Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ƏMİRVAR KƏNDİNDƏ VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULUNU KEÇİRİB

16 mart 2023 | 13:24

Martın 16-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Əmirvar kəndində keçirilən səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə icra başçısı Əhəd Abıyev qarşıdan gələn Novruz bayramı münasibəti ilə kənd sakinlərini təbrik edib, hər birinə ailə xoşbəxtliyi, cansağlığı arzulayıb.

Giriş nitqində Əhəd Abıyev deyib: “Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə sabitlik, əmin-amanlıq, iqtisadi inkişaf hökm sürür və ən əsası isə Azərbaycan dünya ictimaiyyəti tərəfindən qəbul edilmiş ərazi bütövlüyünü, suverenliyini bərpa etmişdir. Ermənistanın 30 illik işğalına, etnik təmizləməyə və kütləvi dağıntılara baxmayaraq, regionda gələcək inkişafı naminə müharibələrə son qoymaq məqsədilə 44 günlük Vətən müharibəsindən sonra Prezidentimiz cənab İlham Əliyev xoş niyyət nümayiş etdirərək sülh gündəliyi irəli sürmüşdür. Hazırda beynəlxalq səviyyədə danışıqlar sülhün əldə edilməsi üçün aparılır.  Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqlarda məqsədlərdən bir də Azərbaycanın Qarabağ bölgəsində yaşayan sadə ermənilərlə bağlı məsələdir. Dövlət başçımızın son günlər Almaniya Federativ Respublikasına işgüzar səfərində keçirdiyi görüşlərdə Ermənistanı Azərbaycanla sülh sazişi əldə etmək fürsətini əldən verməməyə çağırıb. Çünki sülh müqaviləsi yalnız Prezident cənab İlham Əliyevin Cənubi Qafqazda sabitliyə, kommunikasiyaya və gələcək inkişafa hesablanmış siyasi iradəsi ilə və Azərbaycanın irəli sürdüyü beynəlxalq normalara uyğun 5 şərtlə mümkündür”.

Əhəd Abıyev çıxışında Əmirvar kəndində görülən işlərdən də danışıb. Vurğulayıb ki, üç min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən 24,5 km-lik Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi başa çatdırılmış, 360 şagird yerlik Əmirvar kənd H.Qasımov adına tam orta məktəbi əsaslı təmir edilmiş, turizmə dair bir sıra layihələr icra olunmuş, ərazinin elektrik təsərrüfatı yaxşılaşdırılmışdır. 

Sonra sakinlərin müraciətləri dinlənilib. Çıxış edənlər kəndə təbii qaz xəttinin çəkilməsini, sakinlərin işlə təmin olunma probleminin həllinə köməklik göstərilməsini xahiş ediblər.

Əhəd Abıyev sakinlər tərəfindən qaldırılan məsələlərin icrası ilə əlaqədar aidiyyəti yerli qurumların rəhbərlərinə tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində həll edilib, bir qismi də aidiyyəti üzrə nazirliklərə çatdırılması üçün qeydiyyata götürülüb.

Qəbulda iştirak edən Əmirvar kənd sakinləri göstərilən diqqət və qayğıya görə  Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib və onları Novruz bayramı münasibəti ilə təbrik ediblər.

 

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər