Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ "HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA ORDU QURUCULUĞU" MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB VƏ VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇILARINA “MÜHARİBƏ VETERANI” VƏSİQƏLƏRİ TƏQDİM EDİLİB

06 iyun 2023 | 16:50

İyunun 6-da Daşkəsən Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin və Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rayon bölməsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu" mövzusunda tədbir keçirilib, “Müharibə veteranı” statusu almış Vətən müharibəsi iştirakçılara “Müharibə veteranı” vəsiqələrinin təqdimat mərasimi baş tutub.

Rayonun Heydər Əliyev Mərkəzində keçirilən toplantıda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Müdafiə Nazirliyinin məsul əməkdaşı polkovnik-leytenant Elbrus Mehdixanov, SHXÇDX-nin rayon bölməsinin rəisi Səbuhi Abdullayev, hərbçilər, veteranlar, qazilər, şəhid valideynləri, ağsaqqallar, ziyalılar, çağırış yaşlı gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 Əvvəlcə Dövlət Himni səsləndirilib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad olunub.

 Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev giriş nitqi ilə çıxış edərək deyib:

-  Müasir müstəqil Azərbaycanın qüdrətli və nizami orduya malik olması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir.  Ulu Öndərimizin siyasi kursu bu gün onun ən layiqli davamçısı möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir, ölkəmizin mövqeləri beynəlxalq aləmdə daha da möhkəmlənir. İndi Azərbaycan dünya miqyasında öz gücünə arxalanan, heç kimdən asılı olmayan tam müstəqil ölkədir.

Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun uzun illər Ermənistanın işğalı altında qalan ərazilərimizi böyük qəhrəmanlıq göstərərək azad etməsi və işğala həmişəlik son qoyması bunun bariz göstəricisidir.

Ötən dövrlər ərzində Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ordu quruculuğu sahəsində çox mühüm addımlar atılmışdır. Bunun nəticəsidir ki, bu gün Azərbaycan Ordusu regionda lider olmaqla, dünyanın ən güclü orduları sırasındadır. Bu orduda xidmət etməyin özü gənclərimiz üçün böyük şərəfdir.

İndi ordu ilə xalq arasındakı qarşılıqlı münasibət bütün ölkəmizdə olduğu kimi Daşkəsən rayonunda da tam sağlam təməllər üzərindədir. Gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə olunurlar, rayonumuzda və ölkədə gedən ictimai-siyasi hadisələrə sağlam münasibət bəsləyirlər, bir-birinin ardınca parlaq uğurlar qazanırlar.

Rayonumuzun gəncləri bütün dövrlərdə ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında yaxından iştirak ediblər. Bu gün də həmin ənənə yüksək səviyyədə davam etməkdədir.

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Daşkəsən rayonundan da yüzlərlə gənc döyüşlərdə iştirak edərək cəsarət və igidlik nümunələri göstəriblər, tarixi Zəfərin qazanılmasına öz töhfələrini veriblər. Daşkəsənli rəşadətli hərbi qulluqçularımız Vətən müharibəsində döyüş meydanlarında fədakarlıqları və şücaətləri ilə Azərbaycan gənclərinin yenilməzliyini, mübarizliyini, qorxmazlığını, Vətənə, dövlətə və Ali Baş Komandana sadiq olduqlarını lazım gəldikdə müqəddəs torpaqlarımız uğrunda şəhidlik zirvəsinə yüksəlməklə, sağlamlıqlarını itirməklə sübut ediblər. Mən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Şəhid ailələrinə səbir arzulayıram.

Ölkəmizin çoxşaxəli sosial siyasətində həssas qrupdan olan insanlara, o cümlədən şəhid ailələrinə və qazilərə hərtərəfli qayğı göstərilməsi xüsusi yer tutur. Dövlət rəhbərimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın tapşırığına əsasən 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə rayonumuzdan da olan şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi icra olunur, onların qayğıları və problemləri daim öyrənilir, yüksək səviyyədə həll edilir. Rayonumuzun şəhid ailələrinə, qazilərinə və müharibə iştirakçılarına hər zaman göstərdikləri diqqət və qayğıya görə biz daşkəsənlilər Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk.

Bu gün biz qalib Azərbaycan Ordusunun sıralarında Vətən müharibəsində iştirak edib ölkəmizin ərazi bütövlüyünü göz bəbəyi kimi qoruyaraq “Müharibə veteranı” statusu almış sizlərə “Müharibə veteranı” vəsiqələrini təqdim edəcəyik. Mən bu çox əlamətdar hadisə münasibətilə bütün Daşkəsən rayon ictimaiyyəti adından siz müharibə iştirakçılarını ürəkdən təbrik edirəm, hər birinizə yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıram.

Çıxışında Müdafiə Naziri general-polkovnik hörmətli Zakir Həsənovun salamlarını və təbriklərini  çatdıran Müdafiə Nazirliyinin məsul əməkdaşı Elbrus Mehdixanov tədbirin mühüm əhəmiyyətini qeyd etməklə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müharibə veteranlarına göstərdiyi hərtərəfli diqqət və qayğıdan söz açıb.

Digər çıxış edənlər də Vətən müharibəsi iştirakçısı olmuş igid daşkəsənlilərə təbriklərini çatdıraraq xoş arzularını bildiriblər. 

Tədbirin sonunda 400 nəfərdən çox müharibə iştirakçısına alqış sədaları altında “Müharibə veteranı” vəsiqələri təqdim edilib.

 

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər