Daşkəsənli məktəblilərin rayon Tarix-diyarşünaslıq Muzeyinə “Tariximizi öyrənək” adlı ekskursiyası təşkil olunub.
Respublikamızın hər yerində olduğu kimi 8 Noyabr – Zəfər Günü Daşkəsən rayonunda da silsilə tədbirlərlə qeyd olunur.
Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin üçüncü ildönümünün keçirilməsi ilə bağlı hazırlanmış Tədbirlər Planına uyğun olaraq Daşkəsən Tarix-diyarşünaslıq Muzeyində "Açıq qapı" aksiyası təşkil edilib. "Tariximizi öyrənək" adı altında start götürən "Açıq qapı” aksiyasının əsas məqsədi tariximizi öyrənmək, Vətən uğrunda canlarını fəda edən igid qəhrəmanlarımızı tanıtmaqdır.
Noyabrın 1-də Daşkəsən şəhərində fəaliyyət göstərən 1, 2 və 4 nömrəli tam orta məktəblərin bir qrup müəllim və şagirdi 8 Noyabr – Zəfər Günü ərəfəsində Daşkəsən Tarix-diyarşünaslıq Muzeyində ekskursiyada olublar.
Əvvəlcə Daşkəsən rayon Şəhidlər Xiyabanı ziyarət edilib.
Muzeyə ekskursiya zamanı məktəblilər tarixin müxtəlif dövrlərini əhatə edən eksponatlarla tanış olub, Vətən müharibəsinə həsr edilən xüsusi guşəyə baxış keçiriblər. Şagirlərə bələdçilik edən muzeyin direktoru Günel Qəribova “Zəfərimiz – qürurumuzdur” adlı məruzə ilə çıxış edib, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər görə Prezident cənab İlham Əliyevə, qalib Ordumuza, şəhidlərimizə və qazilərimizə borclu olduğumuzu bildirib.
Digər çıxış edənlər də Prezident cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində xalqımızın Dəmir Yumruğa çevrilən sarsılmaz milli birliyindən, Vətən müharibəsində əldə edilən Zəfərin böyük tarixi əhəmiyyətindən, şəhidlərimizin, qazilərimizin və veteranlarımızın hər bir azərbaycanlı gənc üçün örnək olan qəhrəmanlığından söz açıb, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında, tariximizin öyrənilməsində bu cür ekskursiyaların vacibliyini vurğulayıblar.
Sonra məktəblilər şəhidlərə həsr olunmuş şeirlər səsləndirərək ehtiramlarını bildiriblər.