Daşkəsənli gənclər "Ulu Öndər: dəyərlərimizin xilaskarı" adlı üçgünlük seminar-treninqdə iştirak etmişlər
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə 12-14 sentyabr tarixlərində Tovuz rayonunda təşkil olunan üçgünlük seminarda Daşkəsən rayonundan 10 nəfər fəal gənc iştirak edib.
Tədbir iştirakçıları tərəfindən əvvəlcə Ümummilli lider Heydər Əliyevin Tovuz rayonunda yerləşən abidəsi önünə gül dəstələri qoyulub. Daha sonra seminar öz işinə başlayıb.
Açılış mərasimində Fondun icraçı direktorunun müavini Hatəm Gülməmmədov, Tovuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Akif Ələkbərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov məruzələrlə çıxış ediblər.
Tədbirdə ekspert qismində iştirak edən LOQOS Psixoloji Nitq və İnkişaf Mərkəzinin psixoloqu Emin Səfərov "Gənclik yaş dövrü və onun psixologiyası" mövzusunda gənclər qarşısında çıxış edib. Diskussiya şəklində baş tutan seminarda maraqlı fikir mübadiləsi aparılıb.
Fondun sifarişi ilə hazırlanmış videoçarxlar nümayiş olunub, həmçinin Fondun maliyyə dəstəyi ilə çap edilmiş kitablar iştirakçılara hədiyyə edilib.
Seminarın növbəti günündə müstəqil ekspert Akif Ələkbərovun məruzəsi dinlənilib. Tədbirdə həmçinin Fondun sifarişi ilə hazırlanan "Mənəviyyat çırağı - müəllim" adlı videoçarx, "Heydər Əliyev 100: mənəviyyata bağlı ömür" və "Dəyərlərimizin dastanı" adlı sənədli filmlər nümayiş olunub.
Daha sonra gənclərin iştirakı ilə "Dəyərlərimizi öyrənək" adlı intellektual yarış təşkil olunub.
Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Tovuz rayonunda həyata keçirilən "Ulu Öndər: dəyərlərimizin xilaskarı" adlı üçgünlük seminar çərçivəsində təşkil olunan "Dəyərlərimizi öyrənək" intellektual yarışının qaliblərinə diplom və sertifikatlar təqdim edilib.