DAŞKƏSƏNİN ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ “İXTİSAS BƏLƏDÇİSİ” ADLI NÖVBƏTİ SEMİNARLAR KEÇİRİLİB
Aprelin 12-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin dəstəyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialının təşkilatçılığı ilə Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli və Daşkəsən rayon Quşçu kənd Ə.İsmayılov adına tam orta məktəblərində “İxtisas bələdçisi” adlı seminarlar təşkil olunub.
Layihənin məqsədi valideynləri və gəncləri müasir əmək bazarının tələbləri barədə məlumatlandırmaqdan, abituriyentləri seçim zamanı zəruri peşə və ixtisaslar barədə maarifləndirməkdən ibarətdir.
Mərkəzi Karyera Filialının əməkdaşı Sura Əzizli ixtisas seçiminin aparılması meyarları, düzgün kodlaşdırma qaydaları, prosesin psixoloji aspektləri, əsas ixtisaslar və onların gələcək perspektivləri haqqında məlumat verib. Habelə gənclərə özünütanıma və özünüinkişafın əhəmiyyəti, görülən işin cəmiyyət üçün yararlı olması, dəyər, maraq, bacarıq və istedadların müəyyən olunması yollarını izah edib. Həmçinin gələcəyin peşələri, ixtisas üzrə ölkədə və xaricdə təhsil haqqında məlumat verib, "Universiteti nəyə əsasən seçməli?", "Düzgün kodlaşdırma qaydaları", "Prosesin psixoloji aspektləri", "Əsas ixtisaslar və onların gələcək perspektivləri", "VİSA nədir?" mövzularında söhbət aparıb.
İnteraktiv seminarlarda çoxsaylı suallar cavablandırılıb.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini