Daşkəsənli məktəblilər “Zəfərə Aparan İdeya” adlı layihədə iştirak ediblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yeni kreativ ideyaların uşaqların yaradıcı potensialının formalaşmasında müstəsna əhəmiyyətini nəzərə alaraq, respublikamızın ayrı-ayrı regionlarında uşaqların ictimai fəallığının artırılması məqsədilə Gəncə və Naftalan şəhəri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları üzrə 14-18 yaş qruplarından olan uşaqlar arasında növbəti müsabiqə təşkil edib.
Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə və 8 Noyabr – Zəfər Gününə həsr olunmuş müsabiqə uşaqların şəxsiyyət kimi formalaşması, maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi, intellektual inkişafının stimullaşdırılması, sərbəst düşünmə və problem həlletmə qabiliyyətinin inkişaf etdirilməsi, istedadlı uşaqların cəmiyyətə təqdim olunması məqsədi daşıyıb.
Noyabrın 3-də Gəncə şəhər Heydər Əliyev Mərkəzində müsabiqənin mükafatlandırma mərasimi keçirilib. Layihələrini müsabiqəyə təqdim etmiş Daşkəsən rayonundan olan 9 nəfər məktəbli də mükafatlandırma mərasimində iştirak edib. Onlardan Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Məmmədzadə Nərmin Vüqar qızı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həvəsləndirici hədiyyə və diplomla təltif edilib.