DAŞKƏSƏNDƏ XOCALI SOYQIRIMININ 31-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI TOPLANTI KEÇİRİLİB
Fevralın 23-də Daşkəsən Rayon İcra Hakimiyyəti Rayon Mədəniyyət Mərkəzi ilə birgə ziyalıların, idarə işçilərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Xocalı faciəsinin 31-ci ildönümünə həsr edilmiş tədbir keçirib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin, Xocalı qurbanlarının əziz xatirəsi yad edilib.
Tədbirdə RİHBA-nın məsul işçisi Qəhrəman Hüseynov, Orxan Abbasov və digərləri ermənilərin törətdikləri vəhşiliklərdən söz açaraq bildiriblər ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, eləcə də soyqırıma obyektiv qiymət verilməsi istiqamətində Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu işdə hər bir Azərbaycan vətəndaşı fəal olmalı, öz üzərinə düşən vəzifəni dərk edərək layiqincə yerinə yetirməlidir.
Rayon Mədəniyyət Mərkəzinin direktoru Mətanət Abdullayeva məruzəsində vurğulayıb ki, 1988-ci ildən başlamış Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən, dəhşətli və qəddar faciələrdən biri Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamı və ən qanlı səhifəsidir. Onların məqsədi Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin xocalılar qəhrəmanlıq göstərmiş, erməni-sovet hərbi birləşmələrinə qarşı igidliklə vuruşmuş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar. Yalnız Ümummilli Lider Heydər Əliyevin sayəsində Xocalı faciəsi əsl siyasi-hüquqi qiymətini aldı. Soyqırım haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü. Məhz onun təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis hər il fevralın 26-nın “Xocalı soyqırımı günü” kimi yad olunması barədə qərar, 1995-ci ildə dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciət qəbul etdi.
Mətanət Abdullayeva onu da qeyd edib ki, Prezidentimiz cənab İlham Əliyev tərəfindən Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna işlər görülür.
Ölkəmizdə və dünya miqyasında bu istiqamətdə böyük işlərinin aparılmasının və geniş tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, artıq dünyanın bir sıra böyük dövlətləri Xocalı faciəsini soyqırım kimi tanımışdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan qələbə və Böyük Zəfər onu deməyə əsas verir ki, xocalıların və bütün şəhidlərin qanı yerdə qalmadı, onların qisası alındı və artıq Qarabağa dönüş başlanmışdır.
Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş “Bir millətin kədəri” adlı sənədli filmi nümayiş etdirilib.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini