DAŞKƏSƏNDƏ “UŞAQLARA QAYĞI GÖSTƏRİLMƏSİNDƏ GENDER ASPEKTİ” MÖVZUSUNDA GÖRÜŞ KEÇİRİLİB
Aprelin 14-də Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə erkən uşaqlıq dövründə uşaqlara qayğı göstərilməsində gender aspektinin təbliği mövzusunda keçirilən maarifləndirici görüşdə valideyn qismində atalar iştirak ediblər.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi anılıb.
Giriş nitqi ilə çıxış edən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev RİH-nin başçısı Əhəd Abıyevin adından tədbir iştirakçılarını salamlayaraq maarifləndirici görüşün əhəmiyyətini qeyd edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Nərgiz Sədrəddinbəyli, Ailə problemləri sektorunun baş məsləhətçisi (psixoloqu) Rövşən Nəcəfov, “Hüquqi-Sosial Yardım və Maarifləndirmə” İctimai Birliyinin sədri Fariz Əkbərov və Daşkəsən RİHBA-nın Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi İlahə Xıdırova uşaqların bioloji və psixi sağlamlığı, erkən yaşlardan intellektual, fiziki və əqli inkişafı, emosional dözümlülüyü, sosial rifahı, şəxsiyyət kimi formalaşması, xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud uşaqlara göstərilən xidmətlər, uşaqlarla bağlı qanunvericilik bazasının davamlı təkmilləşdirilməsi, məişət zorakılığı və s. mövzularda təqdimatlarla çıxışlar ediblər.
Daha sonra fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini