Daşkəsəndə Vətən müharibəsi şəhidləri Şəhriyar Abdullayevin anım və Novruz İsmayılovun doğum günləri qeyd olunub
Oktyabrın 13-də Daşkəsən Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidləri gizir Abdullayev Şəhriyar Kamil oğlunun və gizir İsmayılov Novruz Nurəddin oğlunun xatirələri anılıb.
Anım mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, şəhid valideynləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.
Əvvəlcə şəhidlərin məzarları ziyarət olunaraq gül dəstələri düzülüb, dualar oxunub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov çıxış edərək şəhidlərin ailələrinə rayon ictimaiyyəti adından bir daha başsağlığı verib, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı Zəfərin tarixi əhəmiyyətindən danışıb, ölkə rəhbərinin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxladıqlarını vurğulayıb.
Digər çıxış edənlər Vətən müharibəsində Azərbaycan oğullarının, o cümlədən Şəhriyar Abdullayevin və Novruz İsmayılovun göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrindən söz açıblar.
Şəhidlərin ailə üzvləri onlara göstərilən qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulmasına görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.