində ərazi bütövlüyünü təmin etmiş ölkəmiz Cənubi Qafqazda bütün vəziyyəti tam nəzarətdə saxlayır”.
İcra Başçısı çıxışında xüsusilə diqqətə çatdırıb: “Ermənistanla yaxın həmsərhəd olan Daşkəsənin Təzəkənd istiqamətində qarşı dağın o biri tərəfindən ermənilərin vaxtaşırı təxribatlar törətməsinə, ərazini atəşə tutmasına baxmayaraq, biz bu gün bu kənddə səyyari görüşümüzü keçririk, kənddə həyat öz normal axarında davam edir, ordumuz tərəfindən də hər zaman lazımi cavab tədbirləri görülür”.
Əhəd Abıyev həmçinin vurğulayıb ki, 31 kilometrlik Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun asfalt örtüyü ilə müasir formada yenidən qurulması işləri nəticəsində Qabaqtəpə inzibati ərazi vahidliyində yerləşən Təzəkənd kəndinin də yol məsələsi tam həll edilib, əhalinin kəndə gediş-gəlişi asanlaşıb. Kəndin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchizatı yenidən qurulub, əhalinin məşğulluğunun təmin edilməsi üçün işlər davam etdirilir.
Sonra sakinlərin müraciətləri dinlənilib. Əhəd Abıyev müraciətlərin icrası ilə bağlı aidiyyəti yerli qurumlara tapşırıqlarını verib. Müraciətlərin qismi yerində həll edilib, bir qismi də nazirliklərə çatdırılması üçün nəzarətə götürülüb.
Qəbulda iştirak edən Təzəkənd kənd sakinləri göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini